Britaniyada iş yerinə davam gətirməyin 3 yolu

  • 19 Mart 2017
Fotonun müəllifi Oli Scarff/Getty

Əgər siz Britaniyada ilk dəfə işə başlayan ekspatsınızsa (xarici mütəxəssis), siz yeni mühitə tez-tez "bank holiday" və "loo" (Britaniyada ayaqyoluna bəzən belə deyirlər) kimi ifadələr işlədən çayxor həmkarlarınızdan daha çox öyrəşməlisiniz. Britaniyanın iş həyatında sizin "buyurun" və "çox sağ olun" kimi sozlərdən nə qədər tez-tez istifadə etməyinizdən tutmuş səhər saat 10 iclasına əslində neçədə gəlməli olduğunuza qədər çox məsələdə fərqlidir. Hətta siz ingilisdilli Amerikadan olsanız belə.

1. Xahiş edirəm çox sağ olun

Belə bir deyim var ki, nəzakət qaydaları pulsuzdur. Gündəlik münasibətlərdə hər cümləyə "xahiş edirəm", yaxud da "çox sağ olun" ifadələrini əlavə etmək işləri xeyli asanlaşdırır.Ancaq bizim bu sözlərdən necə istifadə etməyimiz və onların necə qarşılanması əslində bizim haralı olmağımızdan asılıdır.

Sasseks Universiteti və London Universitet Kollecinin tədqiqatçıları britaniyalılar və amerikalılar tərəfindən yazılmış 1350 işgüzar elektron məktubu nəzərdən keçirərək onlarda "xahiş edirəm ifadəsinin olub-olmamasına diqqət yetiriblər. Onlar müəyyən ediblər ki, britaniyalılar bu ifadəni amerikalılardan iki dəfə çox işlədirlər.

"Journal of Politeness Research" ("Nəzakət Araşdırmaları Jurnalı") jurnalında dərc edilmək üçün hazırlanan bu tədqiqat ilk baxışdan britaniyalıların amerikalılardan daha nəzakətli olması barədə geniş yayılmış fikri dəstəkləmiş kimi görünür. Ancaq bunun cavabı bir o qədər sadə deyil.

"Biz aşkar etmişik ki, amerikalılar "xahiş edirəm" ifadəsini britaniyalılardan xeyli az işlədirlər. Ancaq onlar buna görə bir-birini daha az nəzakətli hesab etmirlər", - tədqiqatın müəlliflərindən biri, Sasseks Universitetinin linqvistika üzrə mühazirəçisi Doktor Lynne Murphy deyir.

Onun sözlərinə görə, Britaniya işçi mədəniyyətində uyğun vəziyyətdə uyğun sözləri işlətmək vacibdir: "Düzgün, nəzakətli davranmağımız haqda siqnal rolunu oynayan oturuşmuş ifadələr Britaniya mədəniyyətində ABŞ-dakından daha əhəmiyyətlidir. Məsələn, britaniyalılar "zəhmət olmasa əlavədə tapın" ifadəsini amerikalılardan 10 dəfə çox işlədirlər", - alim deyir.

Ofisdə işləyən qadınlar Fotonun müəllifi Daniel Farson/Picture Post/Getty Images

Ancaq Murphy aşkar edib ki, amerikalılar potensial natarazlığın olduğunu hiss etdikləri zaman "xahiş edirəm" ifadəsini işlətməyə daha meylli olurlar. Bu, məsələn, valideynlərlə uşaqlar arasında yaranan vəziyyətlərə şamil edilə bilər. Amerikalılarda bu ifadə bir şəxsin o birinə yalvarması, digərinin ondan daha üstün mövqedə olması təəssüratı yaradır. Əvəzində isə, amerikalılar "təşəkkür edirəm" ifadəsinə daha çox dəyər verirlər.

"Bu, amerikalılarda nəzakət mədəniyyətinin həmrəyliyə köklənmiş olmasına dair fikirlə səsləşir. Bu zaman insanlar həm özləri, həm də bir-biri haqda yaxşı fikirdə olur", - o deyir.

