Nato deyir ki, Sputnik "Kremlin səhv informasiya aparatının" bir parçasıdır

Sputnik logo

İnternetdə partlayan xəbərlər baxımından hələ "cücə" sayılsa da bu sayt o qədər mübahisə doğurub ki, BBC Trending-ə danışan NATO sözçüsü deyib ki, Sputnik Rusiyanın "yanlış məlumat" sisteminin bir parçasıdır.

Sputnik 2014-cü ildə təsis olunub və minlərlə Facebook və Twitter istifadəçisinin paylaşdığı radio proqramları, podkastlar və yazılar hazırlayır.

Bu yaxınlarda hətta beynəlxalq ofislər də açılıb - onlardan biri Şotlandiyadadır.

Eyni zamanda Sputniki tənqid edənlər də var - ABŞ kəşfiyyat agentlikləri, Britaniyanın müdafiə naziri, indi isə NATO.

"Sputnik kimi kanallar Kremlin təşviqat aparatının parçasıdırlar və informasiyadan siyasi və hərbi tələbatları üçün istifadə edirlər", NATO sözçüsü Oana Lungescu BBC Trending-ə deyib. "Bu, adamları inandırmaq üçün deyil, onları çaşdırmaq üçün bir yoldur. Alternativ nəzər nöqtəsini paylaşmaq üçün deyil, ictimai fikri bölmək [üçündür]. Nəticə olaraq nəyin baş verdiyini anlamaq çətinləşir və qərar verilməlidirsə, qərar vermək də çətinləşir".

Sputnik bu iddiaları kəskin şəkildə inkar edir.

"Bu son dərəcədə ədalətsizdir, amma biz keçmişdə də belə iddialarla üzləşmişik, ortada isə əməlli-başlı dəlil olmur", Sputnik-in Birləşmiş Krallıqdakı redaktoru Nikolay Qorşkov deyir. "Biz belə konspirativ düşüncə tərzinə malik olanlara fikir vermirik".

Image caption Sputnik-in Şotlandiyadakı ofisi

Bəs Sputnik haqqında həqiqət nədir?

Şüarı "Deyilməyənləri Demək" olan Sputnikdə yazıların çoxu xəbər yazılarıdır. Digər beynəlxalq yayım şirkətləri kimi o da özünü, dünyada mediaya müxtəliflik gətirən bir bəxşiş kimi görür. Sputnik-i Rusiya hakimiyyəti maliyyələşdirir.

Amma Qərb rəsmiləri və kənar müşahidəçilər deyirlər ki, məlumatlarının seçimində, onları necə formalaşdırdığında və şərhlərində Sputnik anti-Qərb, Rusiyapərəst və Trumppərəstdir.

Məsələn cümə günü axşam saatlarında Sputnik-in baş yazısının başlığı belə idi: İllərdir davam edən Obamapərəstlikdən sonra amerikanlar medianın Trump haqqında tənqidlərinə "inanmırlar".

Balans sualı

Bu yaxınlarda Rusiyanın ABŞ seçkilərinə iddia olunan müdaxiləsi barədə ABŞ kəşfiyyatının hesabatında Sputnik və Rusiya hökumətinin maliyyələşdirdiyi digər kanal olan RT haqqında deyilir: "RT və Sputnik növbəti Prezident Trump haqqında təkrarən deyirlər ki, o, onların fikrincə korrupsiyaya varmış siyasi esteblişmentə xidmət edən ənənəvi ABŞ media kanallarında ədalətsiz şəkildə səciyyələndirilir".

"Burada balans sualı çox önəmlidir - xüsusilə də ictimai yayım şirkətisənsə", beynəlxalq əlaqələr üzrə Vaşinqtonda yerləşən Atlantic Council araşdırma mərkəzindən Ben Nimmo deyir. "Əksər vaxtlarda Sputnikin əsas problemi balansdır. Bir tərəfdən sitat gətirir, o biri tərəfə isə yazılarında, radio və ya tele-yayımında kifayət qədər yer vermir və böyük fərq məhz buradadır".

