Özbəkistanda çox da populyar olmayan müğənni Robbie Williams-ın konserti niyə keçirilir?

Robbie Williams

Biri məşhur müğənni Robbie Williams, biri isə Rusiyanın ən varlı biznesmeni və Arsenal futbol klubunun səhmdarı Əlişir Usmanov.

Onlar birgə Özbəkistanın paytaxtı Daşkentdə "Sizi əyləndirməyimə icazə verməyin" adlı konsert keçirib.

Arsenal futbol klubunda 29 faizlik paya malik olan özbək əsilli oliqarx Usmanov, Williams-ı ölkəyə gətirən adamdır.

Lakin konsertin biletləri ucuz olmayıb. 312- 375 manat olan biletlərin qiyməti Özbəkistanda orta aylıq əmək haqqından çoxdur.

Image caption Konsert biletlərinin qiyməti özbəklərin aylıq maaşından çoxdur

Bu səbəbdən konsertin keçirilməsinə olan şərhlər də qarışıqdır. Bəziləri soruşur ki, yaşayış minimumu ilə mübarizə aparanların ölkəsində çox da populyar olmayan bu müğənninin konserti niyə keçirilir?

"Bu, maqnatın Özbəkistan xalqına Yeni İl hədiyyəsi olacaq," özəl Podrobno.Uz xəbər saytı bildirib.

Hərçənd ki, burada çap edilmiş başqa bir yazıda deyilir ki, özbəklər biletə verilən pula aşağıdakıları ala bilərlər:

"377 kq kartof, 1360 çörək, 38 kiloqram ət, 314 kiloqram un".

Facebookda konsertin xəbəri yüzlərcə dəfə şərh edilib. Bir Facebook istifadəçi yazıb: "Bu necə hədiyyədir? Hədiyyələr pulsuz və ürəkdən olur, biznes, pul və ya hörmət üçün yox".

"Qərbin musiqi mədəniyyətini, xüsusilə də Britaniyanın pop musiqisini öyrənməyin vaxtıdır," bir Facebook istifadəçi qeyd edib.

"O, onkoloji xəstəliklərdən əziyyət çəkən uşaqlara kömək etsəydi, bu daha yaxşı "hədiyyə" olardı", başqa biri yazıb.

Ölkənin regionlarında enerji və ərzaq çatışmazlığı barədə yazan bir nəfər isə bildirib: "O, bunun əvəzinə regionları kartof, qaz və elektrik enerjisi ilə təmin edə bilərdi".

Bir çox özbək hesab edir ki, Özbəkistanın iqtisadiyyatı mərhum lider İslam Kərimovun təcridçilik siyasətinə görə əziyyət çəkir.

Təbii ehtiyatların ixracından asılı qalan ölkədə əlverişsiz biznes mühiti və sənayenin inkişafı çatışmazlığı yaşanır.

Yeni prezident Şavkat Mirziyoyev ölkəni xarici sərmayədarlara açmaq istəyir və Usmanov onlardan biridir.

Əlaqəli mövzular

Bu barədə daha geniş