Mehman Hüseynova qarşı yeni açılmış cinayət işinə xitam verilib

Mehman Hüseynov Azad oluna bilər. Mehman Hüseynov Müraciət ünvanlayıb

Həbsdə olan video bloqçu Mehman Hüseynova qarşı yeni açılmış cinayət işinə xitam verilib, Baş Prokurorluq bildirib.

Mehman Hüseynov həbsxana işçisinə xəsarət yetirməkdə ittiham olunurdu. O, bu ittihamı rədd etmiş və aclıq aksiyası keçirdiyini bildirmişdi. Amma Penitensiar Xidmət onun aclıq aksiyası keçirdiyini təkzib etmişdi.

Mehman Hüseynova dəstək məqsədi ilə bir qrup fəal aclıq aksiyası keçiriyini bildirib, ötən şənbə isə ona və həbsdə olan digər keçmiş siyasi-ictimai fəalların azadlığa buraxılması tələbi ilə bir qrup müxalif qüvvə mitinq keçirimişdi.

Baş Prokurorluqdan BBC News Azərbaycancaya bildirilib ki, Azərbaycan prezidentinin tövsiyələrinə uyğun olaraq, Mehman Hüseynovun gəncliyi, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyini, yaşlı və tək yaşayan atasını və digər halları nəzərə alaraq onun barəsindəki cinayət işinə xitam verilib:

"İstintaq orqanı Mehman Hüseynovun gənc olduğunu, cəza çəkdiyi müddətdə intizam məsuliyyətinə cəlb edilmədiyini, islah olunma yoluna qədəm qoyduğunu, ailəsində qayğıya ehtiyacı olan yaşlı və tək yaşayan atasının olduğunu, törətdiyi cinayətin az ağır cinayətlər kateqoriyasına aid olmaqla, hazırda onun əməlinin və şəxsiyyətinin cəmiyyət üçün təhlükəli olmadığını nəzərə alaraq, Mehman Hüseynov barəsindəki cinayət işinin icraatına xitam verib".

Baş prokurorluq onu da bildirib ki, Mehman Hüseynov hazırda hər hansı aclıq aksiyası keçirmir, saxlanma şəraiti normal olmaqla, bununla bağlı şikayət və tələbi yoxdur.

Baş prokurorluq "şəxsi mənafe və siyasi məqsədləri naminə Mehman Hüseynovun ətrafında süni ajiotaj yaratmağa cəhd edənlərə, eyni zamanda Mehman Hüseynov haqqında həqiqətə uyğun olmayan məlumatlar yayan" media orqanlarına xəbərdarlıq edib:

"Ölkədə bərqərar olmuş sabitliyin və əmin-amanlığın pozulmasına yönələn istənilən qanunazidd hərəkətlərin qarşısı qanunun aliliyi təmin edilməklə qətiyyətlə alınacaq".

"Mehmanın vaxtından tez buraxılması üçün məhkəməyə müraciət etmişik"

Mehman Hüseynovun vəkili Fuad Ağayev BBC News Azərbaycancaya deyib ki, onlar video bloqçunun vaxtından tez azadlığa çıxması üçün məhkəməyə müraciət ediblər:

"Cəzasının bitməsinə bir aydan çox qalıb. Martın 2-də onun 2 illik həbs müddətinin vaxtı bitir. Ali Məhkəmə onun vaxtından əvvəl şərti azad olunması ilə bağlı şikayətimizə baxmalıdır".

Fuad Ağayev bildirib ki, məhkəmə iclasının nə vaxt təyin olunacağını bilmnirlər: "İndiyə kimi bizə bu haqda məlumat verilməyib. Əgər martın 2-nə qədər Ali Məhkəmə kasasiya şikayətimizə baxsa, Mehman həmin vaxta kimi azadlıqda ola bilər".

Mehman Hüseynov bazar günü Prezident İlham Əliyevə müraciət ünvanlayıb, Penitensiar Xidmətdən BBC News Azərbaycancaya deyiblər.

Mehman Hüseynovun vəkili Şəhla Hümbətova BBC News Azərbaycancaya müraciətdən xəbərsiz olduğunu bildirib.

"Onunla sonuncu dəfə ötən həftə görüşmüşəm. Bu barədə mənə heç nə deməyib".

Mehman Hüseynovun qardaşı Emin Hüseynov isə bildirib ki, Mehmanın hər hansı müraciət imzalayacağı haqda ailə üzvləri ilə müzakirəsi olmayıb.

"Son bir neçə həftə ərzində qardaşımın adından saxta bəyanatlar, məktublar yayılıb. Mehman nəsə yaymaq istəsəydi ən azından qardaşına zəng vurardı. Ancaq 10 gündür ki, mənə qardaşımla əlaqə saxlamağa imkan vermirlər. Orada nəsə baş verir, lakin nə mən, nə də digər ailə üzvlərimiz onunla telefonla danışa bilmirik".

"Mehman ilk gündən bildirib ki, mənim adımdan yayılan məlumatları qardaşım təsdiq edənə qədər, inanmayın. Mənə isə demişdi ki, sənə zəng edib aclığı dayandırıram deməyənə qədər, adımdan yayılan xəbərlərə inanmayın".

"Davos qabağı"

Emin Hüseynov deyir ki, Mehman məsələsi "çox böyüyüb və hökumət Mehmanla bağlı qərar vermək istəyir". O, bu məsələnin Davos Forumu qabağı atılmış addım olduğunu iddia edir.

"Prezident bir-iki günə Davos-a getməlidir. Hökumət də istəyir ki, məsələ sabaha qədər həll olunsun. İstisna etmirəm ki, 24 saat ərzində Mehmanla bağlı "müdrik qərar" verilə bilər".