Nimmo və digərləri deyirlər ki, Sputnik-in Birləşmiş Krallıqdakı ofislərinin Londonda deyil, Şotlandiyanın Edinburq şəhərində olmasının məqsədi - Şotlandiyanın Birləşmiş Krallıqdan ayrılmasını və Britaniya hökumətinə qarşı narazılıq hisslərini oyatmaqdır.

Sputnikə əsasən bu sadəcə həqiqəti əks etdirmir. Qorşkov deyir ki, Şotlandiyada mənzilləşməyin səbəbi daha praqmatikdir - Londonda ofis açmaq qat-qat bahadır, o isə pulunun böyük hissəsini ofisə deyil, jurnalistlərə həsr etmək istəyir.

"Biz Şotlandiyada fikirlərə təsir etməyə çalışmırıq, çünki Edinburqda yaşayanda başa düşürsən ki, şotlandlar nə dərəcədə müstəqil fikirlidirlər", o deyir. "Şotlanda təsir etmək mümkün deyil".

Xəbərlərin necə işıqlandırılmasından başqa Sputnik-in bloq yazıları da tənqid olunub.

"Sputnik yaxud da RT üçün icmal yazanlara baxanda görürsən ki, əksər hallarda onlar çox az adamın tanıdığı ifrat sağçı və ya ifrat solçulardır, yaxud da heç kəsin tanımadığı dırnaqarası ekspertlərdir", NATO sözçüsü Langescu deyir. "Hansısa fikirdə olan adamı tapmaq asandır - amma bu, jurnalistika deyil axı".

Saytda tez-tez yazıları çap olunan blogerlərdən biri olan Angus Gallagher Rusiyapərəst, Trumppərəst, anti-Qərb yazılarına görə tanınır. Onun yazılarının başlıqlarından seçmələr:

Fotonun müəllifi Sputnik

"Heç kəs dəqiq bilmir bu şəxs kimdir, yaxud da ümumiyyətlə belə bir adam mövcuddurmu", Glasgow Universitetinin Mərkəzi və Şərqi Avropa üzrə professoru Ammon Cheskin deyir.

Amma Sputnik redaktoru Qorşkov deyir ki, Gallagher kimi blogerlər işçi heyətində deyillər, sadəcə Sputnik saytında yazılarının getməsini istəyən könüllülərdir.

O deyir ki, Gallagher ilə heç vaxt görüşməyib və saytın bloq yazılarına nəzarət etmir. Eyni zamanda əmindir ki, Gallagher real adamdır.

"O, oxucularımızın çoxunun fikirlərini əks etdirir", Qorşkov deyir. BBC Trending Gallagher-ə Facebook vasitəsilə mesajlar göndərsə də onlar cavabsız qalıb.

Londondakı Rusiya səfirliyi Kremlin yanlış məlumat aparatının olması barədə iddiaları rədd edib.

"Biz məsələyə belə baxırıq ki, "Qərbi sabitsizləşdirmək üçün Rusiyanın yanlış informasiya kampaniyası" barədə iddialar, Britaniya və Amerika cəmiyyətlərində qaldırılan məsələləri açıq və əsaslandırılmış şəkildə müzakirə etməkdən yayınmaq üçün bir yoldur", səfirliyin mətbuat şöbəsinin e-mailında deyilir.

Qorşkov deyir ki, Sputnik haqqında tənqidi fikirlər hökumətlər və araşdırma mərkəzlərindən əmələ gəlib.

"Xəbərlərə daha çox kontekst, əlavə məlumat, əlavə baxışlar verən yeni KİV-in əmələ gəlməsini bəyənmirlər. Yəqin düşünürlər ki, onların dünya görünüşünə mane olur", o deyir.

O ümid edir ki, Qərbdə adi mediadan narazı qalanlar Sputnik-ə üz tutacaq.

"Onların hamısımı Brexit və ya Trump-a səs verən Rusiya marionetləridir? Hamısımı faydalı axmaqlardır? Bu həqiqətən də absurddur", o deyir. "Məncə bu o milyonlarla adama təhqirdir".

Əlaqəli mövzular

Bu barədə daha geniş