Qarşımıza yad planetli çıxarsa, din necə olacaq?

Kilsə Fotonun müəllifi Getty Images

Başqa planetlərdə həyat olması, din ilə üst-üstə düşməyə bilər. Bununla belə, BBC Future müşahidəçisinin yazdığı kimi, dinlərin bir çoxu yad planetlilərin mövcudluğu ehtimalını inkar etmir.

2014-cü ildə NASA (Amerika Milli Havaçılıq və Kosmos Dairəsi), New Jersey-də yerləşən ekümenik tədqiqat institutu Ruhanilər Sorğu Mərkəzinə, "astrobiologiyanın ictimai təsirini" araşdırmaq üçün 1.1 milyon dollar vəsait ayırıb.

Bəziləri bundan hiddətlənir. Kilsə ilə dövlət arasında fərqi aşılayan Dindən Azadlıq Fondu (Freedom From Religion Foundation - FFR), NASA-dan qrantı geri çəkməyi istəyir və əks-təqdirdə NASA-nı məhkəməyə verməklə hədələyir.

FFR narahatçılığının hakimiyyət və dini təşkilatların qarışması olduğunu bildirir və qrantı pul itkisi hesab edirdi. "Elm, öz inkişafının iman əsaslı inanclara necə təsir edəcəyindən narahat olmamalıdır."

FFR-in arqumenti diqqətə alınmasa belə, bir gün yad planetlilər aşkar olunarsa, insanlıq buna reaksiya verməlidir.

Bu, elmin gücünü çatmadığı suallara yol aça bilər. Məsələn, "Həyat nədir?" deyə soruşduqda, elmi, yoxsa teoloji sual veririk? Həyatın başlaması və gələcəyi ilə bağlı suallar çox qarışıqdır və nizamlı, kompleks şəklində cavablandırılmalıdır. Və buraya, yad planetlilərin aşkarlanması ilə bağlı cavablarımız da daxildir.

Bu, boş təxəyyül deyil: bir çox alimlər dünyadan kənardakı həyatın mövcudluğu ilə bağlı cümlələri əgər ilə deyil, nə zaman ilə başlayırlar.

Bu əminliyin səbəbləri çoxdur, lakin ən əsası, alimlərin bizim Günəş Sistemimizdən kənarda yerləşən planetləri sürətlə aşkarlamasıdır. 2000-ci ildə astronavtlar bu cür "xarici planetlərdən" 50 -i haqqında məlumatlı idilər.

2013-cü ilə qədər onlar, təxminən, 800-dən çox planet sisteminə daxil 850 planet aşkarlayıblar. Vanderbilt Universitetinin astronomiya üzrə dosenti və Dinlər və Dünyadan Kənardakı Həyat (Religions and Extraterrestrial Life) adlı kitabın müəllifi David Weintraub-a əsasən, rəqəm 2045-ci ilədək bir milyona çata bilər.

"Biz, xarici planetlərin sayının ulduzlar kimi saysız olacağını gözləyə bilərik," o yazır.

Aşkar olunan planetlərdən 20-i yer ilə eyni ölçülər və ulduzları ətrafında "həyat üçün yararlı" əraziyə malikdirlər. Buraya ən son tapılan və Proxima Centauri-yə daxil Proxima b də daxildir.

Həqiqət budur ki, kosmosa daldıqca, bizim planetimizin həyat üçün yararlı yeganə planet olmadığından əmin olursan.

Fotonun müəllifi Getty Images
Image caption Astronomlar getdikcə günəş sistemindən kənarda daha çox planetlər aşkarlayırlar və bəziləri kənar həyatın olmasını danılmaz sayır

Bir neçə istisna ilə Seti (the Search for Extra-Terrestrial Intelligence - Dünyadan Kənar İntellekt Axtarışı) haqqında müzakirələr, adətən çətin elmlərin əsasında dayanır. Seti-nin nəticələrini aşkarlamaq üçün biologiya və fizikanın gücündən əlavə, insanlıq, fəlsəfə və hətta teologiyaya ehtiyac var.

