Milad bayramı: Papa Francis dünyadakı maddiyat hərisliyini və yoxsulluğu pisləyib

Şəklin mənbəyi, Reuters
Bu, 82 yaşlı Papanın kilsə rəhbəri kimi 6-cı Milad Bayramıdır.
Papa Francis inkişaf etmiş ölkələrin əhalisini daha sadə və daha az maddiyata meyilli yaşamağa səsləyib.
O, həmçinin, İsusun yoxsulluq şəraitində doğulmasının həyatın mənasını düşünməyə bir səbəb olduğunu deyərək, varlılar və kasıblar arasındakı kəskin fərqi pisləyib.
Papa bunu Vatikandakı Müqəddəs Peter bazilikasında ənənəvi Milad axşamına toplaşmış kütləyə xitabən deyib.
Bu, 82 yaşlı Papa Francisin Roma Katolik Kilsəsinin rəhbəri kimi qeyd etdiyi 6-cı Milad bayramıdır.
Papa deyib ki, Xristin doğuşu yaşamağın yeni yoluna - "yeyib yığmaq yox, paylaşmaq və əl tutmağa" işarə edir.
O bildirib ki, "gəlin, özümüzdən soruşaq, bütün bu sahib olduğum əşyalara və həyatın mürəkkəb reseptlərinə həqiqətən ehtiyacım varmı? Mən bütün bu lazımsız əlavələr olmadan, təvazökarcasına yaşaya bilərəmmi?
Bir çoxları üçün həyatın mənası maddi obyektlərə sahib olmaqdadır.
Bitməyən acgözlük hətta bu gün belə bütün insanlıq tarixinə yazılır, ziddiyətli olsa da, az adam təmtəraqlı yaşayarkən, bir çoxları gündəlik ehtiyacı olan çörəyi belə tapa bilmir".
Çərşənbə axşamında Milad Bayramı Günündə Papa Müqəddəs Peter Kilsəsinin eyvanından özünün "Şəhərə və dünyaya" ("Urbi et Orbi") mesajı gözlənir.
Latın Amerikasından olan Francis ilk Papadır ki, yoxsulların vəziyyətini davamlı vurğulayır.
2016-cı ilin Milad Bayramı Günündə o bildirmişdi ki, Miladın əsas mənası "maddi asılılıqdan qurtulmaqdır".
Onun sələfi Papa Benedikt də 2011-ci ildə oxşar açıqlama vermişdi.