Niyə uşaqlara qəribə adlar verilir?

Беременная с наклеенными на живот вариантами имени младенца Fotonun müəllifi Thinkstock

Qeyri-adi və tamamilə unikal adlar getdikcə daha geniş yayılır. BBC Future müşahidəçisinə görə, bu tendensiya, mədəniyyətin dərin inkişafına işarədir.

Bəzən valideynlər yeni doğulmuş körpələrinə ad seçmək üçün uzun zaman fikirləşməli olurlar. Amma onlar, işin məhkəmədə bitəcəyini qətiyyən gözləmirlər.

Son bir neçə il ərzində dünya üzrə hakimlərin, valideynlərin seçiminə qarışmağa məcbur olması halına tez-tez rast gəlinir. Belə ki, Fransada Nutella, Böyük Britaniyada isə Sianid adına qadağa qoyulub.

Amma, çox güman ki, ən qəribə hadisə Yeni Zelandiyada baş tutub. Valideynlərinin Talula-Havaiyidən-Olan-Hulanı-Oynadır (Talula Does the Hula From Hawaii) adlandırdıqları qız, özünə daha milli ad seçə bilsin deyə, məhkəmə nəzarətinə götürülüb.

"Ad, şəxsiyyətimizin əsas elementlərindən biridir və dövlət və hökumətin bizi necə müəyyənləşdirməsi ilə bağlı hüquqi aspektlərlə əlaqədardır - Leicester universitetinin sosioloqu Jane Pilcher deyir.- Bundan əlavə, gender, etnik və şəxsiyyətin digər aspektlərinə təsir edərək, bizim mədəni və sosial kimliyimizin formalaşmasında rol oynayır."

Buna baxmayaraq, valideynlər, tez-tez övladlarına qeyri-adi və unikal adlar verirlər.

2010-cu ildə San-Diego Universitetinin psixologiya kafedrasının professoru Jean Twenge, 1880 və 2007-ci illər arası doğulan 325 milyon amerikalı uşağın adlarını araşdırıb.

O, müəyyənləşdirib ki, 1950-ci ildən üzü bəri, ümumi adların populyarlığı azalıb.

Məsələn, 1950-ci ildə oğlanlara 30% verilən ilk onluqdakı adlar, 2007-ci ildə 10%-dən aşağı olub.

Fotonun müəllifi Thinkstock
Image caption Ad uşağın şəxsiyyətini yaradan əsas şeylərdən biridir və son zamanlar əksər valideynlər, tamamilə unikal variantlar seçirlər

Twenge, insanların uşaqlara fərqli ad vermək üçün yeni adlar yaratdıqlarını - misal üçün adi adların yazılış formasını dəyişdiklərini vurğulayır.

Belə ki, Amerikada Jaxson kimi yazılan ad ilə Jackson adı eyni səslənir və ən məşhur 50 ad arasına daxildir.

Böyük Britaniyada isə, körpələrə Amelia-Rose kimi ikili ad vermək dəbdədir.

Bu tendensiya yalnız ABŞ və Böyük Britaniyada yayılmayıb.

Bu yaxınlarda Yaponiyada, 2004 - 2013-cü illər arası doğulan uşaqların adları ilə bağlı araşdırma aparılıb.

Müəyyən olunub ki, valideynlər qeyri-adi səslənən ənənəvi çin heroqliflərinin köməyi ilə övladları üçün unikal adlar yaradıblar.

Başqa bir tədqiqat, alman kəndlərindən birində baş tutub.

Aşkar edilib ki, 1894-cü ildə adların 32% -i fərqli olduğu halda, 100 il sonra, 1994-cü ildə unikal adlara malik insanlar 77% olub.

Dəbdən əlavə bu dəyişiklilərin səbəbi nədir? Və bu, gələcək nəsillərə necə təsir göstərəcək?

Psixoloq və sosioloqlar müəyyənləşdiriblər ki, fenomen gözlənilməz nəticələrə gətirir.

