Respublika Narkoloji Mərkəzində yanğın barədə nə bilirik? 5 suala cavab

Rəsmi məlumata görə yanğın saat 8:30 söndürülüb Fotonun müəllifi TOFIK BABAYEV/Getty images
Image caption Rəsmi məlumata görə yanğın saat 8:30-da söndürülüb.

Martın 2-də Respublika Narkoloji Mərkəzində yanğın nəticəsində ölənlərin sayı 25-ə çatıb.

BBC Azərbaycanca hadisə ilə bağlı 5 suala cavabı bir araya gətirib.

Yanğında ölən və xəsarət alanlar kimlərdir?

Yanğın nəticəsində ölənlərın hamısı Narkoloji Mərkəzdə müalicə alan pasientlərdir. Bunu Səhiyyə Nazirliyi bildirir.

Rəsmi məlumata görə, yanğın vaxtı binada 55 nəfər olub.

Məlumata görə, hadisədə xəsarət almış dörd nəfərdən üçü Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsinə, bir nəfər isə 3 saylı Sabunçu xəstəxanasına yerləşdirilib.

Yaxınların sözlərinə görə, ölənlərin bəziləri alkoqolizmdən müalicə olunublar və bir neçəsi yenicə, bir neçə gün əvvəl müalicə müəssəsinə gediblər.

Yanğına səbəb nə olub?

İlkin araşdırmanın nəticələrinə görə, yanğına səbəb binanın elektrik şəbəkəsindəki nasazlıq olub.

Faktla bağlı Ağır Cinayətlərə Dair İstintaq idarəsində cinayət işi başlanıb, araşdırmalar aparılır.

________________________________________________________

Təhlil

Redaksiya, BBC Azərbaycanca

Neftlə zəngin Azərbaycan Formula 1, Eurovision, İslam Oyunları kimi böyük beynəlxalq tədbirlərə fəxrlə ev sahibliyi edir.

Ancaq Sovet dövründən qalma köhnə binada çıxmış və 25 insanın tələfatı ilə nəticələnən bu yanğın, ölkədə yanğın təhlükəsizliyi və ona nəzarət normalarının çatışmazlığı barədə ciddi suallar doğurur.

Bu faciə ölkənin xaricdə imicinə və hökumətə apreldə keçiriləcək seçkilər qabağı zərbədir.

Azərbaycan hökuməti dövlət institutlarında yüksək səviyyədə korrupsiyanın olması barədə hər zaman tənqidə məruz qalır və ölkənin adı bununla bağlı beynəlxalq hesabatlarda çəkilir. Ölkədə tez-tez baş verən yanğınların əsl səbəbi kimi məhz korrupsiya görülür.

2015-ci ilin mayında Bakıda çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğında 15 insan, o cümlədən uşaqlar ölmüşdü.

______________________________________________________

Yanğın nə vaxt başlayıb və söndürülüb?

Daxili İşlər Nazirliyinə əsasən yanğın səhər 6:10 başlayıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi, texnikası, Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım xidmətləri, Prokurorluq və Daxili İşlər orqanlarının əməkdaşları cəlb edilib..

Yanğın 8:30-də söndürülüb.

Fotonun müəllifi azertag.az
Image caption İlkin ehtimallara görə, yanğına elektrik şəbəkəsində yaranmış nasazlıq səbəb olub

Yanğının baş verdiyi bina barədə nə məlumdur?

Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzi bir mərtəbəli korpusda yerləşir.

Taxta konstruksiyalı binanın pəncərələrində barmaqlıqlar olub.

Xətai Rayon İcra Hakimiyyətinin şöbə müdiri Pənah İmanovun BBC Azərbaycancaya verdiyi məlumata görə Narkoloji Mərkəzin fəaliyyət göstərdiyi bina 1978-ci ildə inşa edilib.

1986-cı ildən dispanser kimi fəaliyyətə göstərib və Səhiyyə Nazirliyinin 2011-ci il tarixli qərarına əsasən isə dispanser fəaliyyətini Respublika Narkoloji Mərkəzi kimi davam etdirməyə başlayıb.

Hakimiyyətin reaksiyası necə olub?

Fotonun müəllifi President.az
Image caption Hadisə yerinə prezident İlham Əliyev baş çəkib

Yanğın söndürüldükdən sonra hadisə yerinə Prezident Ilham Əliyev baş çəkib.

O, Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğın ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb.

Baş Prokurorluq tərəfindən cinayət işi başlanılıb.

Hadisəyə ilə bağlı Baş Prokurorluq, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

Bu barədə daha geniş