Həmçinin oxuyun:

Murphy deyir ki, britaniyalılar bu mənada amerikalılara bənzəsələr də, insanlar arasında məsafəni və rollar fərqini anlamaq tarixən onlar üçün daha əhəmiyyətli olub. Ancaq, onun sözlərinə görə, bu vəziyyət XXI-ci əsrdə dəyişməyə başlayıb. Hərçənd bu dəyişiklik bir çoxlarının düşünə biləcəyi qədər sürətlə baş vermir.

Bəs yeni gələnlər nə etsin? "Siz tamamilə əmin olmalısınız ki, nə zamansa kimsə sizi narahat edən bir hərəkət edirsə, çox böyük ehtimalla o bunu qəsdən etmir.

Çox zaman insanların ünsiyyəti xırda şeylər üzərində dayanır", - Murphy deyir.

Britaniyalıların nəzakətliliyi təkcə "zəhmət olmasa" və "təşəkkür edirəm" kimi ifadələri əhatə etmir. Bundan başqa "small talk" (nəzakət xatirinə adi şeylər barədə söhbət) mədəniyyəti və münaqişələrin həlli də var. Bu mühitə yeni düşənlər ofis şəraitində yarana biləcək anlaşılmazlıqlardan yan keçmək üçün bunları da öyrənməlidirlər.

Nəzakət qaydalarının qəribəliklərini pulla da ifadə etmək mümkün imiş. 2015-ci ildə 1000 menecer arasında aparılmış bir sorğunun nəticələrinə görə, həddindən artıq nəzakətli olmaq Britaniya şirkətlərinə milyonlarla funta başa gələ bilər. Məsələn, rəyi soruşulanların 20%-i ödəniş tələblərinin saxta olduğunu bilə-bilə bu tələbləri sorğulamadıqlarını bildiriblər.

Bəs adi işçilər Britaniya nəzakətliliyinin içərisində necə davranırlar?

2. Vaxtında gəlmək vacibdir

Görüşlərə və dedlaynlara çox da ciddi yanaşmayan mədəniyyətlərdən çıxmış, Britaniya iş mühitinə yeni gəlmiş insanlar şoka düşə bilərlər.

INSEAD biznes məktəbinin professoru və "Mədəniyyət xəritəsi" kitabının müəllifi Erin Meyerin sözlərinə görə, britaniyalılar dünyada ən punktual millətlərdən biridir. Görüşə gec gəlmək yaxşı görünmür. Qeyri-punktual insanların niyyəti nə qədər yaxşı olsa da, onlar barədə daim mənfi fikirdə olurlar.

3. Saat beşdən sonra pivə içmək

Pivə içmək uzun zamandan bəri Britaniya iş həyatının bir hissəsi olub. Hətta Londonun "Lloyd's" investisiya bazarının ötən ay işçilərinə gündüz vaxtı spirtli içki qəbul etməyi qadağan etməsi xəbər başlıqlarına çıxıb.

Pub Fotonun müəllifi Oli Scarff/Getty

Gündüz saatlarında içmək əksər sahələrdə azalsa da, ümumilikdə gənc britaniyalılar on il əvvələ nisbətən daha az içsələr də, həftənin iş günləri axşam saat 5-dən sonra şəhər pablarının əksər hissəsinə baxsanız həmkarların kollektiv şəkildə boğazlarını yaşlatdıqlarını görəcəksiniz.

İşdən sonra pivə içmək yoldaşlığı gücləndirsə də və hətta menecerlərlə idarə heyəti üzvlərini barışdırsa da, bunu çox etmək təhlükəlidir. Bu, xüsusən də ofisin mədəniyyətinə çox da bələd olmayan yeni gələnlərə aiddir.

Bu, həmçinin spirtli içki qəbul etməyən insanların özlərini komandada yad hiss etməsinə yol aça bilər.


Bu yazı BBC Britain layihəsi üçün hazırlanıb. BBC Britain layihəsi üçün hazırlanamış bütün yazıları ingilis dilində burada oxuyun.

  • Bu məqalənin orijinalını ingilis dilində BBC Capital saytında oxuya bilərsiniz.
  • Dərgidəki digər məqalələri burdan oxuyun.

Əlaqəli mövzular