Heykəlləri nə vaxt aşırmaq olar?

Heykəl Fotonun müəllifi Reuters/Kate Medley
Image caption Şimali Carolina ştatının Durham şəhərində keçmiş Durham Əyalət Məhkəməsi binası qarşısında Konfederasiya əsgəri heykəli etirazçılar tərəfindən aşırılıb

Konfederasiya əsgərinin heykəli aşırıldıqdan sonra, Kelly Grovier 18-ci əsrlə uzlaşan hadisələrə nəzər salıb.

İnsanları həqiqətən də anlamaq istəyirsinizsə, onların ucaltdıqları yox, aşırdıqları heykəllərə nəzər salın.

1357-ci ildə Toskaniya şəhəri Siyenanın yerli rəsmiləri, romalıların gözəllik, seks və məhsuldarlıq ilahəsi Veneranın ictimai fontanda ucalan çılpaq heykəlinin götürülməsinə səs verirlər.

Əsər şəhər sakinləri tərəfindən uzun müddət "mükəmməl sənət əsəri" kimi qiymətləndirilsə də, 14-cü əsr rəssamı Lorenzo Ghiberti-yə əsasən, siyenalıların döyüşdə məğlubiyyətindən sonra münasibət dərhal dəyişib. Məğlubiyyəti, bu kafir cazibədarın onları yoldan çıxarması ilə bağlayan ("heç şübhəsiz ki", bir müasir iddia edib, "bəxtsizliyimizin səbəbkarı bəllidir") yerlilər, kəndirlə onu aşağı endirməyə başlayırlar.

İncəsənət tarixçiləri heykəltəraşlığın inkişafında mühüm rol oynayan Veneranın sienalılaır tərəfindən aşırılmasına kədərlənsələr də, onun yoxa çıxması insanların şüurunu açıqlamaq imkanı verir.

Hazırda ABŞ da mədəni döyüşlə üz-üzədir: quldarlığı yenən Konfederasiya əsgərlərinin heykəllərini dağıdaraq. Lakin, bu haldan hər kəs məmnun deyil.

Keçən həftə mətbuat konfransında prezident Trump, Konfederasiya əsgərlərinin heykəllərinin dağıdılmasına münasibət bildirib.

"Siz tarixi dəyişirsiniz," Trump bildirib.

"Görəsən gələn həftə George Washington və o bir həftə də Thomas Jefferson-mu olacaq? Özünüzə bir sual etməlisiniz ki, bunun sonu haradadır?"

Daha sonra isə Trump Twitter hesabından paylaşıb: "Heykəl və abidələr dağıdılaraq, böyük ölkəmizin tarix və mədəniyyətinin silinməsinə şahid olmaq üzücüdür."

Avqustun 12-si ağ supremasistlərin Virginia ştatının Charlottesville şəhərində (onlar Konfederasiya Generalı Rober E Lee-nin heykəlinin sökülməsinə etiraz edirmişlər) əks-nümayişçilərlə qarşı-qarşıya gəlməsindən sonra, prezident bu fikirləri dilə gətirib.

Qarşıdurmada bir anti-irqçi nümayişçi ölüb və 19 nəfər yaralanıb.

Charlottesville-dəki hadisələrdən sonra, nümayişçilər bazar ertəsi günü Şimali Carolina ştatının Durham şəhərində toplaşaraq ölkədəki irqçi gərginliyi ilə bağlı narahatçılıqlarını bildirib və şəhərlərindəki Konfederasiya ilə bağlı heykəllərin qaldırılmasını tələb ediblər.

Daha sonra isə etirazçılar kəndiri cənublu əsgərin heykəlinin boynuna atıb onu yerindən qopardaraq sürüməyə başlayıblar.

Bu, son 30 ildə baş verən bənzəri hadisələri göz önündə canlandırır: 1991-ci ildə Moskvanın Lubyanka Meydanında Çekanın əsasını qoyan Feliks Dzerjinskinin heykəlinin yerə salınması, 2011-ci ildə liviyalı üsyançıların polkovnik Müəmmar Qəddafinin Tripolidəki heykəlinə hücum etməsi, 2003-cü ildə Səddam Hüseynin Bağdadın Firdos Meydanındakı heykəlinin qəddarcasına dağıdılması.

Trump haqlıdırmı?

Əgər cəmiyyət öz dəbdən düşmüş abidələrini dağıdırsa, keçmişini də silirmi?

Yoxsa bunu, bədənin yaşaması üçün qanqrenli əzaların amputasiyası kimi qəbul etməliyik?

Amerika ilk yarandığı gündən bəri bu suallara cavab axtarır. 1776-cı ilin belə yay günlərindən birində yenicə tərtib olunmuş Müstəqillik Bəyannaməsinin New York-da elanından sonra, izdiham ingilis heykəltəraş Joseph Wilton tərəfindən bir neçə il öncə ucaldılan Kral III George-un Bowling Green qarşısındakı heykəlinə hücum etmişdi.

Ruhlandırıcı sənədin dilindən, xüsusilə də Bəyannamədəki monarxiyaya yönəlmiş tənqiddən alovlanan vətənpərvərlər kəndirlə heykəli aşağı endirmişdilər.

Fotonun müəllifi Wikimedia
Image caption Kral III George-un Heykəlinin Aşırdılması (1859) əsərini Johannes Adam Simon Oertel 1776-cı il hadisələrindən ilhamlanaraq yaradıb

Aşırma, 19-cu əsr Amerika rəssamları üçün əsas mövzuya çevrildi.

Kral III George-un qurğuşun heykəlinin aşırılması - bədən və qol-qıçındakı metaldan güllə hazırlanıb - Amerika şüurunda patriotluq müqəddəratını təyin edən bir məqama çevrilmişdi.

1857-ci ildə William Walcutt və iki il sonra, alman-amerikan rəssam Johannes Adam Simon Oertel-in əsərləri deyilənlərə misal ola bilər. Walcutt və Oertel insanların Kralın heykəlini qaldırıb dağıtmasından həzz alıbmışlar.

Bowling Green-dəki hadisənin, ali müstəmləkə idarəsindən qurtulub azadlığa can atanların simvolu olub-olmaması sosioloji müzakirə mövzusudur.

Kralın heykəlinin aşırılması ilə bağlı George Washington "Müvafiq Səlahiyyətli Şəxslər tərəfindən Aşırdılmalı idi" desə də, "İctimai Hadisədə" göstərdikləri "Şücaətə görə Azadlıq Oğullarını" tərifləmişdi.

Durhamdakı Konfederasiya əsgəri ilə Kral III George-un heykəlinin başına gələn hadisələr bizə bir daha xatırladır ki, xalqın kimliyi, orada olduğu qədər də olmayanlardan ibarət bir mövhumdur.

Bu yazının ingiliscəsini buradan, Dərgidəki bütün yazıları isə buradan oxuya bilərsiniz.

Əlaqəli mövzular

Bu barədə daha geniş