Dünyanın ən maraqlı ölkələrində yaşamaq

Fotonun müəllifi Getty Images
Image caption Həyəcan dolu macəra axtarışında olanlar Avropanın ən aktiv vulkanı Etna dağına dırmana bilərlər

İtaliyada aktiv vulkana yürüş və ya Tailandda sal ilə üzməyə nə deyirsiniz? Bu beş ölkə həyat eşqinizi birə beş artıracaq.

İstər dünyanın ən ekzotik yeməyi olsun, istərsə də ən təhlükəli yollarında maşın sürmək, macəra anlayışı insandan insana dəyişir. Eləcə də rahatlıq sərhədini aşmaq ölkədən ölkəyə fərqlənir.

ABŞ News and World Report bu yaxınlarda, beş kateqoriya üzrə qiymətləndirmə apararaq, macəra üçün dünyanın ən yaxşı beş ölkəsinin adını açıqlayıb. Kateqoriyalara bunlar daxildir: əyləncə, mehribanlıq, iqlim, təbiət və cazibədarlıq.

"Yaxşı mətbəx, hava və görməli yerlərdən üzrə siyahını davam etdirən daha 20 ölkə olsa da, ilk beşlikdəkiləri ortaq bir şey birləşdirir," Braziliya və İtaliyada yaşamış mədəniyyətlərarası strateq və təlimçi Annalisa Nash Fernandez deyir.

"Bu ölkələrin heç birində qonşu ölkələr ilə eyni dildə danışılmır və qeyri-rəsmi divarlar onların mədəniyyətlərinin qorunması və inkişafını təmin edir. Əgər sizi bu ölkələrdən birinə gözübağlı aparsalar, gözünüzü açar-açmaz harada olduğunuzu bilərsiniz."

Fotonun müəllifi Rob Francis/rovertharding/Getty Images
Image caption Rahatlıq sərhədini aşmaq ölkədən ölkəyə fərqlənir

Beşlikdə yer alan ölkələrin zəngin mədəniyyəti və təbiəti istədiyiniz an macəra şansı yaradır. Yerli həyatı bu qədər macəralı edən şey haqqında biz həmin ölkələrin sakinləri ilə söhbət etmək qərarına gəldik.

Braziliya

Həm əyləncə, həm də cazibədarlıq kateqoriyası üzrə ən yüksək 10 xal ilə qiymətləndirilən Braziliya, öz irsinə bağlı sakinləri ilə zəngindir.

"Biz, ləzzətli təamlar, ən yaxşı qəhvə və dünyanın ən yaraşıqlı insanlarına sahib olmağımız ilə fəxr edirik," braziliyalı Artur Sousa deyir.

Macəraya gəlincə ölkənin geniş torpaq sahəsi (ərazisinə görə dünyanın beşinci ən böyük ölkəsidir) sayəsində tamamilə fərqli şəkildə dəyişən mənzərələr görmək mümkündür.

"Amazon çayı üzərində yerləşən Pororokada sörfinq edə bilərsən və ya şərq sahilindən kənarda yerləşən adalarda Karib çimərliklərinə bənzər Fernando de Noronha çimərliyində günəşlənə bilərsən," Sousa deyir.

"Yaxud Lençois Maranhenses-in ağ qum təpələri, ya Ilha Grande-nin vəhşi təbiəti kimi unikal mənzərələri seyr etməyi seçə bilərsən."

Fotonun müəllifi Lonely Planet/Getty Images
Image caption Rio-de-Janeyronun əyləncə sevərləri gecələrini samba barlarında rəqs edərək başa vura bilərlər

Əlbəttə ki, əyləncəni sevənlər Rio-de-Janeyroda heç darıxmazlar.

"Bizim imperial dövrlərdən qalma çimərliklərimiz, qədim şəhərimiz, meşəmiz və memoriallarımız var. Gecələr Lapa məhəllələrində yerləşən çoxsaylı hip-hop, samba və ya xalq musiqisi barlarında əylənmək mümkündür."

İtaliya

Ola bilsin ki, İtaliya öz mətbəxi, incəsənəti və memarlığı ilə daha məşhurdur. Lakin ölkə, mənzərə kateqoriyası üzrə macəra baxımından ən yüksək yeri tutur.