Carl Sagan-ın Kosmik Sual (The Cosmic Question - hazırda çapı dayandırlıb) adlı kitabında göstərdiyi kimi, "kosmik kəşfiyyatlar birbaşa dini və fəlsəfi suallar doğurur". Biz, inanclarımızın yeni varlıqlara qarşı nə dərəcədə tolerant ola biləcəyi - və ya imanımızı tamamilə dəyişmək iqtidarında olduğunu düşünməliyik.

Sakit okean Lüteran Teoloji Seminarından İlahiyyat üzrə Fəxri Professor Ted Peters tərəfindən müəyyənləşdirilən ekzoteologiya və ya astro-teologiya adlı bu suallara cavab axtararkən, onun da bildirdiyi kimi "dünyadan kənardakı həyatın dini əhəmiyyəti ehtimalı"na nəzər salmaq lazımdır.

Biz nə dərəcədə nadirik?

Yad planetlilərin aşkarlanması, hansı məsələlərə yol açacaq? Gəlin bizim nadirliyimiz suallı ilə başlayaq - o məsələ ki, ilahiyyatçı və alimləri hər zaman düşündürüb. Paul Davies-in Biz Təkikmi? (Are We Alone?) adlı kitabında izah etdiyi kimi, Set-ni axtarmağın üç prinsipi var.

Bunlardan birincisi, təbiətin təkcinsliliyidir - dünyada görünən fiziki proseslər Kainatın başqa yerlərində də mövcud ola bilər. Yəni, həyat yaradan eyni proseslər, onu hər yerdə yarada bilər.

İkinci prinsip çoxluqdur, yəni burada, mümkün olan hər şeyin reallaşacağı təsdiq olunur.

Seti-nin məqsədləri üçün ikinci prinsip iddia edir ki, əgər həyatın yaranması üçün heç bir əngəl yoxdursa, həyat yaranacaq və ya termini yaradan amerikalı filosof Arthur Lovejoy-un dediyi kimi, "varlığın heç bir əsl ehtimalı, yerinə yetirilməmiş qala bilməz".

Sagan bunun səbəbini belə izah edir: "Görünür ki, həyat üçün əlverişli planetlərdə onun mənbəyi, Kainatın kimyəvi quruluşunu yaradır."

Üçüncü - sıravilik prinsipi, Yerin statusu və ya Kainatdakı mövqeyi ilə bağlı xüsusi heç bir şey iddia etmir.

Bu, İbrahimi dinlər üçün ən böyük problemi yarada bilər. Çünki, prinsip iddia edir ki, bəşəriyyət Allah tərəfindən məqsədli şəkildə yaradılıb və digər varlıqlara nisbətən daha üstün mövqeyə sahibdir.

Fotonun müəllifi Getty Images
Image caption İnsanlığın vahidliyi ilə bağlı düşüncəyə sahib dindar insanlar, yadplanetlilərin aşkara çıxması ilə çətinliklə üz-üzə qala bilərlər

Bizim müasir elm dünyamız, sıraviliyimizi qavrama əsasında yaranıb. Dinlər və Dünyadan Kənardakı Həyat kitabında David Weintraub-un göstərdiyi kimi: "1543-cü ildə kimya mühəndisi Kopernik, Yerin Günəş ətrafında orbit üzrə hərəkət etdiyini aşkarladıqdan sonrakı intellektual inqilab... Aristoteldən qalma geosentrik Kainat qalıqları tarixin zibil qabına atdı.

Kopernik inqilabı, sonralar təsdiq edildiyi kimi, alimlər üçün bünövrə oldu.

