Bir gün internet olmazsa...

Fotonun müəllifi Getty Images

Bəzi insanlar üçün bir neçə saat internetsiz qalmaq ağlasığmazdır. Bəs bir gün internet olmazsa? Təsir, düşündüyümüz kimi olmaya bilər.

Jeff Hancock, Stanford Universitetindəki tələblərinə auditoriyada müzakirə etdikləri anlayışlarla bağlı tapşırıqlar verməyi sevir. 2008-ci ildən əvvəl o, bəzən tələbələrindən 48 saat internetsiz qalmağı istəyərmiş.

Lakin, 2009-cu ildə bir illik akademik məzuniyyətindən sonra, işə qayıdarkən bir çox şey dəyişmişdi.

"Tapşırığı auditoriyaya təqdim etdikdə, tələbələr etiraz etdilər," Hancock deyir.

O, internet üzərindən olan əlaqələrdə psixoloji və sosial prosesləri tədqiq edir. "Tələbələr, tapşırığın mümkünsüz və ədalətsiz olduğunu deyirdilər."

Onlar internetsiz hətta həftəsonunu belə keçirə bilməyəcəklərini iddia edirlər.

Belə ki, bu onlara digər fənlərin tapşırıqlarını yerinə yetirməkdə çətinlik yaradacaq, sosial həyatlarına təsir edəcək və dostları və ailələri nigaran qalmağına səbəb olacaqdı. Hancock, güzəştə gedərək tapşırığı ləğv edir və bir daha tətbiq etmir.

"Bu, 2009-cu ildə baş verib və indi bunu istəsəm tələbələrin nə edəcəyini heç ağlıma gətirə bilmirəm," o söyləyir. "Onlar yəqin ki, məndən universitetin direktoruna şikayət edərlər."

Fotonun müəllifi Getty
Image caption 404 xəta mesajı internet səhifə tapılmayanda çıxır - lakin, internetin olmaması ağlasığmazdır

Lakin indiki həyat tərzimizi nəzərə alsaq, sual daha uyğun səslənir: əgər bir gün internet olmazsa nə baş verər? Cavab isə gözlədiyimiz kimi olmadı.

1995-ci ildə dünya əhalisinin 1%-dən də azı internetdən istifadə edirdi. İnternet qərblilərin daha çox istifadə etdiyi bir maraq idi. Zamanı 20 il irəli çəkək.

Hazırda planetimizin 3.5 milyard sakininin internetə qoşulmaq imkanı var - bu, demək olar ki, ümumi sayımızın yarısına bərabərdir - və rəqəm saniyədə 10 nəfər olmaqla artır.

Pew Tədqiqat Mərkəzinə əsasən, amerikalıların beşdə birinin internetdən "demək olar ki, daimi" yararlandığını və 73%-n isə ən az gündəlik istifadə etdiyini deyib.

Britaniyada da rəqəmlər oxşardır: 2016-ci ildə aparılan sorğuda həddi buluğa çatanların təxminən 90%-i internetdən keçən üç ay ərzində hər gün istifadə etdiyini söyləyib. Bir çoxumuz üçün həyatı internetsiz təsəvvür etmək qeyri-mümkündür.

"Günümüzdə internet ilə bağlı ən böyük problemlərimizdən biri, insanların onu yanlış dəyərləndirməsidir. Hələ də insanlar onun həyatımızın demək olar ki, hər anına yayıldığını qavraya bilmirlər," Miçiqan Dövlət Universitetindən William Dutton deyir.

O, Cəmiyyət və İnternet (Society and the Internet) adlı kitabın müəllifidir. "Onlar internetsiz bir gün haqqında düşünmürlər belə."

İnternet toxunulmaz deyil. O, qlobal və ya milli zəmində az müddətlik də olsa kəsilə bilər. Kiber-hücumlar da mümkündür. Domain serverləri də söndürmək olur.

Qitələr arası interneti təmin edən dənizlərin dərinliklərində yerləşən məftilləri də kəsmək mümkündür ki, bu da, dünyanın bir hissəsini digərindən ayıraraq irimiqyaslı pozulmalara səbəb olar.

