YouTube-da narahat edici cizgi filmləri

Youtube film Fotonun müəllifi YouTube

YouTube saytında məşhur cizgi film qəhrəmanlarının istifadə olunduğu minlərcə filmdə uşaqları narahat edən və uyğunsuz məzmunlu süjetlər yayımlanır.

Peppa Pig adlı cizgi filminin bölümlərindən birinə bənzəyən bir videonu kliklədiyinizdə əlində böyük bir iynəylə diş həkiminin Peppa-nın dişlərini çəkdiyini görə bilərsiniz.

Filmdə ağrılar içində birinin ağladığını da eşidəcəksiniz. Jurnalist Laura June 3 yaşındakı qızının bu videonu izlədiyini göruncə, bəzi şeylərin səhv olduğunu anlayıb.

"Peppa sadist bir diş həkiminə gəlib və ağlayırdı. Bu filmi 3 yaşındakı bir uşaq izləməməlidir", June deyir.

June bununla rastlaşan ilk valideyn deyil. BBC Trending məzmunu uşaqlara uyğun olmayan amma tanış film qəhrəmanlarının istifadə olunduğu yüzlərcə video aşkar edib.

Fotonun müəllifi SMILEKIDSTV/YOUTUBE

Bu videolarda Disney-in Frozen, Minions, Doc McStuffins, Thomas və dostları kimi bir çox cizgi filmi qəhrəmanları canlandırılıb.

Videoların bəziləri cizgi filmlərinin parodiyasıdır və yuxarı yaşlı izləyicilər üçün nəzərdə tutulub. Bəziləri isə real cizgi film qəhrəmanlarının başqa cizgi filmlərdə, ancaq uşaqlar üçün təhlükəsi olmayacaq dərəcədə istifadə edildiyi videolardır.

Amma June-un qızının seyr etdiyi bir çox videolarda narahat edici mövzular var. Yüzlərlə belə video YouTube saytında milyonlarla insan tərəfindən izlənir.

"Oyuncaqlar və Şən Uşaqlar Sürpriz Yumurta" adlı bir kanal 5 milyard izləyicisi ilə YouTube-da ən çox seyr edilən hesablardan biridir.

Kanalın giriş ekranında sevimli bir uşaqla Peppa Pig, Thomas ve dostları, Cookie Monster, Mickey və Minnie və ya Frozen filminden Elsa görüntülənir.

Amma kanalın "Lüt Hulk şalvarını itirdi", "Qanlı Elsa", "Hörümçək adam Elsanın qolunu qırdı" kimi video başlıqları var. Videolarda cizgi filmlərlə şiddət və ayaqyolu zarafatları işlənir.

Fotonun müəllifi CANDYFAMILY/YOUTUBE

YouTube hesabına göndərdiyimiz müsahibə tələblərimizə cavab verilməyib. Buna bənzər videoları hazırlayanlarla da əlaqə qurmağa çalışsaq da, amma yenə də cavab almadıq. BBC Trending-in Disney və EntOne kimi cizgi filmləri şirkətləri ilə əlaqə saxlaması da uğursuzluqla nəticələnib.

Valideynlər uşaqlarının YouTube-da cizgi filmləri seyr etməsinə daha da ciddi nəzarət etməlidirlərmi?

London İqtisadiyyat Məktəbində (LSE) internet üzərindən uşaq təhlükəsizliyi məsələləri üzrə mütəxəssis, sosial-psixologiya üzrə professor Sonia Livingstone bir valideynin YouTube-a inanmasının qanuni olduğunu söyləyib.

"Məncə bir çox valideyn YouTube-a inanır, 10 dəqiqə telefonla danışmaqdan ötrü uşağın başını qatmaq üçün YouTube-dan istifadə edir. Əgər YouTube etimad ediləcək bir marka olmaq istəyirsə, o zaman təhlükəsizlik tədbirləri görülməlidir.

Bütün dünyanın bunu izləməsini istəmərik. İstifadə olunan materialların çoxu yumor, yaradıcı və narahat edici olsa da, ifadə sərbəstliyi daxilindədir. Bizə lazım olan isə uşaqların təhlükəsizliyidir",-deyə Livingstone söyləyib.

Fotonun müəllifi CANDYFAMILY/YOUTUBE

"Edilən şikayətlərə ciddi yanaşırıq. Problemli mövzulara diqqətimizi yönəldən insanlara qiymət veririk və videonu şikayət etməyi asanlaşdırırıq.

Şikayət edilən videolar araşdırıldıqdan sonra əgər uyğun deyilsə, bir neçə saat ərzində aradan qaldırılır. Daha çox məhdudiyyət istəyən valideynlərə isə axtarış tətbiqini bağlamalarını tövsiyyə edirik", Mövzu ilə bağlı YouTube BBC-ə bu açıqlamanı verib.

Bundan başqa YouTube valideynləri YouTube Kids (YouTube Uşaqlar) tətbiqindən və "məhdud rejimdən" istifadə etməyi təklif edib.

BBC Trending-in araşdırmalarından sonra Peppa Pig-in diş həkiminə getdiyi video da daxil olmaqla bəzi narahatedici videolar saytdan götürülüb.

Əlaqəli mövzular

Bu barədə daha geniş