Heyvanlar da intihar edirmi?

İtlər emosiyaları hiss edir Fotonun müəllifi Dominik QN/CC by 2.0

Görəsən, itlər, balinalar, atlar və başqa heyvanlar həyatlarını bitirmək istəyinə düşürmü?

1845-ci ildə Illustrated London News qəzetində qəribə bir əhvalat dərc olunur.

"Yaxşı, yaraşıqlı və qiymətli" kimi təriflərlə təsvir olunan qara bir itin intihar məqsədilə "özünü suya atdığı" deyilir. İtlər adətən suya düşərkən ayaqlarını tərpədirlər, bu isə suda tərpənmir.

Ən qəribəsi isə xilas olunduqdan sonra, yenə suya tərəf cumub, batmağa çalışır.

Sonda bu yaraşıqlı it intihar arzusuna çatır və ölür.

Viktoriya dövrünün mətbuatına əsasən, həmin it özünü öldürməyə cəhd edən yeganə heyvan olmayıb. Bu hadisədən çox keçməmiş mətbuatda iki buna bənzər hal yer alır: bilərəkdən özünü suda boğan ördək və balaları öləndən sonra, özünü asan pişik.

Bəs bu insidentlərdə hansı həqiqət gizlənirdi?

Bilirik ki, heyvanlar da insanların yaşadığı əqli sağlamlıq problemlərindən əziyyət çəkə bilirlər. Xüsusilə də stressi hiss edir və depressiyaya qapılırlar. Bu, insanlarda intihara yol açan faktorlardan biridir.

Biz həm də bir vaxtlar yalnız insanlara aid olan davranışların artıq heyvanlarda da olduğunu bilirik.

İntihardamı onların arasındadır? Həqiqətənmi heyvanlar bilərəkdən intihara cəhd edirlər?

Fotonun müəllifi Alflo/Naturepl.com
Image caption Bəzi itlər sahibləri öləndən az müddət sonra ölürlər

Əslində bu yeni sual sayılmır: qədim yunanlar da eyni sualı veriblərmiş.

2000 il əvvəl Aristotel bir ayğırın özünü boşluğa atdığını yazırdı. Ayğır, eynilə Oedipus kimi bilməyərək anası ilə cinsi əlaqədə olduğunu öyrənmişdi.

Eramızın 2-ci əsrində yunan filosofu Claudius Aelian mövzu üzrə bir kitab da yazıb. O, kitabında 21 heyvan intiharı hadisəsini təsvir edib. Buraya özünü balıqtutanların toruna bilərəkdən atan delfin, sahiblərinin ölümündən sonra, aclıq çəkərək intihar edən itlər və "özünü ölən sahibinin dəfnində yandırılan cəsədin alovlarına atan" qartal daxildir.

Suda boğulan "yaraşıqlı itdən" sonra heyvan intiharı ideyası 19-cu əsr Viktoriya dövrünün insanları arasında məşhur mövzu olub. William Lauder Lindsay adlı bir psixiatr heyvanların bu hərəkətini "intihar melanxoliyası" kimi izah edib və intihardan əvvəl onların "qəzəbli olduqları və dəlilik həddinə çatdıqlarının" təsvirini verib.

O zaman bu fikirlər, Birləşmiş Krallıqda (BK) yerləşən Heyvanlara Qarşı Qəddarlıq Əleyhinə Kral Cəmiyyəti (RSPCA) kimi heyvan haqları qrupları tərəfindən dərhal tətbiq olunmağa başlanıb.

"Heyvan haqları fəalları heyvan emosiyalarının humanistləşdirilməsi uğrunda mübarizəyə başladılar," tarixdəki heyvan intiharlarını tədqiq edən BK-nın Manchester Universitetindən tibbi tarixçi Duncan Wilson izah edir.

Bunu edərək onlar, tarixçi deyir, göstərmək istəyirdilər ki, "heyvanların da insanlar kimi özünütənqid və niyyət kimi bacarıqları var və buraya kədər və ya qəzəbdən özünü öldürmək də daxildir".

Fotonun müəllifi Paul Brough / Alamy Stock Photo
Image caption 1875-ci ildə itlərə yem olmasın deyə özünü qayadan atan erkək maral haqqında xəbər yayılmışdı

Məsələn, RSPCA-yin Heyvan Dünyası adlı jurnalının 1875-ci ildə buraxılışında özünü ataraq intihar edən erkək maralı təsvir edən şəkil dərc olunub. Şəkli müşayiət edən yazıda deyilir: təqibçilərinin əlinə keçməkdənsə, özünü ölümə atan vəhşi maral.

