Supervulkan püskürməsi bizi yer üzündən silə bilərmi?

Püskürmə Fotonun müəllifi Getty Images

Planetimizin tarixi boyu, dəhşətli nəticələrlə müşayiət olunan genişmiqyaslı vulkan püskürmələri baş verib. Bəs eləsi olar bilərmi ki, insan sivilizasiyasının sonunu gətirsin?

Neapol körfəzində yerləşən Avropanın ən məşhur nəhəngi, uzun müddətdən sonra aktivləşmə əlamətləri göstərməyə başlayıb.

Təxminən "yanan sahələr" kimi tərcümə olunan Campi Flegrei supervulkan hesab olunur.

O, yüz min illər öncə əmələ gələn geniş yeraltı şəbəkədən ibarətdir. Belə ki, Neapol sahillərindən başlayıb Aralıq dənizinin altı boyunca uzanır.

11 kilometrlik böyük krater Campi Flegrei üzərində haradasa yarım milyon insan yaşayır.

Bu krater, 200.000, 39.000, 35.000 və 12.000 il əvvəl baş verən böyük püskürmələr nəticəsində yaranıb.

Ötən 500 il Campi Flegrei sakinləri üçün kifayət qədər sakit keçib.

1538-ci ildən bəri heç bir püskürmə qeydə alınmayıb və ən son püskürmə belə, "Yeni Dağ"-ın, yəni Monte Nuovo-nun yaranmasında çox cüzi rol oynayıb.

Amma son hadisələr göstərir ki, bu sükutun sonuna az qalıb.

İtaliya hökuməti krater içindəki deformasiya və istilik proseslərinin sürətlənməsini 2016-cı ilin dekabrında hiss etməyə başlayıb.

Campi Flegrei-nin dərinliyindəki maqmanın artaraq "ciddi qazlanma təzyiqinə" yol açıb, gözlənməyən anda böyük vulkanik qazlar buraxaraq ətrafdakı hidrotermal maye və qayaları alışdıra biləcəyi qorxusu artmaqdadır.

Əgər bu böyük miqyasda baş tutarsa, vulkanın içində fəlakətli qaya çatışmazlığına səbəb olar və bu da püskürməyə yol açar.

2017-ci ilin mayında dərc olunan bir tədqiqat göstərib ki, supervulkan neçə on illikdir ki, püskürməyə doğru hazırlaşır.

Amma əsas sual isə "əgər" yox, nə vaxt və hansı böyüklükdə olacağıdır?

Fotonun müəllifi iStock
Image caption Neapol körfəzi bir neçə böyük vulkan püskürməsi nəticəsində yaranıb

"Campi Flegrei təhlükəli ərazidir," Bolonyada yerləşən Geofizika və Vulkanologiya Milli Universitetindən Antonio Costa deyir.

O həm də supervulkanı izləyən monitorinq qrupunun üzvüdür.

"Təxmin edirik ki, güclü Stromboli tərzli püskürmə olacaq. Superpüskürmə ilə müqayisədə bu daha kiçik miqyaslı püskürmədir. Bununla belə, qarşıdakı illərdə püskürmə olub-olmayacağını söyləmək çətindir. Campi Flegrei nəzarətdə olduğu müddətdə heç bir püskürmə qeydə alınmayıb. Buna görə də nə baş verəcəyindən əmin deyilik."

Stromboli tərzli güclü püskürmə ərimiş daşlar və bir neçə yüz metr hündürlükdə atmosferə çatan vulkanik qazlarla müşayiət olunur.

Şübhəsiz ki, yüz minlərlə insanın təxliyəsinə səbəb olacaq qədə böyük bir hadisədir.

Amma Campi Flegrei üçün kiçik bir hal olacaq.

Vulkanın ən dəhşətli super püskürməsi təxminən 39.000 il əvvəl baş verən Campanian Ignimbrite olub.

Nəticədə stratosferin 70 km hündürlüyünə qədər 300 kub kilometr ərimiş daş və təxminən 450.000 ton kükürd dioksidi qalxıb.

Kül dumanları mərkəzi Rusiyayadək 2000 km məsafə qət edə bilib. Püskürmə Avropanın böyük bir hissəsinin buz altında olduğu dövrə təsadüf edib və nəticələri qitədə uzun əsrlər öz təsirini göstərib.

