Ev almaq üçün hər əzaba qatlananlar

həbsxana

Çoxları bunu ekstremal addım adlandırardı, lakin 33 yaşlı Christopher Gerhart yaşayış yeri kimi özünə yaxınlıqdakı həbsxananı seçmişdi.

"O vaxtlar orada, həbsxananın ərazisində Subay Zabitlərin Qışlağı var idi, - deyir indi 50 yaşı olan və artıq ABŞ-ın Arkanzas ştatında yaşayan Gerhart, - Bu yataqxana tipli binada şərikli otağı ayına 25 dollardan kirayələmək olardı".

Fotonun müəllifi Christopher Gerhart
Image caption Christopher Gerhart həbsxanada yaşayıb qənaət etməklə kommunal mənzili 5 il müddətində özününkü edə bilmişdi

Həbsxanada yaşayaraq qənaət etdiyi pullarla, o cəmi beş ilin içində kommunal mənzil ala bilib.

"Orada ümumi zalda vanna otağı, idman trenajoru, televizor və soba vardı. Əslində dörd divar da demək olardı, amma mənim yaşama xərclərimi ayda 25 dollara endirmişdi".

18 aydan sonra Gerhart nəzərəçarpacaq depozit yığa bilmişdi. O hələ özünə ev alıb təmir elətdirdiyi 6 ayda da həbsxanada qalırdı. Bütün bu qənaətcilliklə o kommunal mənzili 5 il müddətində özününkü edə bilmişdi.

Ev qiymətlərinin yüksəlişdə olduğu bir vaxtda, həm də yaxşı bir yerdə ev almaq asan deyil.

Appartment List saytının yazdığını görə ABŞ-da 35 yaşından cavan olanların 77 faizi pul çatışmazlığına görə ev ala bilmir.

Britaniyada da ev almaq üçün pula qənaət etmə müddəti təxminən 5 il yarımdır.

İlk dəfə ev alanlar hardasa 33 min funt sterlinq depozit ödəməli olurlar. Bu, 2015-ci ildə olduğundan 13 faiz çoxdur.

Virginia-dakı DCRealEstateGuru.com daşınmaz mülkiyyət saytının agenti Charles Muotoh deyir ki, adamlar ev almağın yaxşı investisiya olduğunu anlayırlar, sadəcə olaraq buna pulları çatmır.

Buna görə də problemin öhdəsindən gəlib ev almaq istəyənlər yaxşı fantaziyaya malik olmalıdırlar.

Əlavə qazanc yeri

Danielle Haymes və onun əri işləyirlər. Lakin əlavə pul qazanmaq üçün DogVacay.com saytı vasitəsilə itəbaxanlıq etməyə başlayıblar.

Fotonun müəllifi Danielle Haymes
Image caption Danielle və Joe Haymes onun-bunun itlərini gəzdirməklə əlavə pul qazanırdılar

"Biz başqalarının itlərinə baxmağa başladıq. Asan qazanc vasitəsidir, - deyir hazırda, ABŞ-da, Texasda yaşayan Haymes, - Həm də biz itləri sevirdik və bu iş döşümüzə yatırdı".

Amma bu işin də öz əngəlləri vardı. Məsələn onlar özləri məzuniyyətə gedəndə it sahibləri ilə razılaşmalı idilər ki, "cədvəllər toqquşmasın".

"Həm də itlərə yaxşı baxmalıydın ki, bir problem çıxmasın" - deyir qadın.

Amma bu "it əzabı" onlara ikicə ildə 25 min dollar qazandırdı və onlar 5 yataq otağı olan ev üçün depozit yığa bildilər.

Fotonun müəllifi Getty Images
Image caption Siz əlavə qazanc üçün özgələrinin itlərinə baxa bilərdinizmi?

Ev almaq üçün əlavə gəlir mənbəyi ən yaxşı yoldur, çünki belədə boğazından kəsməli olmursan.

Californiadakı SD Equity Partners daşınmaz əmlak maliyyə şirkətinin həmqurucusu Evan Harris deyir ki, onun bəzi müştəriləri şənbə günləri qaraj satışlarında ova çıxırlar. Onlar qaraj alıb satmaqla ayda min dollaradək əlavə qazanc əldə edirlər.

Əlavə pul qazanmağın bir yolu da ofisiantlıq etmək və yaxud da Airbnb şirkətinin qısamüddətli qonaqlarına ev sahibliyi etməkdir. Şirkət həm kirayənişinlərdən, həm də ev sahiblərindən öz faizini götürür.

Muotoh deyir ki, onun bəzi müştəriləri hətta Uber şirkəti üçün taksiçilik edirlər. Bu adamlar 7 ayın içində 17 min dollar əldə edərək kommunal mənzil ala bilirlər.

Fotonun müəllifi Getty Images
Image caption Uber taksiləri sürməklə bir ər-arvad 7 ayda 17 min dollar qənaət edə bilmişdi.