20-ci əsrdə tibbin inkişafı ilə insanların intihara münasibəti klinik bir mərhələyə keçir və heyvanların bənzəri hərəkətini "qəhrəmanlıq" kimi təsvir edən izahlar azalır.

Wilson deyir ki, diqqət artıq sosial təzyiq nəticəsində baş tutan intiharın daha böyük kütlələrə təsirinə verilir. İntihar daha çox sosial xəstəliyə çevrilir. Dəstə ilə yeriyən və özlərini qayadan atan lemminqlər və ya kütləvi şəkildə sahilə atılan balinaları misal çəkmək olar.

Amma Wilson heyvanların intihara cəhd etməsi sualına cavab axtarmayıb. Onun işi, bizim heyvanlar haqqında hekayətlərimizdə əks olunan insan intiharına qarşı dəyişən münasibəti üzə çıxarıb.

Fotonun müəllifi benoitb
Image caption Əfsanələrə baxmayaraq, lemminqlər özlərini qayadan intihar məqsədilə atmırlar

Bu suala cavab axtaran bir tədqiqatçı da var.

İtaliyada yerləşən Cagliari Universitetindən heyvan intiharı üzrə elmi ədəbiyyatı araşdıran psixiatr Antonia Preti deyir ki, bənzəri hekayələr bizi aldatmamalıdır.

O, ötən 40 ildən çox müddət ərzində dərc olunan təqribən 1000 araşdırmanı nəzərdən keçirib və vəhşi təbiətdə bilərəkdən intihara cəhd edən bir heyvan haqqında məlumata rastlamayıb. Aelien-in kitabındakı halları isə Preti "antropomorf əfsanələr" adlandırır.

Artıq tədqiqatçılara bəllidir ki, lemminqlərin kütləvi ölümünə səbəb saylarının artması nəticəsində bir yerdə köçməyə çalışmaq niyyətidir.

Fotonun müəllifi Tim Cuff / Alamy Stock Photo
Image caption Sahilə atılan balinaların məqsədi intihar deyil

Sahibinin ölümündən sonra, ölən ev heyvanları hallarını isə Preti-yə görə, sosial əlaqənin pozulmasına bağlamaq lazımdır.

Heyvanlar bilərəkdən ölmək haqqında qərar qəbul etmirlər. Əksinə, sahibinin əlinə öyrəşən heyvan başqasından yemək qəbul edə bilmir.

"Heyvanın da intihar nəticəsində öldüyünü düşünmək, insanların romantik izahıdır."

Bu misal bir mühüm faktı irəli sürür. Stress heyvanın davranışında həyatı bahasına başa gələn dəyişiklik ola bilər.

Belə bir hadisə 2016-cı ilin mayında Tenerifdə yerləşən SeaWorld-də baş verib.

İnternetdə yayılan videoda, SeaWorld-in parklarından birində bir orka balinası təxminən 10 dəqiqə akvariumdan çıxmaq üçün özünü divara çırpır. Qeyd etmək lazımdır ki, həmin orka okeanda doğulub. Onun intihara cəhdi ilə bağlı onlarla məqalə yazılmışdı.

Orkaların vəhşi təbiətdən fərqli olaraq, əsirlikdə fərqli davrandığını bilirik. Bu heç də təəccüblü deyil. Nə də olsa, akvariumu okeanla müqayisə etmək olmaz.

Qeyri-təbii mühitlərin orkalara stress yaşatdığı da bizə bəllidir. Onlar akvariumun divarlarına çırpılmaq və dişləri ilə onu deşmək cəhdi kimi təkrar hərəkətlərə yol verirlər.

ABŞ-ın Virgina ştatında yerləşən William & Mary Universitetindən Barbara King-ə görə, bu, heyvanların nə qədər dərin emosiyalar yaşadığından xəbər verir. Belə hadisələr həm də onların özlərinə qarşı destruktiv münasibətinin səbəbi barədə xəbərdarlıqdır.

Fotonun müəllifi imageBROKER / Alamy Stock Photo
Image caption SeaWorld-də balinalar qeyri-təbii şəraitdə yaşayır

"İstər qaçaqmalçılıq olsun, istərsə də qanuni ov məncə, halların əksəriyyəti insan müdaxiləsi nəticəsində baş verir," heyvan kədəri və intiharı haqqında çoxsaylı yazıların müəllifi King deyir.