İtaliya da daxil olmaqla Aralıq dənizi sahili boyunca böyük ərazi və bütün Şərqi Avropa 20 sm kül ilə örtülüb.

Bu, bitki örtüyünü tamamilə məhv etmək və geniş səhra yaratmaq gücünə malikdir.

Rusiyanın böyük bir hissəsi isə 5 sm kül altında qalıb və uzun onilliklər ərzində bitki həyatı pozulub.

"Kimyəvi analizlərdən bilirik ki, külün tərkibində florin elementi var ki, bu da vegetasiyaya güclü təsir göstərir və heyvanlarda flüoroz xəstəliyi yaradır," Costa deyir.

"İnsanlara təsiri də dəhşətli olar."

Bundan əlavə, havaya qalxan böyük miqdarda kükürd dioksidi vulkanik qışa səbəb ola bilər.

Kükürd dioksidi atmosferin yuxarı qatında günəş şüalarının yerə çatmasının qarşısını alır. 20-ci əsrin ən böyük püskürmələrindən biri olan Pinatubo dağının 1991-ci ildə püskürməsi də buna səbəb olmuşdu. Belə ki, qlobal istilik dərəcəsi 0.6 selsi aşağı düşmüşdü.

Amma Campanian Ignimbrite püskürməsi çox güman ki, daha böyük təsir göstərib.

Bəzi alimlərə görə, püskürmə Avropada dərəcəni 4 selsi aşağı salaraq uzun illər iqlimə birbaşa təsir göstərib.

Bu nəhəng püskürmənin tarixini müəyyənləşdirmək çətindir, çünki bir çox arxeoloqlar Avropada neandertalların 39.000 il əvvəl yoxa çıxdığına inanırlar.

Püskürmənin Avropada ekstremal iqlim dəyişikliyi yaradıb bəzi regionlarda neandertalların tamamilə məhvinə səbəb olması ilə bağlı fikirlər uzun zamandır ki mövcuddur.

Püskürmənin neandertallara təsiri böyük olsa da, indi bir çox alim inanır ki, onları yer üzündən silən təkcə bu təbiət hadisəsi olmayıb.

Arxeoloji dəlillər, neandertalların Avropada Campanian Ignimbrite püskürməsindən 10.000 il sonra da mövculduğunu göstərir. Bu yəqin ki, külün yayılma dərəcəsindən asılı olub.

"Püskürmədən sonrakı neandertal tapıntılara Fransa və İspaniyada rast gəlinir," Costa deyir.

"Yəqin ki, külək şərqə əsdiyinə görə püskürmə bu ərazilərə təsirsiz ötüşüb."

Fotonun müəllifi iStock
Image caption Püskürmələrdən sonra, şərqi Avropanın böyük hissəsi kül altında qalıb

Hətta sözügedən püskürmənin neandertallara xeyri olduğunu iddia edənlər də var.

Çox güman ki, püskürmə, müasir insanların Avropaya daha gec çatmasına səbəb olub.

"Qərbi Avropaya çatmaq üçün müasir insanlar Mərkəzi Şərqi və püskürmənin yaratdığı səhranı keçməli olublar," Costa deyir.

"Bu geniş torpaq ərazisinin tam bərpası üçün yüzlərlə il lazım olub, heç şübhəsiz."

Hələlik Campi Flegrei-nin böyük püskürməsinin ziyanları bəlli deyil. Amma bu, yerdəki yeganə supervulkan deyil.

Yerin geoloji tarixi apokaliptik dağıntılara səbəb olan vulkanik hadisələrlə zəngin kataloqdur.

Coloradonun cənub-qərbində təxminən 100 km enində və bir kilometr dərinliyində olan bir geniş kanyon var.

O, planet tarixinin ən dəhşətli partlayışından yadigar qalıb.

La Garita Caldera təqribən 28 milyon il əvvəl 5000 kub kilometr ərimiş daş püskürən vulkan partlayışı nəticəsində yaranıb.

Bəxtimiz gətirib ki, o dövrdən bu yana tektonik plitələr özlərini yenidən düzəldiblər, buna görə də partlayışın təkrarlanması qeyri-mümkündür.