Davies də planetimizin "tipik qalaktikada tipik ulduz ətrafında tipik planet" olduğunu iddia edir. Sagan isə bunu daha təəccüblü formada izah edir: "Biz, bəşəriyyətdən daha artıq qalaktikaların mövcud olduğu kainatın hansısa bir unudulmuş küncündə yerləşən, monoton bir ulduzun önəmsiz bir planetində yaşadığımızı aşkarlamışıq."

Bəs öz varlığının Allahın şah əsəri olması fikrinə sahib inanclı insan, bununla necə barışa bilər? İnsanlar, öz planetlərinin milyardların bir hissəsi olduğu və Allahın göz bəbəyi olmadıqlarına necə inanarlar?

Zəkalı yadplanetlilərin tapılması, insanın özünü qavramasında Kopernik effektinə bənzər bir hadisəyə səbəb olacaq. Bu tapıntı, inanclıların özlərini əhəmiyyətsiz hiss etməsi və nəticədə imanlarını sual etməsinə gətirib çıxaracaqmı?

Narahatçılığın yanlış istiqamətləndirildiyini düşünürəm. Allahın insanları yaratması və idarə etməsi ilə bağlı iddialar, heç vaxt dünya mərkəzli olmayıb. Həm yəhudi, həm də xristianların müqəddəs saydıqları Zəburda, Allahın bütün ulduzlara ad verdiyi deyilir.

Talmuda əsasən, Allah gecələrini 18,000 dünya boyunca uçmaqla keçirir. İslam da iddia edir ki, "cənnətlər və yerdə olan hər şey" Allahındır və Quranda deyilir ki, bu qaydanın tətbiqi bir kiçik planetdən qat-qat artığına aiddir. Bütün müqəddəs yazılar birmənalı olaraq insanın, eyni anda bir neçə şeyi bacaran Allah üçün xüsusi olduğunu vurğulayır.

Fotonun müəllifi Getty Images
Image caption Hərfi qavramadan asılı olaraq, bəzi müqəddəs yazılar, yad planetlərdəki həyatı inkar etmir.

Bundan başqa, biz "xüsusi" sözünü təkrarsız, nadir və ya təcrid edilmiş fenomen kimi qiymətləndirməməliyik. Peters-in də dediyi kimi, Kainatın başqa bir yerindəki həyatın aşkar olunması, Allahın Yerdəki həyata sevgisini azaltmayacaq, "valideynlərin övlada sevgisini bacı və ya qardaşın olması azaltmır". Əgər Allaha inanırsınıza, onun ulduz övladlarından yalnız bir neçəsini sevdiyini düşünmək lazım deyil.

Vəhy

Bəs səmavi kitablar, yad həyatın mümkünlüyünü qeyd edirlərmi? "Dində ən sadə şey," katolik kahin və teoloq Thomas O'Meara yazır, "insan təbiətində olan, lakin əlçatmaz bir şeylə əlaqədir."

Yəhudilər, xristianlar və müsəlmanlar üçün bu, hər nə qədər xüsusi tarixi hadisələrlə bağlı olsa da, yazılı vəhylərdən ibarətdir.

Ən yaxşı teologiyalar, bu məhdudiyyətləri tanıyır. Bəziləri isə yox. Və həmin inanclılar üçün yad planetlərdə həyatın olması bir az təhlükə kimi görünə bilər.

Weintraub düşünür ki, yevangelistlər üçün Seti-i qəbul etmək çətin ola bilər, çünki onlar, öz müqəddəs kitablarına yüksək dərəcədə hərfi mənada yanaşırılar.

Onların hermenevtik irsi, Lüterin Sola Scriptura-sına qədər gedib çıxır. Burada Allahın qurtuluş üçün planını anlamağın "Yalnız Müqəddəs Yazı"nı qavramaq olduğu car çəkilir. (Bir diqqətəlayıq istisna: yevangelist Billy Graham 1976-cı ildə National Enquirer-ə, Allahın "kosmosun çox uzaq bir yerində" yad həyat yaratdığına "ürəkdən" inandığını demişdi.)

