Sosial mediada stress səviyyəmi yoxlayaraq nə öyrəndim?

Sosial media prodüserimiz Sophia Smith Galer bir həftə ərzində stress səviyyəsi ilə sosial media istifadəsi arasındakı əlaqəni gözdən keçirib. Sizə nəticələrini təqdim edirik.

girl on tube Fotonun müəllifi Getty Images

Özümü stressli insan kimi qələmə verməzdim. İşimi sevirəm. Saat 9-5 arası nağıl kimi işim var və işləmədiyim saatları gəzmək və əylənməklə keçirirəm. Sosial media prodüseri işləyirəm. Yəni, sosial şəbəkələrdə hesabları idarə edir və multimedia məzmunu hazırlayıram.

Demək olar ki, bütün günü internetdə oluram və bunu heç vaxt qeyri-adi və ya stressli görməmişəm. Bu, rəqəmsal jurnalistikanın bir hissəsi olduğu qədər, yeniyetməlik illərinin böyük hissəsini internetdə keçirən biri üçün də normal haldır.

Ən azından Bir həftə ərzində stress səviyyəmi yoxlayıb, kifayət qədər yüksək olduğunu öyrənənə qədər belə fikirləşirdim.


Həmçinin oxuyun:


Yanvar ayımı mən, BBC Future-in sosial media və onun əqli sağlamlığımıza olan təsiri haqqında olan bir aylıq yazısına həsr etdim və beləliklə telefonum ilə münasibətimi sual etməyə başladım.

Səhər ayılan kimi yandırdığım və həyatıma geyimlər və qida kimi kök salan telefonum. Məni stressə salan odurmu?

Cavab axtarışında mən bir həftəlik "eksperiment sıçanına" çevrilmək qərarına gəldim. Nəticələri həmkarlarım ilə bölüşdüyüm kimi sizlər üçün də paylaşmaq istəyirəm.

Eləcə də digər sosial media prodüserinə də sınağa cəlb etdim ki, həm işdə, həm də işdən kənarda telefonlarımız ilə münasibətimiz barədə daha geniş anlayışa yiyələnək.

Ən mühümü isə bu mənə ən təəccüblü məqam olan digər insanlar ilə fərqimi göstərdi.

test Fotonun müəllifi Sophia Smith Galer

Bir həftə ərzində əqli sağlamlığım və sosial media istifadəsi arasındakı əlaqəni yoxlamaq üçün mən üç fərqli proqrama müraciət etdim: Pip, Moment və Checky.

Pip barmaq ucları vasitəsi ilə (elektrodermal fəallıq adlandırılır) stress səviyyəsini ölçən kiçik cihazdır.

Moment telefonunu işlətmə anını ölçən tətbiqetmə proqramıdır.

Checky isə gün ərzində neçə dəfə telefonuna baxdığını hesablayan proqramdır.

Aşağıda sizə öz, BBC News-dan Dhruti Shah, BBC Entertainment News-dan Eleanor Dunn və BBC Earth-in sosial media meneceri Elie Gordon-un nəticələrini təqdim edirəm.

Şəkil: Pip Stress İzləyicisinə görə, Entertainment News-dan Eleanor Dunn sosial olaraq ən sakit insandır

Bir xəbərdarlığı bildirməyi borc bilirəm: 'eksperiment' bir elə də elmi sayılmaz. Sınağın məqsədi özünütənqid və mənliyimiz haqqında yeni bir şey öyrənmək idi.

Ən çox stress keçirən ikinci adam mən gəldim. İş baxımından həftəm normal keçmişdi və çərşənbə axşamı və cümə axşamı günlərində bazar ertəsi və çərşənbə günlərinə nisbətən niyə daha az stressli olduğumdan da əmin deyiləm. Çərşənbə axşamı iş yoldaşlarım ilə bir pabda komanda şəklində nahar etmişdik.

Şənbə günü gəzsəm də, bazar gününü evdə keçirmişdim. İşləməsəm belə, həftə içindəki qədər stressli olmuşdum.

Mən üç mühüm dərs öyrəndim:

1. Həftəsonu effekti deyilən şey yoxdur

Sadəlövhcəsinə stress səviyyəmin həftəsonu daha aşağı olacağını gözləyirdim. Amma elə olmadı. Dhruti ilə Elie-də də eynilə. Eleanor isə son dərəcə rahat idi və mən bunu onun yoga məşğələləri ilə bağlayıram.

