DƏRGİ - Necə olub ki, insanlar paltar geyinməyə başlayıblar?

Yüzünü boyamış kabile üyesi Fotonun müəllifi Alamy

Hamımız dünyaya çılpaq gəlirik, lakin cəmiyyət arasında bədənimizi örtmək ehtiyacı duyuruq. Bunun öz səbəbləri var: Soyuq iqlimlərdə geyimlər bizi donmaqdan, isti iqlimlərdə isə Günəşdən qoruyur.

Hətta müasir dövrümüzdə də ovçuluq və yığımçılıqla məşğul olan qəbilələr çılpaq yaşamaqda davam edirlər. Bu onu göstərir ki, geyinmək yaşamaq vasitəsi deyildir. Elə isə insan ilk dəfə paltarı əyninə nə vaxt geyinib?

Paltarlar daşlaşmayaraq çürüdüyünə görə qədim insanın çılpaqlığı tərgidib bədənini heyvan dəriləri ilə örtüyü tarixi dəqiq bilmirik.

Antropoloqlar bu tarixi dolayı yollarla müəyyən etməyə çalışırlar. 2011-ci ildə bitlər üzərində aparılmış bir elmi təcrübə paltarların mənşəyinin 170 min il bundan əvvələ gedib çıxdığını müəyyən edib.

Alimlər paltar biti ilə baş bitinin məhz o vaxt bir-birindən ayrıldığını düşünürlər.

Bədən tükləri töküldükcə

O zamanlar insanın ulu babası Homo sapienslər Afrikada ortaya çıxmışdı. Onların bədənlərində tüklər artıq o qədər də çox deyildi. Amma insana bənzəyən hominoidlərin bədənləri tüklü idi.

Fotonun müəllifi SPL
Image caption İnkişafın müəyyən bir mərhələsində insanlar paltara ehtiyac duyublar

Bəzi alimlərin qənaətinə görə insanlar bədən tüklərini itirdikcə paltar geyinməyə başlayıblar. Elə müasir dövrümüzdə də Sudandakı Nuer tayfası kimi ovçuluq və yığımçılıqla dolanan bəzi qəbilələrin insanları bədənin bəzi yerlərini minimum örtən paltarlar geyinirlər. Bir sıra tədqiqatçıların fikrincə bu həmin insanlarda utanma hissinin yaranmasının da əlaməti ola bilər. Amma bu iddianı təsdiqləyəcək dəlillər yoxdur.

Şimali Amerikadakı Fuegian qəbiləsi insanlarının bəzən paltar geyinməsi, bəzən də lüt gəzməsi barədə məlumatlar vardır. Buradan belə bir nəticə çıxır ki, qədim insanlar paltarları yalnız üşüdükdə geyinirmişlər.

Afrikadan kənar yerlərdə isə geyimin soyuğa qarşı qorunma funksiyasını daşıdığını görmək çətin deyildir. Ola bilsin ki, daha soyuq iqlimlərdə yaşayan neandertallar da geyimə ehtiyac duyublar.

Neandertalların heyvan dərisindən geyimi

Neandertallar Avropada müasir insanlardan daha əvvəllər yaşaylblar. Hər iki növün Homo heidelbergensis adlı eyni ortaq əcdaddan törədiyi düşünülür. Buna görə də əgər neandertallar paltar geyiniblərsə, deməli geyimlər bir dəfədən çox icad edilmiş ola bilər.

Fotonun müəllifi SPL
Image caption Neandertallar soyuqdan qorunmaq üçün heyvan xəzi geyinirdilər

Alimlərin qənaətinə görə neandertalların və insanların paltar məsələsinə müxtəlif yanaşması olub.

Neandertalların yaşadıqları yerlərə nəzərən demək olar ki, onlar çox güman bədənlərinin 70-80 faizini örtən heyvan dərisi geyinirmişlər.

Amma müasir insan bir neçə parçanı birləşdirərək daha mürəkkəb paltarlar icad edirdi. Onların bu zaman bədəni daha isti saxlayan dərisinə görə samur ovladıqları düşünülür.

Bu gün eskimoslar da tüklərinin donmadığına görə bu heyvanların dərisinə üstünlük verirlər.

Müasir insanın texnologiyası

Bəzi antropoloqlar düşünürlər ki, müasir insanlar soyuq iqlimlərə buralarda havaların istiləşməsini gözləməkdənsə, iqlimə daha uyğun paltarlar tikməklə köçməyə üstünlük veriblər.