Amma təxminən 75.000 il əvvəl İndoneziyada oxşar ölçüdə püskürən super vulkan hələ də aktivdir.

Turistlərin sevimli məkanı sayılan əsrarəngiz Toba gölü, Sumatranın şimalında dağ silsiləsinin döşündə yerləşir.

Əslində isə göl, böyük kalderadır - bəşər tarixinin ən ekstremal iqlim hadisəsinin ayaq izi.

"Toba püskürməsi, ötən on milyon ildə baş verən başqa püskümələr qədər böyük olub," dünyanın ən böyük vulkanlarından bəzilərini tədqiq edən Cambridge Universitetindən Clive Oppenheimer deyir.

"Onun bu qədər tanınmasına səbəb isə müasir insanın yaranmasında sonraya təsadüf etməsidir. İnsanların Afrikadan çıxıb Asiyaya yayıldığı bir vaxtla üst-üstə düşür."

Mübahisələrin əsasında isə onun insan irqinə gətirdiyi təsir durur.

Fotonun müəllifi iStock
Image caption Campi Flegrei kimi püskürmələr neandertalların Avropada məhvinə səbəb olub

1990-cı illərdə vulkanoloqlar Hind okeanının dəniz çöküntülərində Tobadan qalma kül qalıqları aşkarlayırlar.

Külün tərkibindəki kimyəvi element 75.000 il qədimə aid olub.

Daha sonrakı araşdırmalarda Cənub Çin dənizi, Ərəb dənizi və hətta, Malavi gölündəki külün də Tobadan qaldığı müəyyənləşib.

Püskürmənin bu nəhəng ölçüsü, Tobadan ayrılan vulkanik qazların Yerin atmosferinin hər iki qütbü boyunca yayılması və dünyada dövr etməsinə səbəb olub.

Amma Tobadan dəqiq olaraq hansı qazların və nə qədər ayrıldığını müəyyənləşdirmək, onun iqlimə təsiri və daha sonra nəyin baş verdiyini öyrənmək üçün mühümdür. Bu qədər uzaq tarixi araşdırmaq isə heç də asan məsələ deyil.

"Qrenlandiyada bir buz nüvəsi var ki, onun sayəsində ötən 125.000 ilə ərzində qlobal temperaturun necə qalxıb-endiyini göstərən kimyəvi məlumat görmək mümkündür," uzun illər Tobanı tədqiq edən Cambridge Universitetindən Sacha Jones deyir.

"Hər il örtülən aydın buz qatı, insanlara bu qatlardakı kükürdü ölçmək imkanı verib. Burada Toba püskürməsinin tarixi ilə uyğun gələn qalın kükürd qatı var."

Əgər həqiqətən də Toba püskürməsi dünyaya böyük miqdarda kükürd dioksidi yayıbsa, alimlərə görə bu, bir neçə il qara səma ilə müşayiət olunan vulkanik qışa səbəb olub. 1990-cu illərin əvvəllərində insanın mitoxondri DNT-si üzərində işləyən genetiklər, təxminən 50.000 və 100.000 il əvvəl əhali sıxlığının yaşandığını müəyyənləşdiriblər.

Bir çoxu bunu dərhal Toba ilə bağlayıb.

Lakin heç də hər kəs bununla razılaşmır.

"Haradasa 10 ildir ki, insanlar, Homo sapiens-lərin Toba püskürməsindən sonra məhvi fikrinə daha skeptik yanaşırlar," Oppenheimer deyir.

"Vulkandan asılı olaraq maqmalar, müxtəlif miqdarda karbon dioksid və su və kükürdü saxlaya bildiyi kimi əridə də bilər. Tobadan qalan külün kimyəvi analizi göstərib ki, onun maqması bir o qədər də çox kükürd saxlaya bilməz."

Arxeoloji məlumatlarda da şübhəli bir şey var. İndoneziya, Malayziya və Hindistan Tobadan ayrılan küllə ən az 5 sm örtülüb ki, bu da heç şübhəsiz bitkilərə təsir edib, daşqınlara səbəb olub.

