Musiqi alətində ifa etməyi öyrənmək heç vaxt gec deyil

Руки на клавишах фортепиано Fotonun müəllifi Thinkstock

İlin əvvəli yeni məqsədləri həyata keçirmək üçün əla başlanğıcdır. Pianoçu James Rhodes cəmi altı həftəyə Bach-ı necə ifa etməyin mümkünlüyü haqqında danışır.

Musiqi alətində ifa etməyi öyrənmək nə vaxt gec sayılır? Britaniyalı peşəkar pianoçu James Rhodes-ə görə, heç vaxt. O, bunu sübut etmək üçün kitab da yazıb.

Pianoda necə ifa etməli (How to Play the Piano) kitabında müəllif altı həftə ərzində, həftədə altı gün olmaqla, hər gün 45 dəqiqə məşq etməklə hər kəsin pianinoda JS Bach-ın ən çox sevilən Prelüdiya nömrə birini ifa edə biləcəyi yazılır.

Rhodes bildirir ki, o, 2015-ci ildə yazdığı "İnstrumental" adlı memuarında, yaşadığı psixi sarsıntıdan və musiqinin onun sağalmasında oynadığı roldan yazıb.

Kitaba maraq böyük olub və o, növbəti kitabını çapdan çıxarıb.

"Uşaq olanda ifa edirdim, kaş ki, davam edərdim" deyən insanların sayını artıq itirmişəm", o deyir.

Bir e-mail isə onu bu kitabı yazmağa həvəsləndirib.

Fotonun müəllifi GL Portrait / Alamy
Image caption Peşəkar pianoçu James Rhodes hesab edir ki, musiqi alətində ifa etməyi öyrənmək heç vaxt gec deyil

"Mən təqaüdə çıxmış meksikalı peşəkar təyyarə pilotundan belə bir mesaj aldım: Uşaq vaxtı ifa edərdim, lakin artıq 50 ildir ifa etmirəm. "İnstrumenal" kitabını oxuduqdan sonra pianino aldım, özümə müəllim tapdım, indi hər gün məşq edirəm. İstəyirəm onu biləsiniz ki, ən gözəl günlərimi yaşayıram. Bu sözlər mənə çox təsir etdi".

Rhodes-in yeni kitabı Quercus Books nəşriyyatının Həyat bacarıqları kiçik kitabı seriyasından ilk kitabdır.

"Musiqi alətini öyrənmək, bir çoxlarımızın unutduğu yeni dünyaya qapıları aça bilər", Rhodes kitabın açılış bölümündə yazır.

Texnologiyanı bir tərəfə atıb barmaqlarınız, beyninizi və ruhunuzu e-mail, mesajlaşma və ya sosial media ilə əlaqəsi olmayan bir şey üçün işlətməyin əhəmiyyəti danılmazdır.

Onun layihəsi, bəlkə də bitməyən rəqəmsal detoksdur.

Kitabı oxuyarkən xəyallarımda şam yandıraraq, bir badə şərab süzüb pianoda məşq etməyim canlanır.

Rhodes-in təvazökar və cazibədar əllərində gündəlik piano məşqləri və dərin konsentrasiya tələbi, meditasiya və müalicəyə çevrilir.

Fotonun müəllifi Thinkstock
Image caption Pianoda məşq etmək üçün tələb olunan dərin konsentrasiya hədsiz rəqəmsal detoks kimidir

"Biz elə bir ani həzz zamanında yaşayırıq ki, həmişə diqqətimizi özümüzdən kənara yönəldirik və özümüz üçün nə isə etməyi unuduruq", o deyir.

Məncə, onun kitabı hazırda Qərbdə tendensiyaya çevrilmiş mənəvi və emosional zənginlik axtarışına vaxtında verilən cavabdır.

"Bunu mükafat üçün deyil, sadəcə xoşuna gəldiyin üçün edirsən. Məncə pianoda ifa etmək mənəvi hazırlıqdır. Bunun üçün taraş olunmuş rahib ordusuna ehtiyac yoxdur, pianinonun dilləri yetər".

