İspanlar niyə yeməyi gec yeyir?

Kişi Fotonun müəllifi Ignacio Perez Diez/Getty
Image caption İş saatını dəyişmək ispaniyalıların adəti - siestaya təsir göstərəcək

Madridin La Latina adlı məhəlləsində axşam saat 10-dur. Bura şəhərin ən qədim yerlərindən biridir. Çay daşı ilə örtülən məhəllənin küçələrini gambas al ajillo (sarımsaqlı karides) və cocido Madrileno (noxud, donuz əti və donuz ətindən hazırlanan acılı kolbasalı təam) yeyən insanların çəngəl bıçaqlarının səsi bürüyüb.

Dünyanın başqa ölkələrində aşpazların önlüyünü çıxarıb evə gedən vaxtı olmasına baxmayaraq, buradakı restoranlarda işin ən qızğın vaxtıdır.

Bir çox səyahətçi inanır ki, İspaniyanın gec yemək adəti, ölkənin ləng təbiəti ilə bağlıdır.

Lakin bu belə deyil.

İspanlar yanlış saat qurşağında yaşayırlar və bu, 70 ildən çoxdur ki belədir.

Xəritəyə nəzər salsanız, İspaniyanın Qrinviç Saat Qurşağına (QSQ) - Böyük Britaniya, Portuqaliya və Mərakeş ilə eyni uzunluq dairəsini paylaşır - uyğunluğunu görərsiniz.

Lakin İspaniya, Mərkəzi Avropa Qurşağı (MAQ) ilə uyğunlaşıb.

Bu da İspaniyadan 2500 km şərqdə yerləşən Serbiyanın paytaxtı Belqrad ilə sinxronlaşdırılır.

Bəs ispanlar niyə öz coğrafi qurşaqlarından geri qalıblar?

1940-cı ildə general Francisco Franco İspaniyanın saat qurşağını dəyişərək, nasist Almaniyasına uyğunlaşmaq üçün vaxtı bir saat qabağa çəkir.

Həmin dövrdə vətəndaş müharibəsindən son dərəcə əziyyət çəkən ispanların ağlına bu haqda şikayət etmək gələ bilməzdi.

Onlar yemək vaxtlarını dəyişdirmirlər, yəni əvvəl qəlyanaltını günorta saat 1-də edirdilərsə, indi 2-də edirdilər.

Buna görə də axşam yeməyi saat 8-dən 9-a keçmişdi.

II Dünya müharibəsi qurtarandan sonra da saat vaxtı dəyişdirilmir.

Lakin 2016-cı ildə İspaniyanın baş naziri Mariano Rajoy bildirir ki, hökumət, yeni iş günü haqqında yeni plan üzərində işləyir ki, iş günü axşam saat 8-də yox, 6-da qurtarsın.

İspaniyada saat vaxtının MAQ-dan QSQ-a çevrilməsi mümkünlüyü ölkədə qızğın müzakirələrə səbəb oldu.

Fotonun müəllifi Politi Markovina/Alamy
Image caption İş günü axşam saat 8-də bitən ispaniyalıların sosial həyatı gec saatlara qədər davam edir

Düzgün saat qurşağında bir saat geri olmaq, Günəşin gec çıxıb, gec batması deməkdir.

Buna görə də İspaniyanın yay gecələri və axşam saat 10-da baş tutan qürubu çox məşhurdur.

İspaniyada turist istirahət mərkəzlərinin sahibləri inanırlar ki, ölkəni bu qədər cəlbedici edən Günəş işığıdır.

Balear adalarının (buraya Mayorka, Menorka və İbiza daxildir) yerli hakimiyyəti QSQ-a qayıtmağın əleyhinədir və hətta, keçən il ərzində yay saatını qorumaq haqqında kampaniya da təşkil ediblər.

Onlar düşünürlər ki, yumşaq qış daha çox qonaq cəlb edəcək.

Amma əksər ispaniyalılar üçün yanlış saat qurşağında yaşamaq yuxusuzluq və az məhsuldarlığa yol açır.