Onlar, digər hər hansı yazı və ya ideyanın Tövrata uyğun qiymətləndirilib qəbul olunmasına inanırlar.

Misal üçün, götürək Darvinin təkamül nəzəriyyəsini. Bəzi yevangelistlər bunu inkar edərək, Allahın dünyanı yeddi gündə yaratdığını deyirlər.

Bu, dünya üzrə xristianların təkrarladığı bir şüarda cəmləşib: "Allah buyurubsa, buna inanıram və məsələ bitib!" Əgər bu xristiandan yad planetlərdəki həyata inanıb-inanmadığını soruşsanız, onun instinktiv olaraq ilk cavabı çox güman ki, Tövratda Allahın yaradılış haqqında dedikləri olacaq.

Allahın yaratdıqları arasında yad planetlərdəki həyatın olması ilə bağlı heç bir dəlil tapmayaraq o sözünü, kreasionist Jonathan Safarti kimi, insanların kainatda yalnız olduğu ilə bitirəcək.

"Müqəddəs yazı təkidlə başqa həyatların mövcudluğunu təkzib edir," o, Elm və Teologiya Xəbərlərində (Science and Theology News) yazıb.

Xristian, İnkarnasiyaya da (Təcəssüm) dərindən inanır. Xristianlıqda Allahın birinci əsrdə Nazaretdən olan İsa qismində yerə endiyi inamı mövcuddur. Xristianlığa əsasən, qurtuluş yalnız İsanın ölümü və dirilməsi nəticəsində baş verə bilər. Allaha gedən bütün yollar, ondan keçir. Bəs, İsanın hekayəsindən xəbərsiz Kainatdakı digər sivilizasiyalar üçün bunun bir anlamı varmı?

Fotonun müəllifi Getty Images
Image caption İnanclı kəslər, dinlərinin - və onun xilas üçün göstərdiyi yolların - yad planetlilərə də aid olduğunu sualı ilə qarşılaşa bilərlər

Thomas Paine 1794-cü ildə Səbəb Dövrü (Age of Reason) adlı müxtəlif dünyalarla bağlı məşhur müzakirəsində bu suala həll tapmağa çalışıb.

Dünyaların sonsuz çoxluğuna inanmaq, Paine-ə görə, "inamın Xristianlıq formasını gülünc şəkildə alt-üst edir". Hər ikisini eyni anda qəbul etmək mümkün deyil, o yazıb, və "hər ikisinə inanan şəxs, iksi haqqında da çox az biliyə malikdir".

Allahın yerdə qalan dünyaları "düşünməyib" yaratdıqları arasında yalnız bunda ölməsi nə dərəcə ağlabatandır? Yoxsa, Allahın "bu əngin yaradılışları içindəki hər bir dünyaya" ayrıca səfərimi olur?

Əgər bu doğrudursa, o zaman həmin şəxsin "bir dünyadan digərinə getməkdən və hər dəfəsində ölməkdən başqa işi yoxdur" deyə Paine yekunlaşdırır.

Xülasə: əgər Xristianlığın xilası yalnız Allahın İnkarnasiyası baş verən dünyalarda mümkündürsə, bu o deməkdir ki, Allah həyatını kosmosdakı dünyaları gəzib, çarmıxa çəkilib və yenidən dirilmə ilə keçirir. Bu, Paine-ə tamamilə absurd görünür və o, Xristianlığı inkar edirdi.

Lakin, problemə baxmağın başqa yolu da mövcuddur ki, bu, Paine-in ağlına gəlməyib: bəlkə Allahın Yer üzündəki təcəssümü, Kainatdakı bütün yaradılışlar üçün "keçərlidir".

Bu fikrin sahibi, Yezuit kahini, Vatikan Rəsədxanasının keçmiş direktoru və 2010-cu ildə çap edilən Çoxlu Dünyalar: Yeni Kainat, Dünyadan Kənardakı Həyat və Teoloji Təsirlər (Many Worlds: The New Universe, Extraterrestrial Life and the Theological Implications) adlı kitabın müəllifi George Coyne-dir.

