İlham Əliyev Mingəçevirdə işsizlik, qeyri-neft sektoru və yerli ehtiyatlar barədə danışıb

İlham Əliyev Fotonun müəllifi president.az

Mingəçevirdə açılacaq iplik istehsal müəssisəsi 750 insanı işlə təmin edəcək, Prezident İlham Əliyev müəssisənin açılışı zamanı bəyan edib.

Azərtac xəbər verir ki, fevralın 27-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mingəçevir Sənaye Parkında "Mingəçevir Tekstil" MMC-nin iplik istehsalı üzrə iki müəssisəsinin açılışında iştirak ediblər.

İşsizliyin aradan qaldırılması

İlham Əliyev yeni açılan müəssisələrdə 700-750 nəfərin işlə təmin olunacağını və bu müəssisənin işsizliyin aradan qaldırılmasına müsbət təsir edəcəyini bildirib.

O, işçilərin böyük hissəsinin qadınlardan ibarət olmasını alqışlayıb.

"Burada çalışanların böyük əksəriyyəti qadınlardır. Bu da çox gözəl haldır. Çünki biz qadınları işlə təmin edirik və ümumiyyətlə, Mingəçevirdə işsizliyin aradan qaldırılması üçün bu fabriklərin çox böyük rolu olacaqdır", - İlham Əliyev deyib.

Qeyri-neft ixracının artırılması

"Bu gün bizim əsas məqsədimiz qeyri-neft ixracının artırılmasıdır və bu istiqamətdə də çox gözəl işlər görülür", - İlham Əliyev, qeyri-neft sənayesinin inkişafının ölkə üçün əhəmiyyətindən danışarkən bildirib.

O, yerli ehtiyatlardan istifadə etməklə sənaye sahələrinin yaradıldığını və artırıldığını deyib.

Mingəçevir Sənaye Parkının təməli 2016-cı ildə qoyulub, Azərtacın məlumatında deyilir. Fabriklərin ümumi dəyəri 144 milyon manat təşkil edir və buna İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 10 milyon manat güzəştli kredit ayrılıb.

İlham Əliyev Mingəçevirə səfəri zamanı Mingəçevir Su Elektrik Stansiyasının, "ASAN Həyat" kompleksinin açılışında da iştirak edib.

Bu barədə daha geniş