Qeysər kəsiyi "asan çıxış yolu deyil"

Raye Lee Fotonun müəllifi Raye Lee/Facebook
Image caption Raye Lee deyir ki, Qeysər kəsiyi ömründə hiss etdiyi "ən pis ağrı" idi

Qeysər kəsiyilə doğuşun "təbii" və ya vaginal doğuşdan asan olması illərdir ki, debat mövzusudur.

1999-cu ildə Victoria Beckham ilk uşağını Qeysər kəsiyilə dünyana gətirməyi seçəndən sonra sərt tənqidlə üzləşmişdi - bəziləri onu "təbii doğuş üçün həddən artıq varlı" olmaqda ittiham edirdilər. Beckhamın növbəti 3 uşağı da bu metodla doğulmuşdu.

Ötən il The Saturdays qrupunun müğənnisi Frankie Bridge də uşağını Qeysər kəsiyilə doğmasını dilə gətirəndən sonra tənqidlə qarşılaşmışdı. "Məni çox qəzəbləndirir ki, hamının bununla bağlı mövqeyi var", o deyib. "Analara bundan başqa o qədər təzyiq var ki - və bu [proses] onsuz da qorxuludur! Qoyun hamı öz işilə məşğul olsun".

Bu günlərdə isə amerikalı qadın Facebook-da aşağıdakı fotonu paylaşaraq Qeysər kəsiyinin "asan yol" olması və "həqiqi doğuş" sayılmaması barədə fikirlərə qarşı çıxandan sonra məsələ yenə müzakirə obyektinə çevrilib.

Tibbi səbəblərə görə Raye Lee fövqəladə Qeysər kəsiyilə doğmalı olub. Avqustun 19-da paylaşdığı fotolarda o, əməliyyat nəticəsində bədənində qalan izləri göstərib. Onun yazdığı sərt sözlər görünür ki, çoxunun ürəyindən tikan çıxardı - fotonu on minlərlə istifadəçi paylaşıb.

Fotonun müəllifi Raye Lee/Facebook
Image caption Raye Lee Qeysər kəsiyinin "asan variant" hesab olunmasına qarşı çıxmaq üçün bu fotonu paylaşıb

Lee-nin sözlərində: "Bəli, bəli... Mənim fövqəladə Qeysər kəsiyim sadəcə rahatlıq üçün idi. 38 saatlıq doğuşdan sonra doğuşun çətinləşməsinə görə, hər bir sancıya görə uşağımın ÜRƏYİNİN sözün əsl mənasında DAYANMASI yaman rahat idi... Hə, həm də bu əməliyyatdan sağalmaq yaman asandır".

O əlavə edib ki, Qeysər kəsiyilə uşaq doğmaq ömründə keçirdiyi "ən pis ağrı" olub.

Həmçinin bax:

Postunun qalan hissəsində Raye Lee prosesi bütün ağrılı detallarında təsvir edib: bağıran körpənin cəmi 12 santimetrlik kəsikdən dartılması, bütün bunlar davam edərkən daxili orqanlarının ayrıca masanın üstündə olması... Lakin o deyir ki, uşağını əlinə alanda bunların hamısı ona əhəmiyyətsiz görünüb.

Onun postuna 30 000-dən çox adam münasibət göstərib, yüzlərlə adam müsbət rəy bildirib. Bəzi qadınlar həmrəylik göstərmək üçün hətta öz bədənlərindəki doğuş izlərini paylaşıb.

Fotonun müəllifi SPL
Image caption Azərbaycandan son rəqəmlər göstərir ki, doğuşların 5,2 faizi Qeysər kəsiyilə həyata keçirilir

ABŞ Amerika Tibbi Assosiasiyasının tədqiqat nəticələrinə görə, 194 ölkə arasında qadınların təxminən 19 faizi dünyaya uşağı Qeysər kəsiyi vasitəsilə gətirir.

Azərbaycanda 2006-ci ilə aid son rəqəmlərə əsasən ölkədə qadınların 5,2 faizi Qeysər kəsiyilə uşaq doğur, bu isə sorğudan əvvəlki 5 illə müqayisədə 0,5 faiz artım təşkil edir.

İngiltərədə 620 000 doğuşu tədqiq edən, 2008-ci ilə aid sorğuya əsasən qadınların ağrıdan yayınmaq üçün Qeysər kəsiyilə uşaq doğmasının "ehtimalı azdır".

2015-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı deyib ki, Qeysər kəsiyi yalnız buna zəruri tibbi ehtiyacı olan qadınlar üzərində keçirilməlidir, çünki bu əməliyyat həm uşaqların, həm də anaların həyatını riskə alır.

Bloqu BBC Trending üçün Megha Mohan yazıb.

Əlaqəli mövzular