Travmatik şəraitdə saxlanılan bir çox heyvan stress, post-travmatik stress pozuqluğu (PTSD) və depressiya kimi hallar yaşayırlar.

Çində yerləşən bir ayı fermasında ana ayının əvvəl oğlunu boğduğu, sonra isə özünü öldürdüyü deyilir. Hadisə, bəzən Çin təbabətində istifadə olunan bala ayının öd şirəsinin kateter vasitəsilə çəkilməsindən sonra baş verib. İynə son dərəcə ağrılı imiş.

Qəzetlər, ana ayının gələcəkdə əziyyətə dözmək əvəzinə bu hərəkəti etdiyini yazırdı.

Bu da stress və uzun müddət süni mühitdə yaşamağın tətiklədiyi qeyri-təbii davranışlardan biridir. Preti deyir ki, biz belə halları "heyvanın həbsdən qaçışı" kimi qiymətləndirməliyik.

Fotonun müəllifi Dominik QN/CC by 2.0
Image caption İtlər emosiyaları hiss edir

İntihara cəhd edən başqa heyvanlar arasında vəhşi təbiətdə yaşayan balinaları misal çəkmək olar.

Balinaların sahilə atılmasının səbəbi hələ ki bilinmir. Belə bir fikir mövcuddur ki, buna səbəb hansısa xəstə balinanın dayaz suda təhlükəsizlik axtarışı ola bilər. Balinalar qrup şəklində yaşadığına görə digərləri də xəstə balinanı izləyə bilərlər.

Bu ideyaya "xəstə lider hipotezi" adı verilib. Amma bu intihar hesab olunmur.

Özünə zərər davranışı kimi görünən hərəkətin daha ağıllı izahı da ola bilər. Bəzi parazitlər artmaq üçün bədəninə düşdükləri canlıların beyinlərinə təsir edirlər və fərqli davranışlara səbəb olurlar. Proses əsnasında adətən bədənin sahibi ölür.

Məsələn, toksoplazma gondii adlı parazitinə tutulan siçanlar pişiklərdən qorxmurlar. Əgər bir pişik həmin siçanı yeyərsə, parazit artmaqda davam edər. 2013-cü ildə aparılan bir araşdırma göstərib ki, parazit yoxa çıxdıqdan sonra belə, infeksiyanın sildiyi qorxu geri qaytımır.

Fotonun müəllifi Visuals Unlimited/Naturepl.com
Image caption Bu qarışqa üçün artıq çox gecdir, belə ki, parazitli göbələyə tutulub

Eləcə də ofiokordiseps unilateralis adlı parazitli göbələk qarışqaların beyninə təsir edərək, onları zombiyə çevirir. O, həşəratın ölümünə səbəb olur.

Ana hörümçəklər balalarının onları yeməsi üçün şərait yaradırlar. Ölsələr belə, bu intihar sayılmır. Əksinə valideyn qayğısının ifrat əksi hesab olunur. Balalarının böyüməsi üçün ana hörümçək özünü qida kimi qurban verir.

Əgər bu hərəkət intihar deyilsə, bəs nədir?

İntihar adətən "birinin özünü bilərəkdən öldürməsi" kimi tərif olunur.

Biz, bəzi heyvanların özlərini öldürdüyünü bilirik. Bəs onların bunu bilərəkdənmi edirlər?

Ana hörümçək, misal üçün, bəlkə də bunu ölmək yox, qida niyyəti ilə edir. Bəlkə də ana ayı bu hərəkəti özünü və balasını öldürmək məqsədilə yox, stress ucbatından edib.

Bəzi ekspertlər suala cavab tapmağın qeyri-mümkün olduğuna inanırlar.

Heyvanın ağlını oxumaq olmur.

"Mən hələ də elmin cavab axtardığı sualın (heyvan intiharı) başqa olduğunu düşünürəm," King deyir.

"Biz onların bu davranışına kədərlə baxırıq, amma davranışın heyvana nə qədər ziyan vurduğu və bunun bilərəkdən və ya əksinə edildiyini görə bilmirik."

Bu fikirlə razılaşmayanlar çoxdur. Onlar deyirlər ki, insanlar özlərini öldürmək niyyəti ilə intihar etdikləri halda, heyvanlar idraki fərqlərə görə bunu məqsədli şəkildə etmirlər. Onlara görə, əsas fərq bizim gələcəyi düşünmək qabiliyyətimizdir.