Bu kabellər hücumçular üçün asan tapılan olmasa da, bəzən təsadüfən zədələnirlər. 2008-ci ildə Orta Şərq, Hindistan və Cənub-şərqi Asiyada üç halda böyük internet kəsilməsinə səbəb sualtı kabellərin zədələnib və ya qarışması olmuşdu.

Bəzi hökumətlərin "öldürmə açarları" mövcuddur ki, ölkələrinin internetini kəsə bilər. 2011-ci "Ərəb Baharı" zamanı Misir bu yola əl ataraq, etirazçılara mane olmağa çalışırdı. Türkiyə və İran da etirazlar zamanı internetlərini kəsiblər.

Çinin də özünəməxsus bənzəri açarı olduğu şayiəsi gəzir. Və Amerika senatorları eynisini ABŞ-da da yaratmaq haqqında təklif irəli sürmüşdülər ki, ölkəni mümkün kiber-hücumdan qoruya bilsinlər.

Fotonun müəllifi Getty Images)
Image caption 2011-ci Ərəb Baharı zamanı Misir bu yola əl ataraq, etirazçılara mane olmağa çalışırdı.

Ən pis hücumlar isə kosmosdan gözlənilməlidir, əslində. Böyük günəş qasırğaları bizim istiqamətimizdə alov göndərə bilər ki, peyklərimiz, elektrik şəbəkələri və kompüter sistemlərimizi sıradan çıxa bilər.

"Bombalar və terrorizmin edə bilmədiyini ani günəş alovu edə bilər," Stanford Universitetinin nevroloqu və İnternet Niyə Vacibdir (Why the Net Matters) adlı kitabın müəllifi David Eagleman deyir.

"Lakin işləri qaydasına sala biləcək insan orduları var," Birləşmiş Ştatlar Kiber Nəticələr Bölməsi adlı qeyri-kommersiya təşkilatdan Scott Borg söyləyir.

"İnternet xidməti təminatçıları, gözlənilməz xəta və hadisələrə qarşı hər zaman hazırlıqlıdır."

Bu hal, başlanğıcda iqtisadiyyata bir elə təsir göstərməyəcək. 2008-ci ildə ABŞ Milli Təhlükəsizlik Departamenti Borg-dan internet tamamilə kəsilərsə nə baş verəcəyini araşdırmasını istəyir.

Borg və həmkarları 2000-ci ildən bəri internet kəsilməsinin iqtisadi təsirlərini təhlil edirlər. Vəziyyətin ən çox təsir etdiyi iddia edilən 20 şirkətin rüblük iqtisadi məruzələrinə nəzər saldıqda onlar, əslində təsirin çox az olduğunu aşkarlayırlar. Buraya dörd gün internetsiz qalınan məqamlar da daxil olub.

Müəyyənləşib ki, internetsiz insanlar, işlərini bir neçə gün daha gec yerinə yetirə biliblər. "Adamlar eyni məşğuliyyətləri yerinə yetirirlər, lakin, bu, iki və ya üç gün çəkir," Borg deyir.

Bəzi hallarda isə interneti qısa müddətliyinə kəsmək, məhsuldarlığı artırır. Başqa bir araşdırmada Borg və həmkarları, dörd və ya daha artıq saat interneti olmayan şirkətlərin nələrlə üzləşdiyini müəyyənləşdirməyə çalışıblar.

Barmaqlarını oynatmaqdansa, işçilər kağızla işləməyə başladıqlarından, biznesdə hərəkətlilik baş qaldırır.

"Biz zarafatla təklif etdik ki, şirkətlər ayda bir dəfə bir neçə saatlıq interneti kəsib, insanların başqa vaxta saxladıqları işləri bitirməsi üçün şərait yaratsınlar və bu halda ümumi məhsuldarlıq artar," Borg deyir.

"Mən bunun bütün iqtisadiyyata tətbiq olunmaması üçün heç bir səbəb görmürəm."

Yəqin ki, səyahət də qısa müddətlik ciddi təsirə məruz qalmaz. Təbii ki, bu hal bir gündən artıq davam etməzsə.