"Niyə özümüz üçün yaxşı bir şey etməyək?" Rhodes davam edir.

Musiqi notlarını kənara qoyun

Öyrənmək və ya yenidən öyrənməklə yanaşı, pianoda ifa etmək bacarığı beynimiz üçün də xeyirlidir.

Texas Universitetində həyata keçirilmiş araşdırmaya görə "düşünmək tələb edən istirahət" beynimizi yeniləyir, onu cavanlaşdırır.

Rhodes şişirdilmiş vədlər verməkdən də yayınır.

"Bu kitab sizə Raxmaninov və ya Chopin-in etüdlərini öyrətməyəcək. Mən yaxşı bilirəm ki, siz qarşınıza kitabla pianoda ifanı öyrənmək məqsədi qoysanız və desəniz ki, bunun üçün 10 min saat lazımdır, heç kim bunu etməyəcək.

Çünki səbəb nə olur olsun, sadəcə özünüz üçün vaxt ayırıb, fikrinizi cəmləşdirmək çox çətindir.

Fotonun müəllifi Thinkstock
Image caption Bach-ın prelüdası çətindir, lakin öyrənilməsi mümkünsüz deyil

Vaxt çox dəyərlidir. Lakin, o, sizə Bach-ı ifa etmək üçün yardımçı olacaq. Bach da çətindir, lakin o, sizə təkan verəcək", o davam edir.

"Altı həftə təxmini müddətdir: Daha çox məşq etməyə vaxt ayıra bilsəniz və ya uşaq olarkən çox ifa etmisinizsə, daha tez alınacaq.

Beləcə musiqiyə daxil olacaqsınız. Bəlkə bu sizin üçün kifayət edəcək, bəlkə də o qədər xoşunuza gələcək ki, müəllim tutub başqa şeyləri də öyrənməyə qərar verəcəksiniz".

Bu yanaşmanın mərkəzində əsl musiqinin gözəlliyi dayanır.

"Mən tərəfdarıyam ki, ifa etmək istədiyiniz əsəri götürüb, onun üzərində çalışmaq üçün müsbət yollar tapasan", o izah edir.

Onun kitabı bu istiqamətdə necə hazırlaşmalı olduğumuzu izah edir. Barmaqlardan necə istifadə etməyi. Darıxdırıcı metodları isə bir kənara atır.

Mən ona deyirəm ki, uşaq vaxtı da musiqi notlarını sevmirdim, heç indi də.

Fotonun müəllifi Thinkstock
Image caption Rhodes, musiqi notlarını bir kənara atıb sevdiyin musiqi üzərində işləməyi təklif edir

"Dərsliklər vacib deyil!" o təkidlə bildirir. Hər bir əsərdə musiqinin özündən istifadə etməklə texniki çətinliklərin öhdəsindən gəlmək mümkündür.

Mənim də notları izləməkdən zəhləm gedir. Lakin indi pianomda Mozart-ın konserti yatır və o, notlarla doludur.

Əsər üzərində çalışaraq nəyəsə nail olmaq mükəmməl yoldur. Sevdiyiniz əsəri tapıb üzərində çalışın".

Rhodes-in kitabı ilə yanaşı internet səhifəsi də səyahətiniz boyu sizə kömək edəcək.

Yeni ilin başlanğıcı hərəkətə kömək üçün yaxşı vaxtdır, həyatımız uzanası deyil.

"Bəli, biz ölüm döşəyində uzanıb fikirləşməyəcəyik ki, kaş ki, bir neçə əlavə e-mail göndərib, bir neçə cədvəli doldurardım", o zarafat edir.

"Lakin, siz fikirləşə bilərsiniz ki, kaş ki roman yazardım, ya da bu tablonu çəkərdim. Ya da ki, Bach-ın bu əsərini pianoda ifa etməyi öyrənərdim…"

  • Bu məqalənin orijinalını ingilis dilində BBC Culture səhfəsində oxuya bilərsiniz.
  • Dərgidəki başqa məqalələri burda oxuyun.