Qabaqcıl düşünmə

Onlardan biri, tendensiyanın fərdiyyətçiliyi göstərməsidir.

"Amerika mədəniyyətinin daha çox fərdiyyətçilik əsaslı olduğuna nəzər salsaq, valideynlər də övladlarına, onları fərqləndirən adlar verməyə çalışdıqlarını görərik. Buna görə də, unikal adlar getdikcə artır, ümumi adlar isə azalır," Twenge izah edir.

Yaponiya və Almaniyadakı araşdırmaların müəllifləri də, analoji nəticəyə gəliblər: hər birimiz toplumdan fərqlənməyə çalışırıq.

Arizona Dövlət Universitetinin psixologiya kafedrasının dosenti Michael Varnum, individualizmin müxtəlif regionlarda bu dərəcədə inkişafının səbəbini araşdırıb.

Bir araşdırma nəticəsində o, müəyyən edib ki, ABŞ-ın fərqli coğrafi ərazilərində ümumi adların daha az yayıldığı yerlərə, avropalıların daha gec gəldiyi regionlar - Dağlıq Qərb, Sakit okean Şimal-qərbi və Colorado, Nevada, Oregon və Wyoming kimi ştatlar daxildir.

Fotonun müəllifi Thinkstock
Image caption Övladınıza hər hansı adı verməmişdən öncə, onun rəsmi sənədlər, pasport və bank kartında necə görünəcəyini düşünün

Eyni tendensiya, Kanadada da mövcuddur. Belə ki, məskunlaşmanın daha tez başladığı şərqə nisbətən, ölkənin qərb tərəfində daha çox fərqli adlara rast gəlmək olur.

Analoji hal, Avstraliya və Yeni Zelandiyada da müşahidə olunub.

"Burada söhbət, ən köhnə mühacirlərin mirasından gedir - deyə o, izah edir. - Bu insanlar, təsadüfən seçilmirlər. Əgər insan yeni, naməlum və olduqca təhlükəli bir yerə getmək üçün qərar verirsə, çox güman ki, o, özünə arxayın və azaddır. Biz bu gün də, bənzəri xarakterin əks-sədasını görürük."

Burada əmlak amili də rol oynayır. Məsələn, Varnum, son araşdırmalarından birində unikal adların yayılması ilə iqtisadi şəraitin yaxşılaşması arasındakı əlaqəni müəyyənləşdirib.

Sosial-iqtisadi strukturların inkişafı ilə individualizmin müxtəlif tərəfləri də artmağa başlayıb.

Varnum göstərib ki, özlərinə bağlı insanlar tez-tez, unikal olduqlarını düşünürlər. Alim hesab edir ki, bu, təkamül prosesinə təsir göstərə bilər.

"Çox resursa sahib olduqda və onların bitəcəyi qorxusu olmadıqda, özünü fərqləndirməyə dəyir. Əslində isə, toplumdan uzaqlaşmaq, xeyir verə bilər, - o bildirir. - Misal üçün, bunun sayəsində yenilik imkanları yaranır."

Amma, çətin anlarda risk etməyə dəyməz. "Əgər bir o qədər resurs və ya vasitəyə malik deyilsinizsə, yəqin ki, palaza bürünüb, el ilə sürünmək daha ağıllı olar."

ABŞ-da aparılan başqa bir araşdırmada, 1948 və 2014-cü illər arasında doğulanlara verilən adlar öyrənilib və nəticə bu da nəzəriyyə ilə üst-üstə düşüb.

Fotonun müəllifi Thinkstock
Image caption Ad, tibb və qanun kimi sahələr üzrə insanın şansına təsir edə bilər

Fərdin formalaşmasında adın rolunu nəzərə alsaq, bu, insanın həyatına da təsir göstərə bilər.

İndi bu ehtimalı sübut edən dəlillər ortaya çıxıb.

Bir araşdırmanın nəticəsinə əsasən, asanlıqla tələffüz olunan adlar, yaxşı təsir bağışlayır və hüquq şirkətlərində yüksək vəzifələrlə üst-üstə düşür.

