Xoşbəxtliyin sirrini tapan Türkiyə şəhəri

Sinop Fotonun müəllifi Joshua Allen
Image caption Türkiyənin şimal sahilində yerləşən Sinop, ölkənin ən xoşbəxt əyaləti kimi qiymətləndirilib.

Türkiyənin Sinop şəhəri, insanlara sahibi olduğu şeylər üçün xoşbəxt olub, sahibi olmadığı şeylərin xiffətini çəkməməyi öyrədən filosof Diogenin doğulduğu yerdir.

İstanbuldan başlayan 730 kilometrlik səyahətimin sonunda, meşələrin Qara dənizlə qovuşduğu Türkiyənin şimal sahilində avtobusdan düşdüm. Sinopda ciyələrimə çəkdiyim ilk hava təmiz olduğu qədər, küknarlı-ozonlu ətir daşıyırdı. O iyul səhəri axtardığım bir şey var idi: Sinopu ölkənin ən xoşbəxt şəhəri edən nədir.

"Burada hamı bir-birini tanıyır. Bu rahatlıqdır. Və heç kəs başqasının işinə baş qoşmur," avtovağzaldan əyalətin paytaxt şəhəri Sinopa getmək üçün oturduğum taksinin sürücüsü Bekir Balcı izah edir.

Yol boyu inəklərlə dolu təpələr və sahələr; maşının bir pəncərəsindən həmişəyaşıl ağaclar, o biri pəncərəsindən yol ilə paralel çimərliklər bizi müşayiət edirdi. Oturacaqda yerimi rahatlamış, ruhumu təbiətin gözəlliyindən zövq alması üçün səfərbər etmişdim.

Birdən maşının təkəri çuxura düşdü.

"Bir pis şey var ki, o da yolların vəziyyətidir," Balcı çiyinlərini çəkərək əlavə etdi.

Türkiyə Statistika İnstitutuna əsasən, Sinop əyaləti ölkənin digər yerləri ilə müqayisədə sağlamlıq və infrastruktur baxımından geri qalır. Bununla belə, ardıcıl olaraq bir neçə ildir ki, institutun Həyat Səviyyəsi ilə bağlı Sorğusunda əyalət birinci yerdə gəlir. Bəs bunun sirri nədədir?

Fotonun müəllifi Joshua Allen
Image caption Sinop, qədim yunan filosofu və Sinisizmin banisi hesab olunan Diogenin doğum yeri kimi tanınır

Sinop, qədim yunan filosofu Diogenin doğum yeri kimi tanınır. O, təxminən e.ə. 300-cü ildə yaşayıb və dilənçi həyatı sürüb.

Həyat tərzinə görə ona "utanmaz" (ingiliscə Cynic) ləqəbi verilmişdi. Cynic sözü qədim yunancada 'it' demək idi.

O həmçinin, Sinisizmin banisi hesab olunur. Bu inanca görə, sosial konvensiyalar şəxsi azadlıq və yaxşı həyat üçün maneədir və rahatlığın ən yaxşı yolu təbiətə uyğun yaşamaqdır.

"Diogen xoşbəxtliyi təbiətin ahənginə uyğun həyat yaşamaqda tapmışdı. O, insanlara sahibi olduğu şeylər üçün xoşbəxt olub, sahibi olmadığı şeylərin xiffətini çəkməməyi aşılayırdı," Boğaziçi Universitetindən Fəlsəfə Bölməsinin professoru Stephen Voss izah edir.

Diogenin belində daşıdığı paltarları və üzərində yatdığı döşəkcədən başqa mülkü yox idi. O, dindarları, siyasi liderləri və sosial qanunauyğunluğa əməl etməyi seçən insanları tənqid edirdi.

Yerli rəvayətə əsasən, Böyük İsgəndər Diogeni görmək istəyirmiş və onu küçədə oturan yerdə tapır. İsgəndər ondan kraldan nə istəyi olub-olmadığını soruşanda filosof deyib: "Bir qırağa dayanıb, günəşin qarşısını kəsməyə bilərsiniz."