"Əslən Siciliyada yerləşən Kataniyadanam və orada dərin mavi dənizdə üzəndən bir neçə saat sonra, Avropanın ən hündür aktiv vulkanına dırmana bilərsən," kimkim adlı səyahət startapın səyahət mütəxəssisi italiyalı Giorgia Carraffa deyir.

Etna dağına dırmanmaq hər nə qədər həyəcanlı olsa da, yerlilər ölkədəki başqa mədəni təcrübələrə üstünlük verirlər.

"Bir kənddən digərinə, bir vadidən digər təpəyə mədəniyyətlər dəyişir, təamlar fərqlənir və hətta dil də başqa cür ola bilir," Inspire Italy adlı tur şirkətinin direktoru Tim Hudson deyir.

Dəyişkən landşaft da əyləncə üçün böyük imkanlar yaradır. Qışda Hudson Dolomit dağlarına xizək turları təşkil edir. Mülayim havalarda isə Toskaniya boyunca velosiped sürərək mənzərədən həzz almaq olar.

İspaniya

Yerlilər deyirlər ki, İspaniya həmişə qonşuluqdakı küçə qədər yaxındır.

"İspaniyada ləzzət aldığımız ən yaxşı şey küçə həyatı və məclislərdir," Valensiyada yaşayan və GuruWalk adlı gəzinti turları təşkil edən şirkətin sahibi Juan Castillo deyir.

"Hər gün işdən sonra evə yox, nə isə içmək üçün yoldaşlarınla görüşə gedirsən. Bunun üçün Valensiyada ən yaxşı yerlər liman ərazisi və ya Russafa məhəlləsi sayılır. İnsanlar çox zarafatcıldırlar. Həyatdan bacardığımız qədər həzz alırıq və buraya gələn xaricilər də çox keçmədən eyni təsirə düşürlər."

Fotonun müəllifi Driendl Group/Getty Images
Image caption Madridin mərkəzi mövqeyi imkan verir ki, bir neçə saata ya dağlara, ya da sahilə gedə biləsən

İspaniya sakinləri üçün ən mühüm şey hansı macəranın onlara uyğun olmasını seçməkdir: qışı sevirsənsə, üzü dağlarla əhatələnmiş və mərkəzdən bir saatlıq məsafə aralı yerləşən üç xizək mərkəzinin olduğu Madridə yol al. İsti hava aşiqləri isə Barselona sahillərini seçə bilərlər.

"Buranın [Barselona] havası əladır," əslən Çilidən olan və Barcelona Eat Local-ən təsisçisi Andre Arriaza deyir.

"İlboyu günəş var və ağır qış çəkmələri heç adamın yadına düşmür."

Madridin soyuq qışına rəğmən, mərkəzi mövqeyi hər yerə rahatlıqla getməyə imkan verir.

"Bir neçə saat maşın və ya yüksək sürətli qatar səyahəti ilə Avropanın ən gözəl sahillərinə çatmaq olar," əslən britaniyalı və The Travel Blogs-un yaradıcısı Matt Hulland deyir.

Bask regionunun şimal sahili sörf idmanı ilə məşhurdur, xüsusilə də Zarautz və San Sebastian. Cənub region Əndəlus (Andalusia) isə qaya dırmanma və velosipedçiləri ilə tanınır.

Tailand

Həm mənzərə, həm də əyləncə üzrə yüksək xal qazanan Tailand, ölkə boyu hiss olunan macəra atmosferi ilə hər kəsi cəlb edir. Tailandın cənub-şərq sahilində doğulub və böyüyən hazırda Los Angeles-də yaşayan Miriam Hershman deyir ki, bunu daha çox Koh Phagan adasında hiss etmək olur.

Fotonun müəllifi Gysembergh Benoit/Getty Images
Image caption Koh Phagan adası hər il təşkil olunan Full Moon Party (Bədirlənmiş Ay Məclisi) ev sahibliyi edir. Bu çimərlik partisi gün doğana qədər davam edir

"On minlərlə insan dünyanın hər tərəfindən Full Moon Party-də iştirak etmək üçün buraya axışır. Bu çimərlik partisi gün doğana qədər davam edir," o deyir.

Lakin tamamilə fərqli bir qrup insan isə adaya davamlı olaraq yoqa, istirahət, oruc tutmaq və meditasiya üçün üz tutur.