BBC Money-dən həmkarımız Mauro Galluzzo da eyni sınağı keçirib. O isə başqa vaxt - hər gün işləməli olduğu Milad həftəsində yoxlayıb. Onun stress səviyyəsi də həftə ərzində eyni qalıb.

Bu mənə bir az qəribə gəldi, çünki Milad ərəfəsində adamın daha rahat olduğunu düşünürdüm. Fəqət Mauro hər gün BBC Money-in Facebook səhifəsini yoxlamalı olub.

Boş vaxtımın böyük hissəsini ən az işdəki qədər internetdə keçirdiyimə görə həftəsonu nəticələrim də ürəkaçan olmadı. Şəxsi e-maillər yoxlamaq, şəxsi hesablarımdan paylaşımlar etmək və xəbərlərə göz gəzdirmək. Telefonumda az, kompüterimdə kifayət qədər çox vaxt keçirirəm.

Şənbə günü isə telefonumu iş həftəsindəki qədər çox işlətmişdim. Baxmayaraq ki, gündüz və axşamın böyük hissəsini evdə olmamışdım. Təəccüblü deyil ki, sosial mediadan istifadə iş həyatımın bir hissəsi olduğu qədər, boş vaxtlarımın da həmdəmidir.

Ağlıma iki şey gəlirdi: ya internetə stressdən qurtulmaq üçün girirəm, ya da ki, məni stressli edən internetdir. Bir çox tədqiqatlar, stressin bir sıra fiziki və əqli sağlamlıq problemlərinə yol açdığını göstərib.

Həftəsonu internetdən aşırı istifadə ilə sağlamlığımı daha da pis edirdimmi?

Smartphone Fotonun müəllifi Getty Images
Image caption Əksər sosial media prodüserləri gün ərzində telefonlarını 80 dəfədən artıq yoxlayırlar

2. Telefonumu HƏDDƏN ARTIQ ÇOX yoxlayıram

Eleanor telefonunu orta hesabla gündə 70 dəfə nəzərdən keçirir. Dhruti isə gün ərzində yeddi və ya səkkiz dəfədən artıq telefonunu yoxlamır. O, e-maillərə də dərhal cavab verir və buna görə də mənə elə gəlirdi ki, bütün gününü internetdə keçirir.

Araşdırmalar göstərir ki, gənclər telefonlarını təxminən 85 dəfə yoxlayırlar. Demək, Eleanor və eyni nəticələr göstərən Elie internetdən orta hesaba uyğun yararlanırlar.

Mənim nəticələrim isə tamamilə başqadır. Şənbə günü telefonu yoxlamaq nəticəm 154 dəfə oldu. İş günlərində ortalama 129 dəfə əlimə aldığım telefonumu bazar günü nisbətən az, 76 dəfə yoxlamışdım.

Telefonla yanaşı kompüterimi də tez-tez yoxladığımı unutmamaq lazımdır. Həftə ərzində hər gün ən az altı saat kompüterimdə işləyirəm.

Bu qədər tez-tez yoxlamağımın bir səbəbi bildirişlər almağımdır. İş və şəxsi həyatda doqquz sosial media hesabını idarə etmək nə deməkdir, sizcə?!

Dostlarım ilə Whatsapp və Facebook Messenger vasitəsilə əlaqə saxlayıram. Bəzən heç bir bildiriş olmadığı halda, qulağıma telefonumun səsi və ya titrəyişi gəlir.

Sözün düzü telefona baxmaq sayının çoxluğu məni bir o qədər də narahat etmir. Ümid edirəm ki, telefonu tez-tez ələ almaq problem yox, vərdişdir.

Telefonumda ən çox vaxt keçirdiyim gün çərşənbə axşamı günü olub - 4 saat 34 dəqiqə. Amma telefonumu ən az yoxladığım və ən az stressli olduğum gün də məhz çərşənbə axşamı idi.

Elie isə hətta bir gün 6 saat 11 dəqiqə telefonda vaxt keçirməklə özü üçün rekord qırıb. Buna baxmayaraq, həmin gün telefonunu cəmi 88 dəfə yoxşlayıbmış.

Smartphone Fotonun müəllifi Getty Images
Image caption Ağıllı telefondan istifadə bizi xoşbəxt edir, amma müəyyən bir həddə qədər

3. Telefonuma hər şeydən uzaqlaşmaq üçün baxıram

Əminliklə deyə bilərəm ki, sosial mediadan istifadəmin böyük hissəsi - xüsusilə də həftəsonları və ya yatmamışdan əvvəl - şəxsi problemlərim və narahatçılıqlarımı unutmaq istəyimdən asılıdır. Bu, texnoloji asılılıq kimi də qiymətləndirilə bilər, lakin tək olmadığımı bilirəm.