"O necə Allah ola bilər ki, dünyadakıları günah içində buraxıb gedir? O, yeganə oğlu İsanı göndərib... Allah bunu dünyadan kənardakı canlılar üçün də edibmi? Bunun Xristian teologiyası il dərin əlaqəsi var... Tanrının qurtuluşunun universallığı və hətta, bütün yaradılışlar, eləcə də, cansızlar qavramı müəyyən bir yolla onun xilasından asılıdır".

Daha başqa bir mümkünat da var. Qurtuluşun yalnız Yerə məxsus olduğu yanaşması.

Teologiya bizdən, Kainatdakı digər zəkalı varlıqların da günaha batması fikrini tələb etmir.

Bəlkə də insanlar özünəməxsus formada pisdirlər. Və ya, dini dildə desək, bəlkə də Yer, Adəm ilə Həvvanın evi olacaq qədər bədbəxtdir.

Bizim ulduz bacı-qardaşlarımızın mənən asılılığı və mənəvi qurtuluşa ehtiyacı olduğunu kim bilə bilər ki? Bəlkə də onlar bizim inkişafımızın bu mərhələsində, daha mükəmməl mənəvi varlıq olmanın yolunu tapıblar.

Fotonun müəllifi Getty Images
Image caption Dinlərin əksəriyyəti mənəvi təcrübələrə əsasən, xüsusi ayinlər tələb edir

Davies-in qeyd etdiyi kimi, mənəvi düşüncə heyvandan həm şüur, həm də "hərəkətlərinin nəticələrini qavrayacaq zəka səviyyəsi" tələb edir. Yer üzündə bu dərrakənin bir neçə milyon yaşı var.

Əgər Kainatın digər yerlərində həyat mövcuddursa, çox güman ki, onun təkamülün bizimki ilə eyni mərhələdə deyil.

Kainatın mövcudluğunun nə qədər böyük bir yaşa sahib olduğunu nəzərə alsaq, ən azından bir neçə həyatın daha qədim və beləliklə də, bizimkindən daha təkmil olması ağlabatandır.

"Özümüzü Kainatın mənəvi baxımdan ən az inkişaf etmiş varlıqları hesab etməməliyik," Davies deyir.

Əgər Davies haqlıdırsa, demək, ulduz bacı-qardaşlarına Allah haqqında danışmaq insanların payına düşməyəcək. Təhsil tamamilə başqa cür gedəcək.

Gəlin qeyd edək ki, bu imkan, səmavi dinlərin ilahi vəhy iddiasını pozmur.

Tanrının Kainatdakı bütün intellektual varlıqlara həqiqətləri eyni cür çatdırmasını təsəvvür etməyə ehtiyac yoxdur.

Digər sivilizasiyalar ilahi vəhyi, özlərinə uyğun fərqli yollarla qavraya bilərlər.

Kimlik

Bəs dinlər arasındakı fərqlər necə? Bu kəşf dinlərin kimliyinə necə təsir göstərəcək? Phillip Klass 1974-cü ildəki Venerada Ravvin Var! (On Venus We Have Rabbi!) həkayəsində yəhudilər və başqa dindarları bu sualı düşünməyə çağırırdı.

Hekayənin gələcəkdəki bir məqamında yəhudi icması, Venera planetində Kainatın ilk Ulduzlararası Neozionist Konfransını keçirir.

İştirakçılar arasında çox uzaq bir ulduz Rigel-dən gələn intellektual yadplanetli növü Bulbas da var.

Konfransdakı yəhudilər, Bulbas-ların boz ləkəli və caynaqlı fiziki görkəmindən təəccüblənirlər. Onlar qərara gəlirlər ki, Bulbas-lar insan ola bilməz və buna görə də yəhudi sayıla bilməzlər.

