Adları asanlıqla yadda saxlamağın yolları

Salamlaşma Fotonun müəllifi Thinkstock

Həyatın hər sahəsində, insanlara adları ilə xitab etmək, tanış olduğunuz şəxslərin adlarını unutmamaq vacibdir. Lakin, insanların çoxu, adları yadda saxlamaqda çətinlik çəkir.

1990-cı illərdə bir dostundan ad xatırlama yollarını öyrənən zaman Mark Channon, Londonda bir barda işləyirdi. O zaman teatr sənətçisi olmaq istəyən Channon, tamaşa üçün çoxlu sayda replikalar əzbərləyir, amma, adları yadda saxlaya bilmirdi.

Dostunun üsulu isə işə yarayır. O, bir müddət sonra, müştərilərinə adları ilə xitab etməyə başlayır. Bir neçə il sonra isə, BBC üçün hafizə oyunu verilişini hazırlayır. 1995-ci il Dünya Yaddaş Çempionatında altıncı yeri tutur.

Hazırda iş dünyası liderlərinə yaddaş inkişaf etdirmə üsullarını öyrədən Channon, işçilər ilə güvən əsasında münasibət qurmaqla yanaşı, münasibətlərdə adları xatırlamağın vacib olduğunu söyləyir. Bu, qarşınızdakı insanın dediklərinə önəm verdiyiniz və diqqət etdiyiniz mənasına gəlir.

"Ən təsirli vasitələrdə biri, izdihamlı bir yerə girdikdə, hər kəsə adı ilə xitab edə bilməkdir," Channon deyir.

Hollandiyada yerləşən BrainStudio adlı təşkilatda təlimçi olan Luc Swaab isə, günümüzdə rəqəmsal alətlərin hafizə yerini aldığını, amma, yaxşı bir yaddaş üçün sərmayə qoymanın mühüm olduğunu vurğulayır.

Image caption Mark Channon, yaddaşı möhkəmləndirmə üsullarını öyrədir.

Yaddaşı möhkəmləndirmək üçün

Yaddaş mütəxəssisləri çox qədimdən romalı və yunanların istifadə etdiyi bəzi üsullar yolu ilə, hər kəsin hafizəsini möhkəmləndirə biləcəyini söyləyirlər.

Avstraliya Memorize Academy mərkəzinin qurucusu Kyle Buchanan, "Yaddaşınız pisdir deyə bir şey yoxdur, əsas problem, düzgün hafizə üsullarının öyrənilməməsindədir," deyir.

İnsanların adları yadda saxlamaq mövzusunda elə də yaxşı olmasalar da, anadangəlmə məkan hafizəsi və üz xatırlaması bacarığı yüksək olur. Yaddaş möhkəmləndirmə mütəxəssisləri də bu bacarıqlar əsasında, insanların ad və yadda saxlanılması çətin olan başqa bilgiləri xatırlamasına kömək edirlər.

Məsələn, əşyaları evimizdə və ya tanıdığımız başqa bir yerdə xəyal edərək, təsadüfi bir siyahını yadda saxlamaq daha asandır. Və ya bir adı, bildiyimiz başqa bir söz ilə uyğunlaşdıraraq xatırlamaya çalışmaq üsulu da mümkündür.

Fotonun müəllifi Thinkstock
Image caption Yeni tanış olduğunuz adamın adını xatırlamaq, peşəsini xatırlamaqdan daha çətindir.

Yaddaş mütəxəssisləri, tanış olduğunuz insanlar, adlarını deyərkən diqqətli olmanın vacibliyini vurğulayırlar. Adətən insanlar bu əsnada öz düşüncələrinə o dərəcədə dalmış olurlar ki, ad deyildiyi an, onu eşidə bilmirlər.

Bu üsul, ada oxşar və ya şəxsin görünüşü ilə bağlı bir şeylə tutuşdurularaq adları xatırlamaq və ilk tanışlıq anından dərhal sonra, bu məlumatı gözdən keçirərək yadda saxlamaqla mümkündür.

Misal üçün, Matt adlı biri ilə tanış olmusunuz. İlk addım, şəxs adını söyləyərkən ona diqqət etməkdir. Sonra bu ad sizə, ayaqaltı xalçanı xatırlatsın (ingiliscə mat, ayaqaltı xalça deməkdir). Bunu yaddaşınızda canlandırın. Sonra o obrazı, şəxsin hansısa xüsusiyyəti ilə cütləşdirin (məsələn, qulaqları böyükdürsə, ayaqaltı xalça üzərində oturan fil təsəvvür edin). Həmin axşam və ya səhəri gün, bu adı və xatırlatdığı şey haqqında yenidən fikirləşin.

Əvvəl, bunun üçün səy göstərməli olacaqsınız. Bir müddət sonra isə, vərdişə çevriləcək.

Təməl daşları

Adları unutmaq, xüsusilə də münasibət qurmağın vacib olduğu iş dünyasında problem yarada bilər. Bu, qarşınızdakı şəxs tərəfindən, əhəmiyyət vermədiyiniz kimi qiymətləndirilə bilər.

Image caption Adları bir məna ilə uyğunlaşdırın.

Yaddaşı möhkəmləndirmək sadəcə sosial münasibətlər baxımından faydalı deyil. Toronto Universitetində psixologiya professoru olan və yaddaşı zədələnmiş xəstələrlə işləyən Mary Pat McAndrews, hafizə ilə digər beyin funksiyaları arasındakı əlaqəni araşdırır.

O, adları xatırlamanın, digər idraki bacarıqları inkişaf etdirdiyini söyləyir. Məsələn, insanların yaddaşı möhkəmləndikdə, xəyal gücləri də inkişaf edir və problemlərə daha yaradıcı həll yolları tapırlar.

"Yaddaş, sadəcə bir adı xatırlamaqdan ibarət deyil," McAndrews deyir. "Sosial münasibətlər, qərar vermə və problem həll etmə mövzusunun da təməl daşıdır."

Peşə yoxsa ad?

Channon kimi insanlar, tanış olduqları hər insanın adını xatırlamaq kimi bir bacarıqla doğulmuş kimi görünsələr də, əslində hamı adları xatırlamaqda çətinlik çəkir.

Fotonun müəllifi Memorize academy
Image caption Üz quruluşuna diqqət edin və ən maraqlı xüsusiyyəti düşündüyünüz şey ilə uyğunlaşdırın.

Belə ki, adlar, başqa məlumatlardan fərqlidir. Addan çox peşənin xatırlanması daha asandır.

ABŞ-da yerləşən Madison Universitetində psixologiya dosenti Kethere A Fogler-ə görə, bu məlumat, beyindəki mövcud semantik əlaqələrə daha uyğundur. Misal üçün Cory adlı bir müəllimlə tanış olduqda onun müəllimliyi, öz təhsilimizdən bəzi obrazlara əlaqələnir.

"Buna görə də bir kəndlini yadda saxlamaq, soyadı Kəndli olan birini xatırlamaqdan daha asandır," Fogler deyir.

Adı, beş addımda yadda saxlamaq:

1.Ada diqqətlə qulaq asın

2.Adı təkrarlayın

3.O adı xatırladan bir obraz fikirləşin

4.Obrazı həmin şəxsin görünüşüdəki bir xüsusiyyətlə əlaqələndirin

5.Bir müddət sonra, bu məlumatı təkrarlayın

  • Bu məqalənin orijinalını ingilis dilində BBC Capital səhfəsində oxuya bilərsiniz.
  • Dərgidəki başqa məqalələri burda oxuyun.