Təyyarələr internetsiz uça bilir, eləcə də qatar və avtobuslar hərəkət edə bilirlər. Uzunmüddətli kəsilmələr isə daşınmada çətinlik yaradar. İnternetsiz bizneslər, çətinliklə fəaliyyət göstərərlər.

"İnsanlar və bizneslərə belə hala hazır olmaq üçün ikinci plan düşünmələrini təklif etmişəm, amma, hələ ki, heç bir şey eşitməmişəm," Eagleman söyləyir.

Fotonun müəllifi Getty Images
Image caption Telefon şəbəkəsi kəsilərsə, insanlar özlərini təcrid olunmuş və narahat hiss edərlər

Böyük kommunikasiya qəzası, qeyri-mütənasib şəkildə kiçik bizneslərə təsir edər. 1998-ci ildə Amerikadakı 50 milyon peycerin 90% qədəri peyk qəzasına görə dayanmışdı. Bundan sonrakı növbəti günlərdə Dutton, 250 peycer istifadəçisi arasında araşdırma aparır və sosial-iqtisadi təbəqələşmənin rolunu aşkara çıxarır.

Yuxarı orta sinfə mənsub və idarəedici və ya professional işlərdə çalışan şəxslərin, hadisəni adi qarşıladığı aydın olur. "Onlar üçün bu, qarlı bir gün kimi idi," Dutton deyir. "Bunu rahatlıq kimi qəbul etmişdilər."

Lakin, santexnik və ya xarrat kimi işçilər peycerdən sırf iş məqsədilə ilə istifadə etdiklərinə görə bir neçə gün işsiz qalıblar. Uşaqlarına tək baxan və işə gedərkən onları dayə yanına qoyan analar, hər hansı problem olarsa, övladlarından xəbərsiz qaldıqlarına görə gərginlik yaşadıqlarını deyiblər.

Təcrid olma və ya narahatçılıq kimi psixoloji təsirlər də görülüb. "İnternet əsasən bizə, əlaqə qurmaqda yardımçı olur," Hancock deyir. Borg da bu hisslərlə tanışdır. "Ağıllı telefonumu unutduqda, özümü geyimsiz kimi hiss edirəm," o söyləyir. "Birdən ağlıma gəlir ki, hara getdiyimi bilirəmmi? Bəs maşınım xarab olarsa, kömək üçün telefonsuz kimə müraciət edə bilərəm?"

Tarix də bunu təsdiq edir. 1975-ci ildə New York Telefon Kompaniyasının Manhattan-dakı 300 binalıq telefon sistemi 23 gün müddətində işləmir. Xətlər bərpa olunduqdan dərhal sonra, 190 nəfə arasında aparılan sorğuda tədiqaqtçılar, insanların beşdən dördünün telefon üçün darıxdığını müəyyənləşdiriblər.

Xüsusilə də, dost və ailələri ilə əlaqə saxlaya bilmədikləri üçün. Onların üçdə ikisindən çoxu, özlərini "təcrid olunmuş" və ya "narahat" hiss etdiyini deyib.

"İnternet ilə insanların bir-birindən uzaqlaşdığı fikri mövcuddur, lakin, düşünürəm ki, bu yanlışdır," Dutton deyir. "İnternetdən istifadə edən insanlar etməyənlərdən daha çox əlaqə qururlar."

İnternetsiz qalmaq bəlkə də onun insan həyatındakı vacibliyini anlamağa kömək edəcək, lakin, az keçmədən bunu yenidən unudacağıq, Hancock deyir.

"İnternetsiz qalmaq bizim düşüncəmizə təsir edə bilər demək istəyərdim, lakin, elə olmayacaq."

Bu, onun tələbələrini həftəsonu internet istifadə etməməyə inandırmaq üçün də kifayət deyil.

  • Bu məqalənin orijinalını ingilis dilində BBC Future səhfəsində oxuya bilərsiniz.
  • Dərgidəki digər məqalələri burdan oxuyun.

Əlaqəli mövzular