İntiharla bahar arasında nə əlaqə ola bilər?

Fotonun müəllifi iStock

Hələ XIX əsrdə aparılmış tədqiqatlar nəticəsində məlum olub ki, yaz aylarında intiharlar çoxalır, qış aylarında isə azalr.

"Yaz aylarında intiharların sayı qışa nəzərən 20-60% artıq olur", - İsveçdəki Uppsala Universitetinin psixiatriya professoru Fotis Papadopoulos deyir.

Doktor Papadopoulos intiharlarla yaz fəsli arasında əlaqəni öyrənir.

Bu, ilk baxışdan düşünə biləcəyimizə ziddir. Yəni biz daha çox gecələrin uzun olduğu qaranlıq günləri pis əhvalla assosiasiya edirik. Bəs bu necə olur?

Bir cavab variantına görə, bu fenomen qanda serotonin hormonunun səviyyəsinin dəyişməsi ilə bağlıdır. Serotonin əhval-ruhiyyəni nizamlayan hormondur.

Araşdırmalar göstərir ki, yay aylarında qanda serotoninin miqdarı qış aylarına nisbətən daha çox olur. Bundan başqa, alimlər gün ərzində günəşli saatların sayı ilə serotonin ifrazının düz mütənasib olduğunu müəyyən ediblər.

Bundan başqa, serotonin inhibitoru (SSRI) olan, qanda serotoninin səviyyəsini artıran bəzi antidepressantların az sayda xəstələrdə intihar riskini artırdığı da məlumdur.

"Biz bilirik ki, pasietnləri antidepressantlarla müalicə edəndə onların əhvalının yüksəlməsi azı 3 - 4 həftə çəkir".

Bu müddət ərzində bəzi adamlar psixi cəhətdən daha fəal və ya həyəcanlı olur. Bu isə potensial olaraq onların öz düşüncələrinə görə hərəkət etməsi riskini artırır.

Ola bilsin ki, günəş işığı da az sayda insana belə təsir edir", - Papadopoulos deyir.

Fotonun müəllifi iStock
Image caption Biz hələ də depressiya, əhval-ruhiyyə və bizim günəş işığı ilə əlaqəmizi tam dərk etməmişik

Papadopoulos 12 mindən artıq intihar qurbanı barədə həm məhkəmə-tibb ekspertizasının məlumatını, həm də meteoroloji məlumatları diqqətlə öyrənərək belə nəticəyə gəlib ki, ay ərzində günəşli saatların sayı ilə intihar riski arasında əlaqə var.

Ancaq məlumatın aid olduğu fəslin təsiri altında əksər adamlarda bu əlaqə yoxa çıxır.

Ölümünə yaxın antidepressant qəbul etmiş insanlarda isə bu əlaqə qalır.

"Bu, serotonerji nəzəriyyənin təsdiqi kimi təfsir edilə bilər", - Papadopoulos deyir.

Gün işığı ilə intihar arasında əlaqə aydın deyil. Qeyd edilməlidir ki, bu əlaqə yalnız az sayda insana təsir edir.

Sözügedən fenomeni izah etmək üçün başqa nəzəriyyələr də irəli sürülür.

Onlardan biri immun sistemin havadakı pollenə (bitki tozuna) reaksiyası, bununsa öz növbəsində beyin kimyasını dəyişdirməsidir.

"Bitkilərin çoxalma dövrünün insanların özünəqəsd davranışı ilə bağlı olması ideyası çox da ağlabatan deyil. Ancaq biz ağacların polleninin yüksək səviyyəsi ilə qadınlarda qeyri-zorakı intihar araslnda əlaqə aşkar etmişik", - Merilend Universitetinin Tibb Məktəbinin professoru Teodor Postolache deyir.

Onun sözlərinə görə, immun hüceyrələrin davranışını dəyişən sitokin terapiyasının da intihar meylləri ilə əlaqəsini sübut edən dəlillər var.

Ancaq bu, az sayda pasientə şamil edilir. Gün işığı ilə intihar arasında əlaqə hələlik tam öyrənilməyib.

Ancaq qeyd edilməlidir ki, o, yalnız az sayda insana təsir edir. Antidepressant preparatlar ideal müalicə üsulu deyil.

Depressiya, əhval-ruhiyyə və bizim gün işığı ilə münasibətlərimiz isə hələ də tam öyrənilməyib.

Ancaq bu sahəni dərindən araşdırmağa dəyər.

Öz ölkənizdə bu haqda danışa biləcəyiniz adamları tapmaq üçün www.befrienders.org/directory saytına müraciət edin.

Beynəlxalq İntiharların Qarşısının Alınması Assosiasiyası dərhal yardım edə biləcək beynəlxalq agentliklərin siyahısını təqdim edir.

  • Bu məqalənin orijinalını ingilis dilində BBC Future saytında oxuya bilərsiniz.
  • Dərgidəki digər məqalələri burdan oxuyun.

Əlaqəli mövzular

Bu barədə daha geniş