İranlılar saxta "İslam Dövləti" zarafatından qəzəbləniblər

Tweeted picture of a man on a horse with a sword Fotonun müəllifi Twitter/IranFrontPage

Tehranın mərkəzi ticarət mərkəzində özünü İslam Dövləti (İD) qruplaşmasının döyüşçüləri kimi geyinmiş bir qrup kişinin zarafatı kəskin tənqidlərlə qarşılanıb.

Onlar saxta silah və qılınc gəzdirib, qara geyinib, uzun saqqal taxıb və bəziləri hətta atla gəziblər.

Bazar ertəsi İD qrupunun saxta batalyonu ticarət mərkəzinə daxil olaraq "Allahu Əkbər" deyə qışqırıblar.

Hadisədən çəkilmiş videoda müştərilərin maraq və qorxu ilə hadisəni izlədikləri görünür.

Bu səhnələşdirilmiş hadisə təbliğat filminin reklamı üçün həyata keçirilib və sosial mediada böyük tənqidlərə tuş gəlib.

"Dəməşq vaxtı" filmi İran hərbiyyəsinin İraq və Suriyadakı əməliyyatlarını təbliğ edir. Filmdə iranlı pilot humanitar yardım çatdırmağa çalışarkən Suriyada İD qruplaşması tərəfindən ələ keçirilir.

Baxmayaraq ki, Twitter İranda qadağan olunub, xaricdə yaşayan iranlılar və qadağalara baxmayaraq virtual şəxsi şəbəkələrdən istifadə edərək qadağadan yayınan iranlılar farsca "Dəməşq vaxtı" həştəqini yaradıblar.

Cəld reaksiya

Əvvəllər həbs edilmiş bir islahatçı jurnalist aktyorların polis tərəfindən niyə saxlanılmadığını soruşur: "Əgər Kourosh Mall-da dörd tələbə toplaşmış olsaydı polis dərhal onları ictimai asayişi pozduqlarına görə həbs edərdi!", Saba Azarpeik yazır.

Digər Twitter istifadəçisi isə hadisəni "Daeş tərzində film istehsalı" adlandırıb. "Daeş" özünü İD adlandıran qrupun ərəbcə adıdır.

Aktrisa Anahita Hemmati özünün kinayəli postunda belə yazır: "Yalnız o ölkədə ki, ata uşağına xəncər və kəndir hədiyyə edir... qadın və qızlar hicab qaydasına əməl etmək üçün döyülür, qadın və uşaqlar əhəmiyyətsiz sayılır və ətraf mühit məhv edilir, orada qorxu yaratmaqla filmi tanıdırlar".

Lakin bir neçə hökumətyönlü şəxslər də müzakirələrə qoşulub. Biri yazıb ki, bu zarafatdan qorxan şəxslər gərək xaricdə döyüşən iranlılara "minnətdar" olsunlar.

Rejissor üzr istəyib

Tənqidlərdən sonra filmin rejissoru Ebrahim Hatamika bəyanatla çıxış edərək bildirib ki, onun bu zarafatdan xəbəri olmayıb. O, hadisəyə görə narahat olmuş hər kəsdən üzr istəyib.

"Mən elə bilirdim ki, qırmızı saqqallı şəxs ticarət mərkəzinin kənarında insanlarla selfi çəkdirəcək", o bəyanatında deyib. "Ticarət mərkəzində atların, qışqırığın və izdihamın olacağını bilmirdim.

"Sözsüz ki, bu hadisə filmimi gözdən salıb", o deyib.

Tehran polis rəisi briqada generalı Hüseyn Rəhimi bildirib: "Kourosk ticarət mərkəzində baş verənlər qanuna ziddir və polislə məsləhətləşdirilmədən həyata keçirilib".

BBC Monitorinqin xəbəri

Bu barədə daha geniş