Kofi Annan 80 yaşında vəfat edib

United Nations (UN) Secretary General Kofi Annan smiles in front of UN logo at a press conference 21 November 2006

Şəklin mənbəyi, AFP

Humanitar sahədə fəaliyyətinə görə Nobel Sülh Mükafatına layiq görülən BMT-nin Baş katibi Kofi Annan, 80 yaşında vəfat edib, beynəlxalq diplomatlar bildirir.

1997-2006-ci illərdə BMT-nin baş katibi olan Kofi Annan bu vəzifədə ilk qaradərili afrikalı olub.

O, BMT rəhbəri vəzifəsində iki müddət ərzində fəaliyyət göstərib.

O, yüksək diplomatık vəzifədən ayrıldıqdan sonra BMT-nin Suriyada xüsusi elçisi kimi işləyib.

Kofi Annan BMT-nin baş katibi olarkən dünya İraq müharibəsi və İİV/QİÇS pandemiyası ilə üzləşib.

Əslən Qanalı olan diplomat son illər yaşadığı İsveçrənin Cenevrə şəhərində vəfat edib.

Kofi Annan yoxsulluq və uşaq ölümləri kimi bir sıra problemlərlə mübarizədə ilk dəfə qlobal hədəfləri müəyyən edən Minilliyin İnkişaf Məqsədləri planını özünün ən böyük nailiyyəti hesab edirdi.

Nailiyyətlərinə rəğmən cənab Annan-ı qınayanlar da var. Onu tənqid edənlər deyirlər ki, Annan 1990-cı illərdə BMT sülhyaradıcı qüvvələrinin başçısı olarkən Ruanda soyqırımının qarşısını ala bilməmişdir.

Aprel ayında 80 illiyilə bağlı BBC-ə müsahibə verən Kofi Annan təşkilatın mükəmməl olmadığını etiraf edib.

"Onu təkmilləşdirmək olar, mükəmməl deyil, lakin mövcud olmasa idi, onu yenidən yaratmalı olardın".

"Mən əsl optimistəm, optimist doğulub - optimist olaraq qalacağam", Kofi Annan deyib.