Ravvin məhkəməsi yəhudilərin yeni qonaqları barəsində nə düşündüklərini sual edir. Onlar soruşurlar ki, əgər bir gün, insanlar yəhudi olmaq istəyən yadplanetlilərlə qarşılaşsalar, nə baş verər? "Yox, qətiyyən uyğun deyilsiniz deyəcəyikmi?"

Ravvinlər bunun yaxşı cavab olmadığı qərarına gəlir və veneralılar üçün paradoksal bir yol təklif edirlər: "Biri var yəhudilər - və biri də var yəhudilər. Bulbas-lar ikinci qrupa aiddirlər."

Hekayənin yumorunun kulminasiyası, bizim milliyyətçiliyi dinə uyğun qavramamızdadır. Kimliyin müəyyənləşdirilməsi dünyaları qruplara bölmək iqtidarındadır: biz və onlar.

Amma, məsələ dindirsə, ayırım kosmik ölçüdə baş tutur və Allah bizim tərəfimizdə olur. Bu həmişə mədəniyyətlər arası dəyişkənliyin çətinliyi olub və danışıqların mövzusu kimi qiymətləndirilsə də, sərhədləri itməyib.

Fotonun müəllifi Getty Images
Image caption Məkan qavramı bir çox dinlər üçün çox vacibdir - yəni bu, inancların planetimizdəki həyatla bağlı olması anlamını verir

Yəqin ki, bu, Xristianlığın bəzi gündəlik ayinlərin daha az olduğu növlərinə nisbətən, Yəhudilik və İslam üçün daha çətindir. İslamı düşünün. Ona inananlar, ilboyu müxtəlif fiziki ayinləri yerinə yetirməlidirlər. Qurucusunun dini ayinlər üçün məkan vacibliyini aradan götürən Xristianlıqdan fərqli olaraq, İslam məkana çox bağlı dindir. Gün ərzində beş dəfə olmaqla, fiziki əyilmə və diz çökmə ilə müşayiət olunan namaz, üzü Məkkəyə doğru qılınır. Müəyyən vaxtlarda oruc tutulmalı və bacaran müsəlmanlar Məkkəni ziyarət etməlidirlər. İudaizmin də eynilə özünəməxsus orucları və - baxmayaraq ki, bu tələb olunmur - Müqəddəs Torpağa taglit deyilən ziyarəti mövcuddur. Müasir İudaizm, faciəli sürgün və diaspora tarixini nəzərə alsaq, İslam qədər məkandan asılı deyil.

Bəs, yadplanetlinin Yerdəki dinlərdən birinin nümayəndəsi olması üçün nə lazım olacaq? O, nəyi etməli olacaq? Gündə beş dəfə namaz qılmaq? Yəqin ki, onun planeti bizimki istiqamətdə dövrə vurmur və günlər daha qısadır - o zaman Yerdəki müsəlmanlar qədər namaz qılmalıdırmı? Vəftiz olunmalıdırmı? Sukkot üçün çadır qurmalıdırmı? Yadplanetlilərin bizimlə oxşar fiziki quruluşa malik olmadığına inansaq da, onların fiziki bədənlərinin olmasına şübhə yoxdur. Bəlkə də şübhə olmalıdır. Bu, onların dini qəbul etmə variantlarını məhdudlaşdırarmı?

Bu qeyri-ciddi ekzoteologiya kimi görünə bilər, lakin, önəmli olan budur ki, bizim dinlərimizin hamısı Yer-mərkəzlidir. Bunda heç bir qəbahət yoxdur. Ravvin Jeremy Kalmanofsky bu cür ifadə edir: "Din, insandır, üstünlüyə sosial reaksiyadır... Normativ Yəhudilik zehnimiz, mənəviyyatımız və bədənimizi müqəddəsləşdirmək üçün mükəmməl, zamanın sınağından çıxmış bir yol təqdim edir və bizi insan kimi saflaşdırır, dünyamızı inkişaf etdirir, müvəqqəti Dünyada həyatımızı əbədi Allahla birləşdirir."