Strateji yaşamaq

2009-cu ildə Georgina Kenyon və onun həyat yoldaşı ev kirayələməkdən cana doymuşdu, lakin onların Londonda ev ala biləcək qədər pulları yoxdu.

O vaxtlar hökumət qulluqçusu ola Kenyon-un indi 44 yaşı var və o deyir ki, Britaniyada orta maaş sadəcə olaraq ev almaq imkanı vermir. (O hazırda Avstraliyada yaşaylr və müstəqil jurnalistdir. Yeri gəmişkən BBC Capital üçün də məqalələr yazıb).

O vaxt onlar qərara gəldilər ki, ev üçün depozit yığa bilsinlər deyə pansionata köçsünlər. Orada kirayə haqqı Londonda orta kirayənin yarısı qədərdi.

"Orada iki mərtəbənin sakinləri üçün bir vanna otağı vardı və evimiz demək olar həmişə soyuq olurdu" - deyir qadın.

Canları nəm çəkirdi, amma bu üsul işə yaramışdı. Kifayət qədər depozit yığıb Londonda kiçik bir mənzil ala bilmişdilər.

Fotonun müəllifi Getty Images
Image caption London evlərin çox baha olduğu şəhərlərdən biridir və adamlar burada ev sahib olmaq üçün ən ekstremal yollara əl atırlar

Brian Davis üçün bu ödəniş məşəqqətinin içindən çıxmağın yeganə yolu 2008-ci ildə ev almaq sövdasından əl çəkmək oldu. Onun o vaxtlardakı sevgilisi səyyar tibb bacısı idi və Davis-in isə işi kompüterlə olduğundan onunla birlikdə bir yerdən başqa yerə səfər edə bilirdi.

"Bizə yaşamaq üçün içi mebelli mənzillər verirdilər, ona görə də kirayə və ya ev əşyaları üçün bir pens də ödəmirdik, - deyir SparkRental.com mənzil alqı-satqı saytının blogeri 35 yaşlı Davis.

İndi Abu Dabidə yaşayan Davisin səyyar tibb bacısı ilə iki il müddətində birgə yaşaması ona 10 min funtluq kredit kartının borcunu ödəmək imkanı verib. Üstəlik də ev almaq üçün 15 min funt sterlinq yığıb.

Bu yaxşı strategiyadır, amma müəyyən müddətdə narahatlıq yaradır.

"Belə hallarda adamlar yaradıcı olmağa başlayırlar və bəzi qurbanlar verməli olurlar" - deyir ABŞ-ın Colorado ştatındakı Atlas daşınmaz əmlak qrupunun həmtəsisçisi Jason Shepherd.

Harris deyir ki, bir il müddətində pul yığımaq üçün şəhərin daha xatakar məhəlləsinə köçüb yaşamaq, daha az kirayə haqqı ödəmək olar, amma belə həyatın da öz riskləri var.

"Onlar ev kirayəsində ayda filan qədər qabağa düşə bilərlər, amma bir də gördün maşınların vurub sınıdırıblar" - deyir Harris.

Harris deyir ki, pula qənaət etmək üçün riskli variant seçəndə diqqətli olmaq lazımdır.

Bir başqaları isə dostları ilə birləşərək ev alırlar. Məsələn Emily McNicholas ötən il dostu ilə birlikdə Londonun cənubunda ev alıb, çünki ayrı-ayrılıqda onların heç birinin ev alacaq qədər pulları yox idi.

29 yaşlı McNicholas deyir ki, yaşamaq üçün münasib bir ev tapmaq üçün çox axtarmalı olmuşdular.

Beləliklə, iki nəfərə birlikdə nəhayət ki, Londonun mərkəzində, metro stansiyasından 15 dəqiqəlik piyada yol məsafəsində ikimərtəbəli terras evi ala bilmişdilər.

"Kaş bunu daha əvvəllər etmiş olaydım" - deyir McNicholas.

Harris də şərikli ev almaq üçün biznes yoldaşlarının və birlikdə idmana getdiyi tanışlarının ağzını axtarmağa başlamışdı.

Bəzən ev almaq üçün bir yox, bir neçə dost birləşməli olur.

"Mənim dostum birinci evini səkkiz şəriklə almışdı. Hamısı iş adamları idilər. Bu ilk addımdır. Sonra onlar bir-birlərinə ayrıca ev almaqda kömək edirdilər" - deyir Harris.

Lakin Muotoh deyir ki, şərikli ev almağın da öz qənbərquluları var. Bir də gördün, şəriklərin arası dəydi və sair.

Lakin McNicholas və onun şəriki işlərini möhkəm tutublar. Onlar öz aralarında kontrakt bağlayıblar. Bu kontraktda bütün hallar nəzərdə tutulub. Məsələn birdən hansısa evi satmaq istəsə nə olacaq, filan.

"Biz bu işdə boş yer qoymamışıq, - deyir McNicholas, - Odur ki, narahatçılığımız da yoxdur".

Bu yazının ingiliscə variantını BBC Capitalda oxuyun.

Dərgidə başqa yazıları buradan oxuyun.

Bu barədə daha geniş