Kişilər niyə saqqal saxlayır?

Fotonun müəllifi Getty Images

Küçədə gördüyünüz saqqallı kişilərin bunu dəb və ya cəlbedici görünmək üçün etdiyini düşünə bilərsiniz. Amma hər şey bu qədər sadə olmaya da bilər.

Təkamül baxımından saqqalın mənası nədir? Uşaqlar, qadınlar və bir çox kişilər saqqalsız da rahat yaşaya bilirlər.

Amma artıq gəzməyə çıxıb, müxtəlif formalı və ölçülü saqqalı kişilər görməmək mümkün deyil. Təmizlənmiş və hipster saqqalları günümüzdə trend halına gəlib.

Görünüşünə diqqət verən kişiləri adətən partnyor axtarışında olan şəxslər kimi qiymətləndiririk. Lakin bizim saqqal və səslər üzrə araşdırmamız göstərir ki, səbəbin bir hissəsinə saqqalların kişiləri başqa kişilərdən fərqli göstərdiyi həvəsi daxildir.

Digər primatların dişi və erkəkləri ilə müqayisədə qadınlar və kişilər görünüşdə bir-birlərindən çox fərqlənirlər. Fərqlərə üz tükü də daxildir, heç şübhəsiz.

Və qadınlarla kişilər arasındakı fərqi görərkən izahı çox vaxt seksual seçimə bağlayırıq, yəni fərqlər adətən cütləşmə imkanlarını artırır.

Fotonun müəllifi Getty Images
Image caption Saqqallar heç də hər zaman cəlbedici sayılmır

Amma qəribədir ki, qadınları saqqal bir o qədər də maraqlandırmır. Bəzi tədqiqatlar qadınların azca, hətta çox saqqalı sevdiyini göstərsə də, bəziləri onların qırxılmış təmiz üzə üstünlük verdiyi qənaətinə gəlib.

Tutarlı sübutlar kifayət qədər olmadığına görə saqqalların qadınları cəlb etmək üçün yarandığını demək də mümkün deyil.

Buna görə də tədqiqatçılar cavabın seksual seçimin ikinci növündə yatdığını təklif edirlər. Başqa sözlə desək, cəlbedici olmaq çox zaman bəs etmir. Yar axtarışında eyni cinsin nümayəndələri ilə də mübarizə aparmalısan.

Bardakı gülməli, utancaq oğlan enlikürək qardaşları ilə rəqabətə girə bilməz. Və bəzi dəlillərə əsasən, məhz bu səbəbdən də saqqal saxlamaq adəti yaranıb.

Kişilərin saqqallı olmasının testosteron səviyyəsi ilə əlaqəsi heç də həmişə düzgün izah olunmur. Buna baxmayaraq, bir sıra araşdırmalar həm kişi, həm də qadınların saqqallı kişiləri daha yaşlı, güclü və aqressiv qəbul etdiyini göstərir. Və dominant kişilər rəqiblərini sıxışdıraraq nisbətən daha tez yar tapa bilirlər.

Bu isə həm müasir dövrdə, həm də tarix boyunca əksər hallarda belə olub. Dominantlıq cütləşmə imkanlarını genişləndirir: genetik dəlillər, hazırkı Asiya əhalisinin 8 faizinin Çingiz Xan və onun ailə üzvlərindən törəmə olduğunu sübut edib.

Nigel Barber tərəfindən aparılan tədqiqat göstərib ki, 1842 və 1971-ci illər arasında nikah bazarında qadın başına düşən kişi nisbəti ilə Britaniyadakı üz tükü tərzi arasında əlaqə mövcud olub. Bir kişinin daha az qadın üçün yarışdığı zamanlarda saqqal və bığların dəbə mindiyi aşkarlanıb.

Fotonun müəllifi Getty Images
Image caption Saqqallı döyüşçü Çingiz Xan Asiyanın böyük hissəsini zəbt edib və saqqallı kişilərin dominant olduğu ideyasını formalaşdırıb

Dominantlıq göstəricisi isə təkcə saqqal deyil. Səs faktoru da güclüdür. İnsanlar çox zaman aşağı pərdəli səs tonusi olan namizədləri seçirlər və rəqabət halında opponentindən güclü olduğunu düşünən kişilər adətən aşağı pərdəli səs tonu ilə danışırlar.

Üzün tükü kimi səsin qalınlığı da qadınlarla kişiləri fərqləndirir.

Saqqal və səslərin təkamül köklərini tapa bilmək üçün biz, onların cəlbedici, dominant və ya həm cəlbedici, həm də dominant olduğunu sınamaq qərarına gəldik.

Bunun üçün dördü saqqalı və iki saqqalsız altı fərqli kişinin videosunu 20 kişiyə və 20 qadına göstərdik və dominantlıq və cəlbediciliyi qiymətləndirmələrini istədik.

Sonra isə kompüter proqramı vasitəsilə hər videonun dörd versiyasını yaratdıq. Bu halda kişilərin səslərini yuxarıdan aşağı səs pərdəsinə qədər fərqli tonlarda təqdim etdik.

Aşkarladıq ki, qulağa daha dərin tonda çatan kişi səsləri ən cəlbedici kimi qiymətləndirilir. Çox dərin və ya yüksək pərdəli səslər bir o qədər də marağa səbəb olmur. Əksinə, səsin pərdəsi aşağı olduqca daha dominant qəbul edilir.

Saqqal kişinin cəlbediciliyinə təsir göstərməsə də, üzü tüklü olan kişilər daha dominant təsir bağışlayırlar.

Fotonun müəllifi Getty Images
Image caption Saqqal saxlamaq bacarığı heç də testosteron səviyyəsi ilə əlaqədar deyil

Cəlbedicilik ilə rəqabət arasındakı mübarizə isə saqqal və səslərə şamil edilə bilməz. Kişilər bədənlərinin qadınların istədikləri qədərdən daha çox əzələli olması fikri ilə razıdırlar. Eləcə də qadınlar düşünürlər ki, kişilərin təsvir etdiklərindən daha arıq və daha bəzəkli olmalıdırlar.

Qarşı cinsin cazibədar saydığı şeyləri heç də hər zaman düzgün təxmin etmirik. Bəlkə də bunun səbəbi elə rəqabət və partnyor cəlb etməkdir.

Əlbəttə ki, bu tədqiqatların böyük hissəsi qərblilər arasında aparılıb. Kosmetik vasitələrdən istifadə, ortalama bədən quruluşu və hətta, saqqal saxlamaq bacarığı ölkədən ölkəyə dəyişir. Buna görə də başqa ölkələrdə fərqli nəticələr labüddür.

Amma istər üzün tükü olsun, istərsə də başqa bir şey, rəqabət tələblərinin müxtəlif görünüşə yol açdığının tez-tez şahidi oluruq.

Elə bilirsiniz ki, həmişə hamını razı sala bilərsiniz? Heyhat.

Bu barədə daha geniş