Amma aşkarlanan kül üzərində aparılan arxeoloji araşdırmalar göstərib ki, insanların orqanizmi ətraf-mühit dəyişikliklərinə kifayət qədər dözümlü olub.

"Bu vaxtla üst-üstə düşən Orta Paleolitik dövründən qalma daş ucluq və ərsinlər insan fəaliyyətinə işarədir," Hindistanın Andhra Pradeş əyalətində Curreru Vadisində qazıntılar aparan Jones deyir.

"Biz Toba kül qatının üzəri, içi və altında qazıntı apararkən Daş Dövründə istifadə olunan alətlərin püskürmədən həm əvvəl, həm də sonra eyni qaldığını gördük. Bu da püskürmənin kütləvi qırğına səbəb olmadığını göstərir."

Fotonun müəllifi Getty Images
Image caption Super vulkan hava nəqliyyatı üçün kəskin maneə törədə bilər

Burada əsas faktor isə Tobadan ayrılan külün okean səthinə düşməsi ola bilər. Bu halda təbii ki, onun insanlara təsiri minimum olar. Fəqət Jones inanır ki, təsir müəyyən icmalar üçün kifayət qədər kəskin olub.

"Toba ağlasığmaz dərəcədə böyük püskürmə olub, ona görə də mütləq ki, müəyyən ərazilər dağılıb. Xüsusilə də Sumatradakı yaxın ətrafı və Cənub-Şərqi Asiya," o söyləyir.

"Amma daha uzaq olan Hindistan kimi bir ərazi də kül ilə örtülüb və buradakı insanlar müxtəlif yaşayış məntəqələrində və mikroiqlimlərdə, meşələrdə, səhralarda, düzənliklərdə və təpəliklərdə yaşayıblar. Yəni Toba püskürməsindən sonra, yaşayış yerindən asılı olaraq, hər kəs təsiri müxtəlif cür yaşayıb."

Bəs Tobanın gələcəyi necə? Vulkanın qalığını öyrənən geoloqlar və geofiziklər maqmanın yatağından narahatdırlar. Bu yataq, adanın ortasından və Toba dağından keçən Sumatra fay xətti aktivləşərsə, yenidən oyana bilər.

Bu halda isə yeganə əlac kütləvi təxliyə ola bilər. Heç xəbərdarlıq müddətindən də əmin deyilik.

ABŞ-ın Yellowstone Milli Parkının atlında yerləşən Yellowstone supervulkanı planetin ən çox izlənilən yerlərindən biridir.

Onun davranışında hər hansı aktivliyi yoxlamaq üçün zəlzələ ölçən seysmometrlər, torpaq sürüşməsini qeydə almaq üçün GPS sensorlar, hətta maqmanın yatağındakı təzyiq dəyişikliyini aşkarlamaq üçün peyk şəkilləri çəkən müxtəlif alətlərdən istifadə olunur.

Ötən 2.1 milyon ildə Yellowstone-da üç super-püskürmə qeydə alınıb. Bunlardan ən böyüyünün ilk qalıqlarından müəyyənləşdirilib ki, ayrılan külün miqdarı 1980-ci ildə püskürən Müqəddəs Helens dağındakı küldən 2500 dəfə artıq olub.

Əgər Yellowstone yenə püskürərsə, alimlər deyirlər ki, nəticəsi Tobadan daha da pis olar, çünki külün əsas hissəsi suya yox, quruya düşəcək.

"Yellowstone-nun son püskürməsi hər iki Amerika qitəsini küllə örtə bilər," Oxford Universitetindən David Pyle deyir.

"Əgər qitələri birdən 10 sm qalınlıqda vulkanik kül ilə örtsək, bütün yaşıllıqlar və ağaclar yarpaqlarını tökər və yəqin ki məhv olarlar. Heyvanlar, onlar üçün zəhərli olan kimyəvi maddələr udub yeməli olarlar. Torpaq, anidən parlaqlaşar və günəş şüalarının yerə düşən böyük hissəsi geri atmosferə əks olunar və böyük quraqlıq yaradar."

Tutulan su hövzələri, aşan elektrik naqilləri və yerdəki nəqliyyatın tamam pozulması anında böhran gətirər.