Adlar hətta, şəxsi həyata da təsir göstərə bilər. Başqa bir tədqiqat isə göstərib ki, tanışlıq səhifələrinin izləyiciləri, nadir hallarda qeyri-adi adlara fikir verirlər.

Bundan əlavə, cinsləri arasındakı sərhədi müəyyənləşdirən adlar da getdikcə qarışır.

ABŞ-da yerləşən Şimal-qərb Universitetinin siyasi elmlər üzrə direktoru David Figlio, bir necə cüt bacılar üzərində araşdırma aparıb.

Əvvəlcə o, qızların və oğlanların adlarının quruluşu ilə bağlı müəyyən fenomenin mümkünlüyünü ortaya çıxarmaq üçün bir neçə min adı analiz edib.

Məsələn, Ann adı qadın adı olsa da, onun Anne kimi yazılışı linqvistik olaraq daha çox qadın cinsinə şamil olunur.

Qadın adları adətən kişi adlarından daha uzun olur. Linqvistik nöqteyi-nəzərindən belə adlardan biri Anastasiyadır.

"Mən diqqət etdim ki, hər iki cinsə yaraşan ada malik qızlar, daha çox dəqiq elmlər və riyaziyyata meylli olurlar, nəinki onların qadın cinsinə mənsub bacıları," David Figlio deyir.

Bu təsir, yetkinlik yaşında da özünü göstərir. Digər bir araşdırmanın gedişatı göstərib ki, linqvistik olaraq, kişi adlarına yaxın ada sahib qadınlar, daha çox hüquqşünaslıq üzrə uğur qazanırlar.

Oğlanlarda isə başqa bir qanunauyğunluq var. Filgio-nun müəyyənləşdirdiyi kimi, orta məktəbdə daha çox qız adına oxşar ad daşıyan oğlanların olduğu sinifdə təlim daha aşağı səviyyədə olur. Xüsusilə də, sinifdə eyni adı daşıyan qız olarsa.

Fotonun müəllifi Thinkstock

"İngilisdilli ölkələrin əksəriyyətində adların dəqiq cinsi mənsubiyyəti olur. Demək olar ki, 97% halda adın kişi və ya qadına aid olmasıni müəyyənləşdirmək mümkündür," Pilcher deyir.

"Əgər oğlana qız adı verilərsə, bu ona, ziyan gətirə bilər. Çünki oğlanda qadın xüsusiyyətləri ağıllı qəbul olunmur. Lakin, oğlan adına sahib qızlar üçün bu bir uduş sayıla bilər, çünki kişilik ənənəvi olaraq yüksək qiymətləndirilir."

Bəzi ölkələrdə uşaqların qeyri-adi ada sahib olması cəmiyyətə elə təsir göstərir ki, bu, dövlət tərəfindən nizamlanır.

Məsələn, İslandiyada valideynlər, yalnız təsdiqlənmiş siyahıdan ad seçə bilərlər.

Almaniyada isə ad elə seçilməlidir ki, uşağın cinsi ilə üst-üstə düşsün.

Bu, adın uşağa təhqiramiz təsiri və özündə narahatçılıq yaratması ilə izah olunur. Sistem isə, uşağı mümkün hücumdan qorumağa borcludur.

David Filgio-nun bildirdiyi kimi, əlbəttə ki, insanın adı həyatına müəyyən mərhələyə qədər təsir göstərir, bəzi insanlar üçün isə, ümumiyyətlə bir əhəmiyyət kəsb etmir.

"Mən, əslində demək istəyirəm ki, bunu yadda saxlamaq vacibdir. Təbii ki, uşaqlara bəyəndiyimiz adları verməliyik, amma bununla belə, insanların uşaqlarımıza münasibətini də unutmamalıyıq."

  • Bu məqalənin orijinalını ingilis dilində BBC Future səhfəsində oxuya bilərsiniz.
  • Dərgidəki digər məqalələri burda oxuyun.