Robert Koçaryanın ofisi onun həbsini "siyasi qisas" hesab edir

Robert Koçaryan Fotonun müəllifi YERKİRMEDİA.AM

Ermənistanın ikinci prezidenti Robert Koçaryanın ofisi hesab edir ki, ona qarşı qaldırılan cinayət işi və irəli sürülən ittiham qeyri-qanuni və "tam əsassızdır", şənbə günü Yerevanda keçirilən mətbuat konfransında sabiq prezidentin vəkilləri bəyan ediblər.

Robert Koçaryanın ofisinin rəhbəri Viktor Soğomonyan cinayət işinin "sırf siyasi və təqib" xarakteri daşıdığını vurğulayıb, lakin bunun konkret olaraq kimin tərəfindən təşkil edildiyinə dair jurnalistlərin sualını cavabsız qoyub.

Cümə günü 7 saatdan çox davam edən məhkəmə prosesindən sonra Yerevan birinci instansiya məhkəməsi Ermənistan İstintaq Xidmətinin vəsatətini təmin edərək, Robert Koçaryan barəsində iki aylıq həbs qətimkan tədbirini seçib.

Viktor Soğomonyan Robert Koçaryanın həbsini qeyri-qanuni hesab edir.

Image caption Sabiq prezidentin vəkilləri Koçaryanın həbsinin siyasi motivli olduğunu deyirlər

"Ona qarşı saxta cinayət işinin Ermənistan Respublikası qanunlarına aidiyyəti yoxdur və Ermənistan Konstitusiyasına ziddir. Biz onun dərhal buraxılmasını, qətimkan tədbirinin dəyişdirilməsini tələb edir və edəcəyik, biz məhkəmə vasitəsilə bu qərarın [Koçaryanın həbsinə dair] ləğv edilməsinə nail olmalıyıq", - Soğomonyan deyib.

"Robert Koçaryan bəraət qazanacaq, şübhə etməyin. Robert Koçaryan tezliklə azadlığa çıxacaq".

Ombudsman Koçaryan saxlanan həbsxanaya baş çəkib

Ermənistanın insan haqları müdafiəçisi (ombudsman) Arman Tatoyan eks-prezident Robert Koçaryan saxlanılan Ədliyyə Nazirliyinin "Yerevan-Mərkəz" cinayət-islah müəssisəsinə baş çəkib.

Bu barədə Ermənistan ombudsmanının mətbuat xidməti xəbər verir.

Ombudsman Robert Koçaryanla görüşüb, onun saxlanılması şəraiti ilə tanış olub.

Koçaryanın şəraitdən narazılıq etmədiyi, eyni zamanda ombudsmanla söhbətdən sonra "Koçaryanın qaldırdığı bir sıra məsələlər cinayət-islah müəssisəsinin rəhbərliyi ilə müzakirə edilib və həll" olunduğu bildirilir.

"Ermənistan ombudsman aparatı Koçaryanın hüquqşünasları ilə əməkdaşlıq etməyə hazırdır", - məlumatda deyilir.

Robert Koçaryan 2008-ci il 1 mart hadisələri ilə bağlı cinayət işi üzrə Ermənistan Respublikası Cinayət Məcəlləsinin 300.1 maddəsinin 1-ci hissəsi üzrə, başqa şəxslərlə ilkin sövdələşməyə gələrək, Ermənistanda Konstitusiya quruluşunu devirməkdə ittiham olunur.

Bu maddə üzrə 10 ildən 15 ilədək həbs cəza tədbiri nəzərdə tutulur.

2008-ci il martın 1-i və 2-də polis qüvvələrinin 19 fevral prezident seçkilərinin "nəticələrinin saxtalaşdırılması sayəsində" Serj Sarkisyanın qələbəsini tanımayan minlərlə insanın iştirak etdiyi fasiləsiz etiraz aksiyalarının hakimiyyət qüvvələri tərəfindən dağıdılması nəticəsində 10 nəfər, o cümlədən, 2 polis əməkdaşı həlak olub, 200-dən çox insan xəsarət almışdı.

Bu barədə daha geniş