Fotonun müəllifi iStock
Image caption Əgər Yellowstone püskürsə, ABŞ-ın qərb sahili xaraba qalar

"Əgər Yellowstone, Campi Flegrei və ya Toba püskürərsə, dünya iqtisadiyyatının hazırkı işləkliyini nəzərə alaraq böyük iqtisadi təsir yaşanacaq," Oppenheimer deyir.

Hətta İslandiyada 2010-cu ildə baş verən nisbətən kiçik püskürmə belə [Eyjafjallajöküll], böyük təsir yaratmışdı. O, hissələri Yaponiyadan gələn Volkswagen təchizat zəncirinə təsir göstərmişdi. Qlobal aviasiya da uzun onilliklər normal fəaliyyət göstərə bilməz. Yüksək miqdarda kükürd dioksid ayrılarsa, bu, mussonlar və iqlim dəyişikliyini sürətləndirə bilər və nəticədə qlobal qida təhlükəsizliyi zərər görər."

Özü ilə bərabər gətirdiyi problemlərdən savayı, alimlər bir supervulkan püskürməsinin bəşəriyyəti məhv edəcəyinə inanmırlar.

Amma vulkanoloqlar başqa cür vulkanik hadisənin nəticəsinin daha pis olacağını təxmin edirlər.

Keçən 500 milyon il ərzində baş verən beş ən böyük kütləvi məhvin hamısı nəhəng lava püskürməsi nəticəsində olub. Bu püskürmələr bir dəfəyə baş verməyib, yüz minlərlə illər boyunca davamlı üzə çıxan lava axını sayəsində yaşanıb.

Onlar lava seli adlanırlar və yaranmasına səbəb Yerin dərinliyindəki qaynar maddənin davamlı şəkildə səthə çıxması olur.

Ən dəhşətli lava püskürməsi qitə sürüşməsi zamanı müşahidə olunur. Ötən 250 milyon il ərzində 11 bənzəri hadisə yaşanıb.

Onların hər biri böyük dağ silsilələri, yaylalar və ya vulkanik formalaşmalar yaradıblar.

Bu cür lava seli hadisəsindən biri 66 milyon il əvvəl mərkəzi-qərbi Hindistanda yerləşən Dekkan Tələləri vulkanik qayasını yaradıb.

Bu püskürmələr çox güman ki, okeanları tədricən turşulaşdırıb və iqlimi dəyişən qazlarla müşayiət olunan kütləvi məhvə səbəb olub.

Məsələ ondadır ki, heç kəs lava selinin nə vaxt başlayacğını bilmir.

"Biz gələn 50 milyon il ərzində daşqın lavası gözləyirik, amma inanmıram ki, bunun yerini və vaxtını bilən olsun," Pyle deyir.

Növbəti supervulkan və ya lava seli hadisəsini proqnozlaşdıra bilsək belə, problem eyni olaraq qalacaq.

Supervulkan püskürməsi bəşər tarixində hələ baş verməyib, sonuncu lava seli isə 10 milyon il əvvəl Kanadanın şimalında baş verib.

Bu isə insan növlərinin planetimizdə yaranmasından milyonlarla il əvvəl olub.

Dünyanın əsas vulkanik nöqtələri son dərəcə yaxından izlənilsə də, nəyin baş verəcəyi və ya bənzəri ölçüdə hadisənin baş verəcəyindən nə qədər tez xəbərdar olacağımız bəlli deyil.

Bizim izləmə şəklimiz, milyon illərlə davam edə bilən vulkanik sikl fonunda bir zərrə kimi görünür.

Bu sikllər harasında olduğumuzu da müəyyənləşdirə bilmərik. Kifayət qədər mümkündür ki, bizim ömrümüz bunu görməyə bəs etməsin və ya gələn bir neçə yüz min ilə ərzində baş verməsin.

Amma bu püskürmələr haqqında bir şeyi əminliklə demək olar: əvvəl-axır baş verəcəklər.

  • Yazının orijinalını ingilis dilində BBC Futuresəhifəsində oxuyun.
  • Dərgidəki digər yazıları Dərgi bölməsindən oxuya bilərsiniz.

Əlaqəli mövzular

Bu barədə daha geniş