İranda ayağa qalxan Sufi Qonabadi Dərvişləri kimdir?

Qonabadi Dərvişlərinin lideri Nurali Tabande Fotonun müəllifi Meczuben internet sitesi
Image caption Qonabadi Dərvişlərinin lideri Nurali Tabande

İranın paytaxtı Tehranda bu həftə ərzində sufi təriqətinə bağlı Qonabadi Dərvişləri və təhlükəsizlik qüvvələri arasında baş verən toqquşmada 5 təhlükəsizlik əməkdaşı həlak olub.

Dərvişlərin təşkil etdiyi aksiyada baş verən münaqişədən sonra 300 nəfər sufi də saxlanıb. Hadisələr Qonabadi Dərvişlərinin bəzi nümayəndələrinin tutulmasına etiraz etməsiylə başlayıb.

Bir müddət sonra etirazçılar ilə təhlükəsizlik qüvvələri arasında toqquşma baş verib.

Liderin evi mühasirəyə alınıb

Bazar ertəsi gecəsi təşkil edilən etiraz aksiyası zamanı 3 polis əməkdaşı bir nəfərin idarə etdiyi avtobusla çevik polis əməkdaşlarının arasına girməsi nəticəsində həlak olub.

Besiç polis qüvvəsinin üzvü də başqa bir avtomobilin vurması, digəri də bıçaqlanma nəticəsində həyatını itirib.

Bəzi etirazçılar qrupun 90 yaşlı lideri Nurali Tabandenin həbs edilməsindən qorxaraq onun Tehranın şimalında yerləşən evinə polisin daxil olmasına icazə verməmək üçün evi mühasirəyə alıblar.

Qonabadi Dərvişləri ilə İran hökuməti arasındakı anlaşılmazlığın kökü isə bir xeyli əvvələ gedib çıxır.

Fotonun müəllifi TWITTER

Qonabadi Dərvişləri-nin kökü XIV əsrə gedir

Nimetullah Qonabadi, XIV əsrdə yaşamış Sufi şeyxi Şah Nimetullah Velinin təlimlərinə əsasən Sufi təriqətinin bir qoludur.

Qonabadi adı isə Xorasan vilayətindəki bir yerin adıdır. Bura isə qrupun yaradıcısı olan Sultan Alişahın XIX əsrdə yaşadığı yerdir.

Şiə təriqətinin davamçısı olan qrupun bu günkü lideri isə Nurali Tabandedir. Tabande qrupun o zamankı lideri olan qardaşı oğlu qəfildən vəfat etdikdən sonra, 1997-ci ildən bu yana qrupa liderlik edir. 90 yaşlı Sufi lideri Paris Universitetində təhsil alıb.

1979-cu ildə həyata keçirilən İran İnqilabından sonra qısa bir müddətə mədəniyyət və ədalət nazirliklərinin köməkçiliyini edən Tabandenin sonradan mühafizəkar rəhbərliyə qarşı çıxan iki fərqli qrupla yaxın əlaqəsi vardır.

Liderləri həbsxanada yatıb

Tabande dövrün hakimiyyətini tənqid edən bir məktubu 90 nəfərlə bərabər imzaladığı üçün 1990-cı ildə 8 ay həbs cəzası çəkib.

1979-cu il inqilabından sonra İrandakı mühafizəkar hökumət Şiə təriqətinin hər hansı bir başqa şərhinə daha artıq anlayış göstərmir. Xüsusulə, Qonabadi sufilərinin "din alimlərinin rəhbərliyi" anlayışını rədd etməsi onlara qarşı reaksiyanın ən böyük səbəblərindən biridir.

Buna görə də Qonabadi Sufiləri sufizmi Şiə təriqətinin "şeytanı bir şərhi" kimi görən dövlətin dəstəklədiyi qruplar tərəfindən uzun müddətdir təcavüzə məruz qalır.

Mahmud Əhmədinejadın 2005-ci ildə İran prezidenti seçilməsindən sonra qrup daha artıq təzyiqlə qarşılaşmağa başladı.

Fotonun müəllifi Reuters
Image caption Mahmud Əhmədinejad

Eyni anda fərqli qəsəbələrdə yerləşən dərvişlərə məxsus dini mərkəzlər ləğv edildi.

Qonabadi Sufiləri ümumiyyətlə siyasətdən uzaq durmağa üstünlük versələr də Tabande 2009-cu il seçkilərində Əhmədinejadın rəqiblərlərindən olan Mehdi Kerrubi-yi dəstəkləmişdi.

Tabande Sufilərin dini mərkəzlərinin ləğv edilməsinə etirazını bildirən tək insan olduğu söylədiyi Mehdi Kerrubi 2011-ci ildən bəri ev dustağıdır.

Xameneyiyə məktub

Sufilər İranın dini lideri Əli Xamenei-yə 2010-cu ildə yazdıqları açıq məktubda hədəfə alındıqlarına görə şikayət ediblər.

BMT-nin 2017-ci il insan haqları hesabatında da pis rəftar gördükləri səbəbiylə adı hallandırılan qrup son zamanlarda təkrar gündəmə gəlib.

New York-da mənzillənən İnsan Haqları Mərkəzi son iki ayda bəzi dərvişlərin həbs edildiyini və Sufi üzvlərinin sərbəst buraxılması üçün yanvarın 14-də Kuvar şəhərində təşkil edilən etiraz nümayişində 10 nəfərin yaralandığını bildirib.

Qrupun rəsmi internet səhifəsi Meczuben bəzi etirazçıların polis tərəfindən vurulduğunu yazıb.

Fotonun müəllifi Meczuben
Image caption Qrupun internet səhifəsi

Sosial şəbəkələrdə paylaşılan videolarda yaralanmış etirazçıların görüntüləri və polisin gözyaşardıcı qazdan istifadə edərək izdihamı dağıtmağa çalışdığı əks olunub.

"Rejim rəqib olaraq qəbul edir "

Qonabadi Sufiləri dinlərinin "sülh, qardaşlıq və bərabərliyə" əsaslandığını söyləyir. Baş verən son münaqişələrdən sonra qrupun lideri Tabande davamçılarını sakit olmağa çağırıb.

Meczuben saytının redaktorlarından olan Fərhad Nuri isə rejimin sufilərə bu qədər şiddətlə qarşı çıxmasının arxasında onları "ideoloji rəqib" kimi gördüyünün dayana biləcəyini söyləyir.

"İD kimilər"

İran İnqilab Keşikçiləri kimi güclü təşkilatlara yaxın olan media orqanları isə Qonabadi Sufilərinə qarşı əvvəlki illərdə kampaniyalar başlatmışdı.

Beş təhlükəsizlik əməkdaşının həlak olmasından sonra isə bəzi yayım təşkilatları qrupu İD-ə (Özünü İslam Dövləti adlandıran qruplaşma) bənzədib.

Fars xəbər agentliyi isə qrupu "xərçəng yaradan bir şişə" bənzədərək Beynəlxalq Təhlükəsizlik Ali Şurasını qrupu ciddi şəkildə dəf etməyə çağırıb.

Əlaqəli mövzular

Bu barədə daha geniş