İranda Babək yürüşü ərəfəsində "azərbaycanlı fəalların həbsi"

İranda qanuna görə qadınlar avtobusun arxa oturacaqlarında oturmalıdırlar Fotonun müəllifi CHAİ-KHANA
Image caption Foto. Arxiv. İranda qanuna görə qadınlar avtobusun arxa oturacaqlarında oturmalıdırlar

İranlı fəallar ölkənin şimalındakı Bəzz qalasında Babəkin doğum günü ilə bağlı hər il təşkil olunan ənənəvi qurultaydan əvvəl azərbaycanlı fəalların saxlandığını bildirirlər.

Türkiyədə mənzillənən və əslən İrandan olan Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinin (GAMAC) sözçüsü Məhsa Mehdili həbslərin Babək qurultayının qarşını almaq üçün həyata keçirildiyini deyib.

"İranda son dörd gün ərzində 21 nəfər azərbaycanlı həbs olunub. Onlar haqqında heç kimə məlumat verilmir", - Xanım Mehdili tanınmış fəal Abbas Lisani də daxil fəallara qarşı qəddar rəftarı qeyd edib.

"Saxlanılan Abbas bəyin ailəsi məlumat almaq üçün müraciət edib, lakin iki oğlunun qollarını bağlayıblar, kürəkənini məhkəmədən çox pis şəkildə qovublar. Onun vəziyyəti haqqında da məlumat verilmir", - Məhsa Mehdili BBC News Azərbaycancaya bildirib.

İnsan haqları üzrə Amnesty İnternational təşkilatı tərəfindən vicdan məhbusu kimi tanınan Abbas Lisani dəfələrlə həbs olunub.

ABŞ-da yaşayan daha bir azərbaycanlı fəal Ramin Cabbarlı iyunun 2-dən başlayaraq 50 nəfərin saxlandığını bildirir. O, saxlanan şəxslərin məhkəməyə göndərilmələri ilə bağlı məlumatın olmadığını deyib.

"Saxlanan fəalların təxminən 50-sinin adını bilirik. Belə hallarda bir çoxunun həbsindən xəbər tutmaq olmur", - Ramin Cabbarlı əlavə edib.

Tədbir və həbslər barədə məlumatlar müstəqil mənbədən təsdiqlənməyib. Lakin keçmişdə də, Babək qurultayı ərəfəsində, bölgədən həbslər barədə məlumatlar daxil olub.

Cebhe.info saytı Bəzz qalasına yürüşün başlanması barədə videolar yerləşdirib. Onlarda dağ ətəyində toplaşan insanlar "Yaşasın, Azərbaycan" şüarlarını qışqırır, rəqs edirlər.

Əlaqəli mövzular

Bu barədə daha geniş