Onun nəticəsi? "Mən yəhudiyəm. Allah isə yox."

Ravvinin nəzəriyyəsi, bizi digər kosmoslardakı və eləcə də bu planetdəki qonşularımız haqqında düşünməyə vadar edir. Əgər din, insanın ilahiliyə reaksiyasıdırsa - bu bizə ilahi tərəfindən aşılanıb və öyrədilibsə belə - cavabların, ərsəyə gəldiyi məzmundan asılı olaraq, fərqli olacağı da aydındır. Əgər Qərbi xristianlar, ilahiliyə öz üsulları ilə cavab verən yadplanetlilərin dini təcrübələrinə hörmət etməyi öyrənsələr, bəlkə o zaman, eyni prinsipləri Yerdəki müsəlmanlarla sülh içində yaşamaq üçün tətbiq edə bilərlər. Və əksinə.

"Milyardlarla günəş sistemi içində," O'Meara yazır, "sevgi formaları - istər yaradılmış, istər yaradılmamış məhdud ola bilməz. İlahi həyatın reallaşması, bir-biri və ya yaradılış ilə zidd olamayacaq."

Dinin sonu?

Əgər səhərimizi zəkalı yadplanetlilərlə əlaqə qurmaq xəbəri ilə açsaq, dinin reaksiyası necə olacaq?

Bəziləri bizim dindən kənarlaşaraq son məqsədə doğru yön alacağımızı düşünür. Peters tərəfindən aparılan bir təqdirəlayiq tədqiqat göstərib ki, yadplanetlilərin aşkara çıxmasının dünyəvi dinlər üçün çətinlik yaradacağına, dindar olmayan insanlar dindar insanlardan iki dəfə daha çox inanırlar (69% 34% nisbətində, müvafiq olaraq).

Lakin, dinin yadplanetlilərin gəlişi ilə ayaqda qala bilməyəcək qədər zəif olduğunu fikirləşmək də yanlışdır. Peters-in vurğuladığı kimi, bu iddia, "indiyədək baş verən adaptasiya dərəcəsini" şübhə altına almış olar.

Bir neçə diqqət çəkən istisnalardan - kreasionizm, zorakı fundamentalizm, eynicinslilərin nikahı - başqa din, qarşısına çıxan müxtəlif paradiqmalara adaptasiya olmağı bacarıb.

Əlbəttə ki, dinin yenidən-ixtira və adaptasiya xüsusiyyətləri, onun insanlarla bəsit səviyyədə bağlı olduğunu göstərən bir faktdır.

Dinin müəyyən aspektlərini, onları atmamaq şərti ilə yenidən gözdən keçirməyə dəyər, O'Meara qeyd edir.

"Var olma, aşkara çıxma və lütf, Yerdən başqa dünyalara da bəxş olunubsa, bu, xristianların özünü anlamasını təvazökar şəkildə dəyişəcək" - və əlavə etmək olar ki, bütün dinlərin özünü anlamasını.

Lakin, O'Meara deyir ki, "Bu, əlavə etmək və ya çıxarmaq məsələsi deyil, bəsit olanı yeni formada görməkdən ibarətdir."

Bir çox dinlər, ulduzların Allah tərəfindən adlandırıldığına inanırlar.

Görəsən, Allah həqiqətən ulduzların sakinlərinə də ad verir? Və belə olduqda, onların Allah üçün də özünəməxsus adları varmı?

Brandon Ambrosino New York Times, Boston Globe, The Atlantic, Politico, Economist və digər dərgilər üçün də yazıb. O, Delaware-də yaşayır və Villanova Universitetinin teologiya üzrə aspirantıdır.

  • Bu yazının orijinalınıingilis dilində BBC Future səhfəsində oxuya bilərsiniz.
  • Dərgidəki digər məqalələri burda oxuyun.

Əlaqəli mövzular