Tibb bacısı necə timsah ovçusu oldu?

Christy Kroboth kissing a captured alligator Fotonun müəllifi Christy Kroboth

Stomatologiya tibb bacısı Christy Kroboth həyatını insanlardan "daha dişli" canlılara - timsah-alliqatortlara həsr etmək üçün ixtisasını atıb. Alliqator ovçuluğu kurslarında o yeganə qadın idi.

Christy Kroboth deyir ki, o ilk dəfə lisenziya alanda bu işə bir növ hobbi, əyləncə kimi baxırmış. O hələ də stomatologiya kabinetindəki işinə davam edir, boş vaxtlarında isə timsah ovlayırdı.

"Amma məndə onları canlı ovlamaq yaxşı alınır və bu, indi mənim daimi işimdir" - deyir Kroboth.

Deyir ki, heyvanları uşaqlıqdan sevir və bu sevgi ona anasından keçib. Onlar maşınla bir yerə səfər edəndə anası maşını saxlayar, yolu keçmək istəyən tısbağalara kömək edərmiş.

Onun yaşadığı yerdə, Texasın cənubunda alliqatorlar çoxdur. Amerika timsahına məhz alliqator deyirlər.

Xanım Kroboth-un sözlərinə görə adamlar alliqatorlardan çox qorxurlar. Onlar ehtiyat edirlər ki, alliqatorlar onların uşaqlarını və ya it-pişiklərini yeyə bilər. Amma son 100 ildə alliqator bircə adam öldürüb.

Alliqatorların bu növü Yer üzündə hələ dinozavrların zəmanəsindən yaşayır. Onlar ekosistem üçün çox mühümdürlər, çünki su flora və faunasını tənzimləyirlər.

"Əslində isə çox utancaq və ziyansız heyvanlardır - deyir Kroboth, - Amma adamlar onları xortdana çeviriblər. Mən alliqatorları ilk dəfə görəndə düşündüm ki, insanların onlar barədə təsəvvürlərini dəyişmək üçün nə edə bilərəm".

Image caption Christie bu nəhəng alliqatoru qolf meydançasında tutub

Kroboth deyir ki, alliqatoru gedib elə-belə ovlamaq olmaz. Onları Texas ştatının qanunları qoruyur. Buna görə də ov üçün icazə almaq lazımdır.

Buna görə də Kroboth ovçuluq kursunda başqa tələbələrlə birlikdə qanunvericiliyi, normativv tələbləri öyrənib. Yalnız bunlardan sonra təhsilin təcrübə hissəsi başlanıb: Alliqatorları tutmaq.

"Əvvəlcə elə bilirdim ki, mən alliqatorlara heç vaxt toxuna bilmərəm. Amma içimdə nəsə bunu etməli olduğumu deyirdi. Mən bunu alliqatorlara görə yox, kənd oğlanlarına gücümü göstərmək üçün etməliydim" - deyir Christie.

"Mən gölməçəyə tərəf qaçdım, alliqatoru tutub ağzını lentlə doladım və testdən keçdim. Bu mənim həyatımın ən xoşbəxt anlarından biri idi" - deyə bildirir alliqator ovçusu.

Christie deyir ki, onun ovladığı ən böyük alliqator 4 metr uzunluğunda olub. Onun çəkisi 408 kiloqram idi. Ovçunun öz çəkisi isə 54 kiloqramdır.

Bu alliqator kor idi və parkda itmişdi. Gölməçəyə gedən yolu tapa bilmirdi.

O adətən alliqatorların ağzını iki əli ilə qapayır. Sonra görəndə ki, vəziyyətə nəzarət onun ixtiyarındadır, əlinin birini boşaldıb cibindəki izolə lentini çıxarır və heyvanın ağzını bağlayır. Bütün bunları cəld etmək lazımdır.

Həmin o kor alliqator çox ağır idi və Christie zəng edib dostlarını köməyə çağırmaq istəyirdi. Amma səhər saat 6-da kimə zəng edə bilərsən?

Fotonun müəllifi Getty Images

Axırda ona bir polis nəfəri kömək edib. Bir şərtlə ki, əlini alliqatorun ağzına vurmayacaqdı.

Christie Kroboth deyir ki, alliqatoru ovlamağın başqa bir üsulu da qəfildən onun belinə tullanmaqdır.

Nə isə. Həmin alliqatorla bir xeyli çəlləşməli olub. Alliqatorun belinə bir az yöndəmsiz tullanıb və bu, heyvanın "xoşuna gəlməyib". Christie düz onun ağzının qarşısına düşüb. Ağzı da ki, açıq idi...

Bu alliqatoru tutmaq üçün bir neçə saat cəhd göstəriblər. Artıq gün-günorta idi və adamlar parka, ətrafdakı mağazalara gəlirdilər. Odur ki, riskə getmək olmazdı. Onlar təbiəti mühafizə müfəttişlərini çağırıblar.

"Mən kədərlənmişdim, çünki müfəttişlər alleqatorları diri tutmurlar, sadəcə güllələyirlər" - deyə xatırlayır ovçu qadın.

Christie tanış müfəttişə zəng edib və vəziyyəti ona ağlaya-ağlaya başa salmağa çalışıb.

Sizin qurğunuzda yenidən səsləndirmə mümkün deyil
Christie Kroboth və polis nəfəri parkda alliqatoru ovlamaq istəyirlər

"Christie, bəsdir ağladığın. Gəlib sənə kömək edərəm. Mən gələnədək alliqatora yaxınlaşma" - deyib inspektor.

O bu sözlərdən sanki güc alıb. Deyir ki, nəinki alliqatoru, hətta bütün dünyanı ram etməyə hazır imiş. Bir neçə dəqiqədən sonra alliqator artıq ağzıbağlı şəkildə sakitcə uzanmışdı.

Sonra müfəttiş gəlib: "Sənə demədimmi mən gələnədək, ona toxunma? Demədimmi onu diri tutma?"

Sonra alliqatoru bir yerdə yük maşınına qoyublar.

Potensial baxımdan təhlükəli alliqatorları daha həmin parka buraxmırlar. Aparıb gölməçələrin çox olduğu xüsusi fermalara verirlər. Amma "özünü yaxşı aparan" alliqatorları başqa xüsusi yerlərdəki göllərə buraxmaq olar.

Missisippi (Amerika) alliqatoru

  • 8 milyon ildən çoxdur ki, Şimali Amerikanın şirin sulu göllərində yaşayır
  • Balıqlar, amfibiyalar, reptiliyalar, quşlar və başqa heyvanlarla qidalanır
  • Orta çəkisi 360 kiloqram, uzunluğu 4 metrdir

"Mənim cipim var və bəzən balaca alliqatorlar maşınıma dırmanıb orda oturmağı xoşlayırlar. Odur ki, mən onları maşından düşürmürəm. Bir yerdə səyahət edib başqa sürücüləri salamlayırıq" - deyir Kroboth, - Ən əsası odur ki, özlərini yaxşı aparsınlar".

Onlar bəzən "ayaqoluna" elə maşındaca gedirlər. İyləri o qədər də yaxşı deyil. Ona görə də maşının pəncərələrini açıb yola davam etmək lazım gəlir, Christie deyir.

"Məncə adamları bizimlə yanaşı yaşayan heyvanlar barədə maarifləndirmək lazımdır, - deyir keçmiş tibb bacısı, - Onlar bəzən mənimlə birlikdə divanda oturub televizora baxırlar".

  • Bu məqalənin orijinalını ingilis dilində BBC Future səhfəsində oxuya bilərsiniz.
  • Dərgidəki başqa məqalələri burda oxuyun.