Gepardlar haqqında bilmədiyiniz 5 şey

Bəli, onlar çox sürətlidirlər, balaları qəşəng və tüklüdür, onlar tükənmək təhlükəsi ilə üz-üzədirlər. Ancaq bu qeyri-adi pişiklər haqqında bilmədikləriniz də var.

Fotonun müəllifi Getty Images

1. İranda gepardların kiçik bir populyasiyası yaşayır

Qaçan gepardı təsəvvür etməyə çalışdığınız zaman gözünüzün qarşısına Afrika düzənliyi gələcək.

Ancaq tükənmək təhlükəsi qarşısında olan bu növün kiçik bir populyasiyası İranın əlçatmaz düzənliklərində yaşayır. Ona Asiya gepardı deyilir.

Bu heyvanın populyasiyası bir zamanlar Hindistan, Pakistan, Rusiya və Yaxın Şərqi əhatə edirdi. Hazırda isə bütün dünyada yalnız 60-100 Asiya gepardının qaldığı bildirilir.

Asiya gepardının (Acinonyx jubatus venaticus) başı daha kiçik, ayaqları daha qısa, tükü daha qalın, boynu isə Afrikalı qohumlarından daha güclüdür.

Gepardların bu növü alimləri son dərəcə uzaq məsafələrə səyahət etmək qabiliyyəti ilə təəccübləndirib.

2. Onların həyatda qalma əmsalı son dərəcə aşağıdır

Gepard balaları üçün həyatda qalmaq çox çətindir. Bir neçə araşdırma nəticəsində ölüm sayları dəqiq göstərilir. Bu say çox yüksəkdir. Bu, xüsusilə də Şərqi Afrikanın Serengeti regionuna aiddir.

Fotonun müəllifi Getty Images

1990-cı illərdə aparılmış bir tədqiqatın nəticələrinə görə, Serengetidə izlənilən gepard balalarının 95%-i yetkinliyə çatmamış tələf olub.

2013-cü ildə dərc edilmiş başqa bir məqalədə də bu regionda yaşayan gepardların həyatda qalma əmsalı eyni dərəcədə aşağı göstərilib. Ancaq eyni məqalədə Cənubi Afrikanın Kgalagadi Transfrontier Parkında yaşayan gepardların yetkinliyə çatmaq ehtimalının daha yüksək, 36% olduğu qeyd edilib.

Gepard balalarının çoxunun ölümünə aslanlar səbəb olur. Bu heyvanın digər düşmənləri kaftarlar, pabianlar (meymun növü) və yırtıcı quşlardır.

Gepard balalarının erkən yaşda ölməsinə həm də xəstəliklər və insan səbəb olur. Təəssüf ki, Körfəz ölkələrində qeyri-qanuni ekzotik heyvan ticarəti bu heyvanların populyasiyasına dağıdıcı təsir göstərir. Bu regionda gepard balaları dəb rəmzi kimi 10 min dollara qara bazara çıxarılır.

3. Qaçan gepard vaxtın 50%-də havada olur

Gepardlar sürətlidirlər. Onların nə qədər sürətli olması hələ dəqiq müəyyən olunmayıb. Ancaq bəziləri onların saatda 96 kilometr sürətlə qaçdığını deyirlər.

Fotonun müəllifi Getty Images

Bu, 100 metrlik sprint qaçışında 44,7 km / saat sürətlə qaçaraq dünya rekorduna imza atmış olimpiya çempionu Usain Boltun sürətindən iki dəfə çoxdur.

Gepard o qədər sürətlidir ki, bir sıçrayışda 7 metrlik məsafəni qət edə bilir. Bu zaman o, vaxtın 50 faizini tamamilə havada keçirir.

Gepardın sürət yığması da bir çox idman maşınlarını kölgədə qoymağa qadirdir. Bu heyvanın sürətinin 0-dan 96 km/saata çatması üçün cəmi 3 saniyə kifayət edir.

Gepard bu heyranedici sürətinə görə mütəhərrik çanaq və çiyin oynaqlarına və elastik onurğasına minnətdar olmalıdır.

Ancaq gepardlar bu yükə çox qısa zaman ərzində davam gətirirlər. Yəni, onların ovu yaxalamaq üçün təqribən 20 saniyə vaxtları var.

4. Gepardlar nərildəyə, ağaca dırmaşa, qaranlıqda yaxşı görə bilmirlər

Gepardlar qəribə iri pişiklərdir. Sürət, şübhəsiz ki, onların ən güclü silahıdır. Ancaq onlar bizim bütün iri pişiklərlə assosiasiya etdiyimiz bəzi şeyləri edə bilmirlər.

Fotonun müəllifi Cameron Spencer

Onlar nərildəyə bilmirlər. Əvəzində mırıldayır, ciyildəyir, fısıldayır və hətta hürürlər.

Qəribədir ki, onların gecə görməsi də bizimkindən yaxşı deyil. Əslində, bu pişiklər gündüz heyvanlarıdır. Onlar səhərin erkən saatlarında və günortadan sonra ov etməyə üstünlük verirlər.

Gepardlar ağaca da dırmaşa bilmirlər.

5. Dişilər tənha, erkəklər isə birlikdə gəzir

Dişi gepardlar bir dəfəyə doqquza qədər bala doğa bilirlər. Ancaq onlar öz balalarını tənha böyüdürlər.

Fotonun müəllifi Getty Images

Bu sərt tənha analar demək olar hər gün özlərini və balalarını qidalandırmaq üçün ova çıxırlar.

Balaları balaca olanda ana onları tək qouyb ova gedir. Arada qayıdıb onların yerini dəyişir ki, onların qoxusu düşmənləri cəlb etməsin.

Dişi gepardlar yalnız başqa erkəklərlə cütləşirlər. Onlar bunu etməyə hazır olduqları zaman balaların öz qayğılarına gəlmək vaxtı gəlib çatır.

Erkəklərsə çox zaman "koalisiyalar" yaradaraq ömür boyu birlikdə yaşayırlar. Hər qrupda beşə qədər gepard olur.

"Koalisiya"dakı gepardlar adətən qardaş olur. Ancaq bəzən onlara kənardan gələnlər də qoşulur.

Əlaqəli mövzular

Bu barədə daha geniş