Küçədə yatan qırğız oğlan yoxsulluq barədə müzakirələrə səbəb olub

İshaq Usenova Fotonun müəllifi Лайли Камаловна

Bu qırğızıstanlı oğlanın küçədə yatdığı yerdə çəkilmiş fotosu yayılandan sonra sosial mediada fırtına yaranıb. Bir çox adam bunu ölkədəki yoxsulluqla əlaqələndirib.

Oğlanın 3 yaşı var və o, Qırğızıstanın cənubundakı Oş regionunda yaşayır.

Foto Facebook-da bu şərhlə paylaşılıb: "Yaxşı olardı ki, bu günahsız uşaq bağçada yaxud da evdə yatsın, bazarda yox".

Digərləri də buna bənzər fikirlərini bölüşmək üçün şərh yazıb, uşağın anasını küçədə yatmağa qoyduğu üçün onu tənqid ediblər.

Amma çoxları diqqəti, hökumətə də yönəldib və hakimiyyəti tənqid edib.

"Dövlət çaqqalları. Görmürsünüz, adamlar necə yaşayır", biri yazıb.

Çoxları ölkənin prezidentini tənqid atəşinə tutmaq üçün bu fürsətdən istifadə edib: "Buna görə [Almazbek] Atambayev məsuliyyət daşıyır", bir istifadəçi yazıb.

Fotonun ətrafındakı şəraiti öyrənmək üçün BBC Trending oğlanın anası Zülfiyyə Usenova ilə söhbət edib.

"Mən işləyəndə oğlum yuxuya getdi. Çarəsiz idim - təhlükəsiz bir yerdə onu yerə uzandırdım ki, mən işləyim. Altına karton da qoydum, o cəmi 10-15 dəqiqə yatdı", o deyir.

Zülfiyyə deyir ki, ailəsini dolandırmaq üçün onun həyat yoldaşı Rusiyaya köçüb, amma ailə olaraq onlar hələ də maddi çətinliklər çəkir.

Zülfiyyə tək deyil. BBC-nin Qırğız Xidmətinin bildirdiyinə görə, bir çox ailələr Rusiyada işləyən qohumlardan asılı qalır, amma Rusiya iqtisadiyyatındakı tənəzzülə görə Qırğızıstana gələn pul da azalır.

Rusiyada təxminən 1,5 milyon qırğız miqrant var, bu isə Qırğızıstan əhalisinin təqribən beşdə birinə bərabərdir.

İndi isə bəzi sosial media istifadəçiləri tələb edirlər ki, prezidentin özü ailəyə kömək etsin.

Yerli medianın xəbər verdiyinə görə hökumət rəsmiləri bir sıra vədlər edib, amma görünür ki, onların hamısı yerinə yetirilməyib.

"Bir nazir evimə gəldi və bizə yeməklə dolu qutular, uşaqlarım üçün yorğanlar və paltarlar, ayaqqabılar, plaşlar gətirdi. Buna görə ona çox minnətdaram. Bundan başqa mənə yardım edilməyib. Mediada oxumuşam ki, prezidentin özü əmr verib ki mənə daimi yaşayış yeri verilsin, amma heç nə almamışam, heç nə eşitməmişəm", Zülfiyyə deyir.

İndi onun ailəsinə yardım edilsə də o, fotoya görə çox utandığını deyir.

"Mən utanıram. Yoxsul olsam da uşaqlarıma baxıram. Mən tənbəl deyiləm", o deyir.

Əlaqəli mövzular

Bu barədə daha geniş