Fotonun müəllifi Joshua Allen
Image caption Diogen inanırdı ki, rahatlığın ən yaxşı yolu təbiətə uyğun yaşamaqdır

15 dəqiqəlik taksi səyahəti məni Sinop şəhərinin mərkəzinə gətirib çıxardı. Şəhər, Qara dənizə uzanan kiçik yarımadanın dar hissəsində yerləşir. Diogenin heykəli - 2006-cı ildə ucaldılıb - onun həyat tərzinin buralarda undulmadığı mənasına gəlir yəqin ki.

İşıqforlar olmasa da, İstanbulun xaotik küçələrindən fərqli olaraq, maşınlar ahənglə hərəkət edirdilər. Səkilər maşın əvəzinə yeriməyə üstünlük verən insanlarla dolu idi. Həftə içi və səhər saatı olmasına baxmayaraq, harasa çatmaq üçün tələsən simalar gözə sataşmırdı. Hətta deyilir ki, Sinop rəsmiləri çərşənbə günündən sonra işləmir. (Mən bu qədər az işləyən bürokrata rast gəlmədim, amma bu doğru olsaydı, Diogenin çox xoşuna gələrdi.)

Balcının taksisi döngədə gözdən itdi və şəhərin mərkəzində gördüyüm ilk şey yanbayan yerləşən məscid ilə pivəxana oldu.

2013-cü ildə Türkiyə məscidlərin 100 metr radiusunda içki satışını qadağan etsə də, burada sanki heç kəs fikir vermirdi. Şəhərin dini və mədəni məsələlərə qarşı özünəməxsus münasibəti var sanki.

"Qadınsansa şəhərdə şortla gəz, sənə fikir verən olmaz," mantısına görə məşhur olan Teyzenin Yeri restoranın sahibi Aylin Tok deyir.

"Gecə saat 3-də çıx küçəyə, söz deyən olmaz."

Fotonun müəllifi Joshua Allen
Image caption Aylin Tok: "İnsanların bəzisinin varlı, bəzisinin kasıb olduğu hissi yoxdur"

Sinop xoşbəxtliyinin sirri nədədir sualıma Tok, sinik tərzdə bir cavab verdi.

"İnsanların bəzisinin varlı, bəzisinin kasıb olduğu hissi yoxdur," o dedi.

"Cəmiyyətinin hər təbəqəsinə mənsub insanlar simit yeyib, çay və ya qəhvə içmək üçün eyni qəhvəxanaya gedir."

Diogenin dövründən bu yana Sinopda çox şey dəyişib; türklər gəlib, yunanlar gedib. Evlər müasir formada tikilsə də, göyləri korlayan göydələnlər yoxdur və sakinlər sadə həyat tərzinə üstünlük verir.

Qonşular pəncərədən boylanaraq söhbətləşir və ya yerli çörək mağazaları və dükanlardan bazarlıq edirlər. Sinop sakinləri Diogen kimi qatı sinik olmasalar da, Sinisizmin əsas elementləri - xüsusilə də yaxşı həyat ilə bağlı - şəhərdə hələ də hiss olunur.

Fotonun müəllifi Joshua Allen
Image caption Sinisizmin əsas elementləri - xüsusilə də yaxşı həyat ilə bağlı - şəhərdə hələ də hiss olunur

Günün sonuna doğru mən, Sinopun qədim şəhər divarı yaxınlığında yerləşən Qala Qülləsi Kafe Bara tərəf yollandım. Günəş buludların arxasında gözdən itdikcə, liman və ağaclarla sıralanan prospektlər onun şəfəqləri altında parlayırdı.

Kiçik balıqçı qayıqları sahilə yan alır, qol-qola gəzən cütlüklər sahildə gəzişir, toy musiqiçiləri furqonun arxasından yaxşı xəbərləri yayaraq keçirdilər. Uzaqda yarımada ilə qitənin qovuşduğu yeri göstərən həmişəyaşıl təpələr gözə görünürdü.

Əlimdə soyuq pivə oturub bütün bunları tamaşa etdikcə, şəhərin xoşbəxtlik şöhrətinin sirri əyan olurdu.

Əlaqəli mövzular

Bu barədə daha geniş