Fotonun müəllifi Ernie Janes/Naturepl.com
Image caption Şir ürəyi yemiş siçan

Bir çox heyvanlar da qabaqcadan planlamaq bacarığına malikdirlər. Yeməyini daha sonra yemək üçün gizlədən quşlar, gələcəkdə istifadə üçün alətlərini saxlayan bonobos və oranqutanqlar haqqında məlumatımız var.

İntiharı planlamaq üçün bir kəsin dünyadakı yeri haqqında detallı anlayışı olmalıdır və dünyanı özü olmadan təsəvvür etməyi bacarmalıdır. Bunun üçün təxəyyül lazımdır.

"İnsanların, hadisələri təsəvvür etmək, münasibət bildirmək və dilə gətirmək bacarığı var," Avstraliyanın Queensland Universitetindən təkamül psixoloqu Thomas Suddendorf deyir.

"Bu, insanı ən yaxın heyvan qohumundan fundamental şəkildə fərqləndirən amildir."

"Biz çarəsiz hallarda çox narahat oluruq və bəlkə də heç baş verməyəcək hadisələr haqqında dərin nigarançılıq keçiririk," Suddendorf izah edir.

Fotonun müəllifi Anup Shah/Naturepl.com
Image caption Heyvanlar öz təbii təqibçilərindən boş yerə qorxmurlar

Əksəriyyətimiz narahatçılıqların öhdəsindən gəlirik. Bizim daxili optimist yanaşmamız var ki, gələcək üçün xoş ümidlər bəsləməmizə səbəb olur.

Amma gələcəyi qaranlıq görüb, depressiya keçirən biri üçün bunu demək olmaz.

"Klinik psixoloqlar, bizim əqli sağlamlığımız üçün gələcəyə baxışın mühümlüyünü anlamağa və açmağa başlayıblar", Suddendorf söyləyir.

ABŞ-ın San Diego ştatında yerləşən California Universitetindən Ajit Varki də, depressiyada olan insanları gələcəyə önəm verməsi fikri ilə razıdır. O, insanın unikallığı və ölümü inkar etmək qabiliyyəti barədə çoxsaylı yazıların müəllifidir.

"Reallıqlardan biri də odur ki, hər kəs öləcək."

Bu sonluğu isə demək olar ki, heç birimiz nəzərdə saxlamırıq. Varki bunu "təkamül qəribəliyi" kimi izah edir.

"Bizim həmin inkara ehtiyacımız var," o deyir.

"Yoxsa həyatdan küsər və heç bir şey etmərik."

Əvəzində bəzilərimiz təhlükəli dağlara dırmanır, maşınları sürətlə sürür və beynimizi alt-üst edən narkotik vasitələr qəbul edirik.

Varki, heyvan intiharı hallarına başqa cür izah verməyi təklif edir.

Fotonun müəllifi Bin Yang
Image caption Bilirik ki, meymunlar yoldaşlarının ölümünə kədərlənirlər

Heyvanlar yas saxlayır, ölü bədənləri tanıyır və qorxurlar. Amma ölümü "aktuallıq" kimi qiymətləndirib qorxmurlar.

"Ölüm, ona aparan təhlükəli vəziyyətin yaratdığı qorxudur," - Varki deyir.

Bu cür düşünmək ağlabatandır. Əgər heyvanlar da insanlar kimi ölümü inkar etsəydilər, zebrlər şirlərin yanında dolaşar, balıqlar timsahların yanında üzər və siçanlar ilanın gözünün içinə baxardılar.

Onlar da bizim qədər özlərini tanışaydılar, ərazilərini müdafiə etməyi dayandırar və ya yemək üçün mübarizə aparmazdılar. Qorxuya qarşı onların daxili cavabı da müvafiqdir: bu onların sağ qalmasına kömək olur.

Varki iddia edir ki, biz, ölümü anlayan və onunla başa çıxmağı bacaran yeganə heyvanlarıq. Çünki biz, özünü anlayan ən ağıllı məxluquq.

"İntihar nədir?" Varki sual edir.

"Ölümünü tətikləməkdir. Sonda öləcəyini bilə-bilə özünə necə qıya bilərsənki? Ona görə də intiharın insana xas bir davranış olması kifayət qədər məntiqlidir."

Bu barədə daha geniş