"Adanı unikal və maraqlı edən şey, gənclərin əyləncə marağı ilə sağlam həyat aşiqləri arasındakı təzaddır. Dinclik bəxş etdiyi qədər də ada, macəra ilə doldur.

Fərqi təamlar sevən insanlar da Tailanddan həzz alacaqlar.

"Tailandlılar şimali amerikalıların öyrəşmədiyi güclü yemək mədəniyyətinə malikdirlər. Biz əhvalımızdan asılı olaraq, istədiyimiz şeyi günün istənilən vaxtı yeyə bilərik," Interpid Travel şirkətində idarəetmə meneceri işləyən və Banqkokda yaşayan Çivan Suvannapak deyir.

"Səhər yeməyinə mən çili tozlu əriştə şorbası yeyə bilərəm. Axşam yeməyinə isə acılı papaya salatı ilə kifayətlənə bilərəm. Yeməyi biz barmaqlarımız və mədəmizlə yeyirik."

Onun ən sevdiyi yeməklərə sarımsaqlı balıq qızartması, lab moo (qıyma donuz əti salatı) və toyuq və ya mal əti ilə yeyilən ənənəvi şimali Tailand yeməyi sarı buğdadan hazırlanmış əriştə kao soy daxildir.

Daha çox ənənəvi adrenalin artıran macəra üçün yerlilər Mae Taeng çayı üzərində yerləşən Chiang Mai-də sal üzmə və ya Doi Inthahon Milli Parkındakı şəlaləyə dırmanma ilə məşğul ola bilərlər.

Yunanıstan

Mənzərə və iqlim üzrə yüksək xal götürən Yunanıstan Aralıq dənizi suları ilə dəniz sevərlər üçün əla seçimdir.

Fotonun müəllifi Holger Leue/Getty Images
Image caption Aralıq dənizinin mülayım suları Yunanıstanı üzgüçülər üçün ideal yerə çevirib

"Buradakı su yaxşıların yaxşısıdır," əslən ABŞ-lı olan, hazırda Evia adasında yaşaya və The Olive Odysseys adlı kiçik qrup turu şirkətinin rəhbəri Patricia Hajifotiou deyir.

"Yunan həkimlər xəstələrinə üzmək məsləhət bilirlər və hər birimiz yayda neçə dəfə üzdüyümüzün siyahısını tuturuq. Birinci sağlamlıq gəlir: günəş, dəridəki minerallar və hərəkət."

Cyclades ətrafında yelkənli qayıqla və kayakla üzmə çox məşhurdur. Zevs dağı və Cyclades-in Naxos adasında ən hündür zirvəsi və Santorinin vulkanik kalderasındakı qayalara dırmaşmaq isə dağ sevərlər üçün əvəzedilməz ola bilər.

Yarımadanın əsas hissəsi də adalardan heç də geri qalmır.

"Akropolu şəhər mərkəzindən görmək və ya Vouliagmeni və Varkiza arasındakı limanakiaların (kiçik limanlar) yanında keçərkən mavi dənizi seyr etmək çox gözəldir," 2008-ci ildə Afinada lüks tur şirkəti Travelive-ı təsis edən amerikalı Mina Agnos deyir.

"Məni hər gün sevindirən şeylər bunlardır."

Fotonun müəllifi Aping Vision/STS/Getty Images
Image caption Afinada yerləşən Panatinaikos stadionunun eramızdan əvvəl 6-cı əsrdə inşa olunduğu deyilir.

İlk (və onlarla) Olimpiadaya ev sahibliyi edən Afinanın Panatinaikos stadionu dünyanın yeganə mərmər stadionudur və onun eramızdan əvvəl 6-cı əsrdə inşa olunduğu deyilir. Yerlilər və ziyarətçilər günə enerjili davam etmək üçün stadionda səhər 8-in yarısından 9-a qədər təşkil olunan qaçışa qoşula bilərlər.

Daha tənbəl sakinlər üçün də qəfil sosial macəralar az deyil.

"Bir neçə nəfərə zəng vurub, az sonra nə edəcəyinizi xəbər verin və az keçmədən dondurma almaq üçün dükana sizinlə gedən bir dəstəniz olacaq," Hajifotiou deyir.

  • Yazının orijinalını ingilis dilində BBC Travel səhifəsində oxuyun.
  • Dərgidəki digər yazıları Dərgi bölməsindən oxuya bilərsiniz.

Əlaqəli mövzular

Bu barədə daha geniş