İspaniyada tipik iş günü səhər saat 9-da başlayır, günorta saat 2-dən 4-ə qədər nahar fasiləsi olur və buna görə də iş günü axşam saat 8-də bitir.

Bu cür iş saatlarına görə bir çox ispaniyalılar üçün sosial həyat da gec saatlara qədər davam edir.

Əsas televiziya vaxtı da axşam saat 11-in yarısında başlayır.

Eyni zamanda ölkənin şimal qərb regionu Qalisiyada qış aylarında Günəş səhər saat 9-dan sonra çıxır və sakinlər günə qaranlıqda başlayırlar.

Fotonun müəllifi PhotoStock-Israel/Alamy
Image caption Saat fərqi uzun yay axşamları və saat 10 qürubu bəxş edir

"İspaniyanın Günəşlə uyğunlaşmaması sağlamlıq, xüsusilə də yuxuya təsir göstərir," 2006-cı ildən bəri İspaniyada düzgün saat vaxtının tətbiqi üçün kampaniya aparan İspaniya Saatlarının Tənzimlənməsi üzrə Milli Komissiya adlı təşkilatın prezidenti Jose Luis Casero deyir.

"Əgər saat vaxtını dəyişsək, Günəş bir saat tez çıxar və daha rahat yuxudan ayılarıq, yemək vaxtlarımız bir saat tez olar və bir saat artıq yatmış olarıq."

İspaniyalılar gec yatmaq ilə başa çıxmaq üçün adətən günorta vaxtı qəhvə fasiləsi götürür və iki saatlıq qəlyanaltı fasiləsinə çıxırlar.

Beləliklə ölkənin ən tanınan ənənəsi yaranıb: siesta.

İş saatını dəyişmək ispaniyalıların gündüz mürgüsünə təsir göstərəcək, amma sakinlərin buna reaksiyası hələ müzakirə olunmayıb.

Fotonun müəllifi Facto Foto/Getty
Image caption İspaniyada Orta Avropa Saat Qurşağı hökm sürür ki, bu da onu Serbiya ilə sinxronlaşdırır

2017-ci ilin yanvarında araşdırma şirkəti Simple Logica tərəfindən aparılan bir araşdırmada müəyyən olunub ki, ispaniyalıların 18%-dən az bir hissəsi mütəmadi olaraq gündüz vaxtı yatır və 60%-i heç vaxt siesta-dan yararlanmır.

Ölkənin əsas şəhərləri və istirahət mərkəzlərindəki biznes sahibləri turistlərə xidmət üçün günorta fasiləsində də açıq olmaq məcburiyyətində qalırlar.

Günorta yatan adamlar isə bu vərdiş pozulduqda narahatlıq keçirdiklərini ifadə edirlər.

"Biz həqiqətən də İspaniyada siestanı qadağan etməliyik, çünki bu reallıqla üst-üstə düşmür," Casero deyir.

"Saat vaxtının dəyişdirilməsi, yemək saatlarına da qabağa gətirəcək və bizə bir saat artıq yatmaq imkanı verəcək. Bu halda günorta istirahəti üçün çox vaxta da ehtiyacımız qalmayacaq."

Barselonada yerləşən Instituto de Estudios Superiores de la Empresa biznes məktəbindən iş həyatının balanslaşdırılması üzrə mütəxəssis Nuria Chinchilla düşünür ki, ispaniyalıların həyat keyfiyyəti, turistlər üçün axşam bir neçə saat işıq yandıra bilməyə görə basqı altındadır.

"Bizdə daimi saat fərqindən doğan narahatlıq mövcuddur," o deyir.

"Turizm həmişə olacaq və bu turistləri maraqlandırmır. Ölkəyə düşən Günəş işığının müddəti eyni olaraq qalacaq. İstər səhər bir saat artıq olsun, istərsə də axşam bir saat artıq."

  • Yazının orijinalını ingilis dilində BBC Travel səhifəsində oxuyun.
  • Dərgidəki digər yazıları Dərgi bölməsindən oxuya bilərsiniz.

Əlaqəli mövzular

Bu barədə daha geniş