Sosial media asılılığı barədə danışarkən, ağıllı telefonların bizi müəyyən bir həddə qədər xoşbəxt etdiyi ilə bağlı bir tədqiqata istinad edirəm.

Xəbərlərdən agah saxladığı üçün Twitteri sevirəm. Instagram-ı isə dostlarımın nə ilə məşğul olduğunu bilmək və fotoqraf bacarıqlarımı inkişaf etdirmək imkanına görə xoşlayıram.

BBC Three-in Sosial Media meneceri Maggy Vaneijk ilə söhbət etdim. O, bu yaxınlarda "depressiyası nəticəsində yaranan dünyasında" xoşbəxtlik axtarışı ilə bağlı kitab çap etdirib. Mən ona sosial media istifadəsi ilə əqli sağlamlığın əlaqəsini sual etdim.

"Məncə, sənin sosial media hesablarındakı ana səhifələrdə görünən yeniliklərdən asılıdır hər şey," o deyir.

O, özü də bir vaxtlar sosial mediadan əksəriyyətimiz kimi istifadə edib; məsələn, Instagram-da oğlan dostlarının keçmiş sevgililərinin profillərinə baxaraq, müqayisə tələsinə düşmək.

Bundan bezən Maggy hər şeyi dəyişmək qərarına gəlib və "çoxlu it şəkillərinə" baxaraq daha təhlükəsiz və rahat məzmun seçib. O düşünür ki, "ekranı yuxarı qaldırdıqca özünü əhvalsız və kədərli hiss edirsənsə, bununla bağlı nə isə etmək gərəkdir.

"Heyran olduğun insanları izlə, amma onları qısqanma. Dəyişiklikdən sonra, nişan üzüklərini göstərən yox, mənim kimi düşünən insanların çox olduğunu gördüm."

Bununla belə, o, internetdə çox olmağı məqbul saymır. Tətillərdə telefondan detoks olmağın asanlığını desə də, gündəlik həyatda bunu bacarmağın çətinliyini qəbul edir.

"İşinin öhdəsindən gəlməkdən ötrü reaktiv olasan gərək."

Nə etməli?

Maggy kimi mən də, sosial məzmundan daimi istifadə olmadan işimi yaxşı bacara bilməyəcəyimi fikirləşirəm.

Sosial media asılılığını müəyyənləşdirmək üçün psixoloqlar iki sualdan istifadə edirlər və mən onların hər ikisini özümə uyğun hesab edirəm: "şəxsi problemlərimi unutmaq üçün sosial mediadan istifadə edirəm" və "vaxtımın çoxunu Facebook və ya ondan necə istifadə haqqında düşünərək keçirirəm".

İşimin məqsədi insanları BBC Future və BBC Culture məzmunundan asılı edərək onlayn saxlamaqdır. Bəlkə elə özüm də buna görə asılı qalıram?

Əgər sosial mediadan istifadə stress yaradırsa, mənim kimi insanlar işlərinə peşəkar şərab dequstatoru kimi yanaşsınlar bəlkə.

İnternetdə ağlasığmaz dərəcədə çox vaxt keçiririk. O dərəcədə ki, əqli sağlamlığımıza təsir göstərir və asılılıq yaradır.

Bəs niyə bütün şərab dequstatorları alkoqolik deyillər? Onlar işlə həyat arasında balansı tapır, sərhədlər cızır və limitlərini gözəl görürlər. Onlar hətta, şərabı yaxınlıqdakı vedrəyə tüpürərək xırda tədbirlər də görürlər.

Bu eksperimenti sınadığıma görə məmnunam. Özümü başqa insanlarla müqayisə edərək özümə də kənardan baxmağı və stressdən qurtulmağın yollarını göstərdi bu test. Siz oxucuların da sosial mediadakı sağlam və xoşbəxt həyatınız barədə məsləhətlərinə açığıq.

Ümid edirik ki, yazı sizi də onlayn vərdişləriniz barədə düşünməyə həvəsləndirdi. Mən isə hiss edirəm ki, telefonu əlimdən yerə heç də tezliklə qoyan deyiləm.

...

Bu barədə daha geniş