Lakin cənab Hüseynov hesab edir ki, qardaşının durumu ağır olsa da, o Azərbaycanda yeganə "siyasi məhbus deyil".

"Mehmanı tutaq ki, buraxdılar. Bəs o biri siyasi məhbusların vəziyyəti necə olacaq? İndi hər məhbus durub ölüm aclığınamı başlamalıdır? Hər məhbusa görə, 25 min adam mitinqəmi çıxmalıdır?".

Emin Hüseynov düşünür ki, Azərbaycan hökuməti qardaşına olan beynəlxalq diqqətin artmasını görüb, "gəlin, məsələdən necəsə çıxış yolu tapıb, bunu buraxaq".

Emin Hüseynov deyir ki, 24 saat ərzində prezidentin Davos səfərindən qabaq Mehman Hüseynovun məsələsinə müsbət qərar veriləcəksə, bunun ardınca, hətta Mehmanın işinə münasibət bildirməmiş beynəlxalq təşkilatlar belə bu məsələni gurultulu alqışlayacaqlar ki, sağ olsun, İlham Əliyev, məsələyə qarışdığına görə Mehmanın işi zəfər çaldı. Bu isə məsələnin həlli deyil".

Emin Hüseynov vurğulayıb ki, onun qardaşı Azərbaycan hökuməti ilə anlaşmaya "getməyib və getməyəcək".

Azərbaycan Respublikası Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov hazırda cəza çəkən Mehman Hüseynovun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciəti ilə bağlı Azərtac agentliyinə açıqlama verib.

Fuad Ələsgərov deyib ki, məhkum Mehman Hüseynov bazar günü Prezidentə müraciət edib.

"Müraciətlər Prezidentin diqqətinə çatdırılıb və cənab Prezident bu müraciətlərə dərhal reaksiya verib. Möhtərəm Prezident məhkumun gənc olmasını, artıq iki ilə yaxın cəza çəkdiyini, ailə vəziyyətini və atasının yaşlı olduğunu nəzərə alaraq, Mehman Hüseynovun işində humanizm prinsipinin önə çəkilməsini, araşdırmanın obyektiv və ədalətli olması üçün qanunla nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsini Azərbaycan Respublikasının baş prokuroruna tövsiyə edib. Eyni zamanda, cənab Prezident hadisənin iştirakçılarını barışığa doğru addımlar atmağa dəvət edib".

Atası Rafiq Hüseynov isə deyib ki, Mehmanın müraciət yazmasından xəbəri yoxdur. "Mən bu dəqiqə xəstə yatıram, xəbərim yoxdur".

Müraciətdə Mehman Hüseynov 2 ilə yaxın müddətdir cəza çəkdiyini, bu müddətdə "rejimə əməl etdiyini" bildirib, Penitensiar xidmətin mətbuat katibi Mehman Sadiqov BBC-ə deyib.

O, 2018-ci ilin dekabrında cəza çəkdiyi müəssisədə baş vermiş hadisədə günahlandırıldığını, lakin günahsız olduğunu vurğulayıb.

"Mən - Mehman Hüseynov 2 ilə yaxındır cəza çəkirəm. Bu müddət ərzində cəzaçəkmə müəssəsinin əməkdaşları ilə aramda hər hansı xoşagəlməz hadisə olmayıb. Həmişə çalışmışam rejimə əməl edim. Sadəcə, onu demək istəyirəm ki, baş vermiş hadisədə mənim günahım yoxdur. Mən həbsxana əməkdaşını vurmamışam".

Daha sonra Mehman Hüseynov ölkə prezidentindən öz işinin düzgün aparılmasına göstəriş verməsini xahiş edib.

"2 mart tarixində mənim cəzamın vaxtı bitir. Mən bu tarixi çox gözləmişəm. Təzədən məhkum olunmaq, yeni cəza almaq istəmirəm. Mənə yeni cəza verilsə, bu, tək qalmış 70 yaşlı atam üçün də böyük zərbə olacaq. Onun üçün məni bu vəziyyətdə görmək, tez-tez gəlib mənə baş çəkmək çox çətindir".

O, "prezidentin müdaxiləsi olsa, öz işi üzrə qərarın ədalətli olacağına əmin olduğunu bildirib", yerli saytlarda məktubun mətni yayılıb və Penitensiar xidmətin mətbuat xidməti rəhbəri BBC-ə bu mətnin həqiqət olduğunu deyib.

Ötən həftə Avropa Parlamentində Azərbaycanda həbsdə olan bloqçu Mehman Hüseynovun məsələsi müzakirə olunub və Azərbaycan hökumətindən onun dərhal azad olunmasını tələb edən qətnamə qəbul olunub.

Mehman Hüseynov kimdir?

Hazırda həbsdə olan, video və foto bloqçu kimi məşhur olan Mehman Hüseynov 2017-ci il martın 3-də iki il müddətinə həbs edilib.

O, azadlığa çıxmağına iki ay qalmış yeni ittihamla üzləşib: o, həbsxana işçisinə xəsarət yetirməkdə ittiham olunur.

Mehman Hüseynov bu ittihama etiraz edib və dekabr ayında aclıq aksiyasına başlayıb, vəkilləri bildiriblər. Vəkilləri onu da deyiblər ki, video bloqçu mədəsindəki ağrılara görə süd və süd məhsulları qəbul edir, ancaq aksiyasını dayandırmayıb, Penitensiar Xidmət isə Mehman Hüseynovun aclıq aksiyasını tamamilə dayandırdığını iddia edir.

Video bloqçu Daxili İşlər Nazirliyinin şikayətilə polisə "ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma" maddəsilə ittiham olunur.

Bu barədə daha geniş