Fotonun müəllifi Alamy
Image caption Samurun tükləri donmadığı üçün adamlar onu dərisinə görə ovlayırdılar

Lakin neandertallar da daha qısa və möhkəm gövdəli vücudları ilə Avropanın soyuq iqliminə daha yaxşı adaptasiya olunmuşdular. Bu səbəbdən də müasir insanlar tarixlərinin böyük bir hissəsini Afrikada keçirdikləri halda, neandertallar Avropaya daha tez gəlmişdilər.

Amma çox maraqlıdır ki, onların soyuğa daha dözümlü olmaları süqutlarına da əsas səbəb ola bilərdi.

30 min il bundan əvvəl Yer kürəsi əməlli-başlı soyuyanda zəif bədənlərə ilə soyuğa qarşı daha həssas olan müasir insanlar texnoloji yeniliklər əldə etməyə məcbur oldular. Onlar kəsici alətlər və iynələrlə daha mürəkkəb geyimlər hazırlamağa başladılar.

Sümük alətlər

Amma neandertalların yalnız bəsit qazma alətləri vardı və buz dövrünə uyğun geyimlər yarada bilmədilər.

Fotonun müəllifi Alamy
Image caption İlk müasir insanlar bütün bədənlərini paltarla örtməyi bacarırdılar

Lakin bu onların bizdən daha ağıllı olmadıqlarını göstərmir. Əvvəllər bütün bədənlərini örtən paltarlara ehtiyacları yoxdu, fəqət ehtiyac ortaya çıxdıqda belə paltarları yarada biləcək texnologiylardan məhrum idilər.

Alimlər müasir insanın neandertallardan bəzi şeyləri öyrənmiş ola bildiyini düşünürlər. Çünki 40 min il bundan əvvəllə 60 min il bundan əvvəl arasında daş alətləri sümük alətlərlə ilk əvəzləyən onlar olmuşdu.

Neandertallar yox olduqdan sonra buna bənzər alətləri Homo sapienslər işlətməyə başlayıblar. Bəziləri bunu müəyyən şeylərin neandertallardan insanlara keçmiş ola bilməsi ilə izah edirlər.

Lakin bu keçid müasir insanla neandertalın arasında üzbəüz əldən-ələ verilməsi şəklində olmayıb. Sadacə olaraq insanlar neandertallardan qalmış alətləri tapıblar.

Fotonun müəllifi Alamy
Image caption İlk insanlar əvvəlcə bədənlərini boyamış, daha sonra isə bu boyaları və naxışları paltarlarına köçürmüşlər

Paltar ictimai funksiya kəsb edir

30 min il bundan əvvəl Daş dövrünə aid paltarlar daha da inkişaf etmişdi. Gürcüstandakı Dzudzudana mağarasında boyalı kətan lifləri tapılıb.

Bu dövrdə geyimlər artıq bəzənmək və simvolik məqsədlər daşıyırdı. Ola bilsin ki, boyalı geyimlərdən çox-çox əvvəllər insanlar elə bədənlərini boyayırmışlar.

Neandertalların 200 min il bundan əvvəl bədənlərini qırmızı oxra (təbii torpaq rəngi) ilə boyadıqlarına dair məlumatlar vardır. Görünür bu boyadan heyvan dərilərini rəngləmək, mağara rəsmlərini çəkmək üçün də istifadə etmişlər.

Alimlər iqlim soyumağa başladıqda insanların boyalı bədənlərini geyimlərlə örtməyə başladıqlarını və bu boyaların paltarlara hopduğunu və beləliklə də onların vücudu isitmək funksiyası ilə yanaşı bəzənmək funksiyasının da əhəmiyyət kəsb etməyə başladığını düşünürlər. Beləliklə qədim insanların geyimi həm də sosial funksiya qazanmış olub.

Fotonun müəllifi Alamy
Image caption Bədənə vurulan döymə naxış və yazılar kimi geyimlər də kimliyin bir parçasıdır

Qısa desək geyimlər bizim bildiyimizdən daha qarışıq xüsusiyyətlərə malikdir. Doğrudur paltarsız yaşaya bilməzdik, lakin bu isitmə məqsədinin arxasında başqa mətləblər də var.

Paltarlar kimliyimizin, mədəniyyətimizin və sosial normalarımızın bir hissəsidir. Geyim bizi başqa canlılardan və təbiətdən ayıran bir xüsusiyyətdir. Bundan başqa geyimlər bizim hansı sosial və ya siyasi qrupa aidliyimizi göstərərək bizi bir-birimizdən ayırır.

  • Bu məqalənin ingilis dilində yazılmış versiyası ilə BBC Earthsaytında tanış ola bilərsiniz.
  • Dərgidə dərc olunan başqa yazıları burdaoxuyun.

Əlaqəli mövzular