1-ci sinfə qəbul: bəzi məktəblərdə kvota artıq dolub?

Birinci sinifə qəbul, şagird qəbulu Fotonun müəllifi BBC Sport

Birinci sinifə gedənlər üçün elektron qaydada məktəb və müəllim seçimi başladıqdan bir neçə dəqiqə sonra onlayn sistemdə bəzi məktəbləri seçmək mümkün olmayıb.

BBC News Azərbaycancaya danışan, adının çəkilməsinin istəməyən bir valideyn deyib ki, onlayn qeydiyyatdan keçib, məktəb seçimi mərhələsində "istədiyi məktəbi və müəllimi" seçə bilməyib.

Övladını istədiyi məktəbə yerləşdirə bilməyən digər valideyn, Günay Musayeva BBC News Azərbaycancaya deyir ki, səhər saat 10-da qeydiyyatdan keçməyə cəhd etsə də seçim etmək mümkün olmayıb.

"Səhər saat 10-da qeydiyyatdan keçə bilmədik. Deyirlər ki, yerlər dolub. Qeydiyyat sat 10-da başlamırmı? Necə ola bilər ki, proses saat 10-da başlasın həmin dəqiqə də yerlər dolsun?", valideyn sual edir.

Günay Musayevanın bir şikayəti də bu il rus bölməsində oxuyacaq uşaqların şifahi müsahibə verəcəyi ilə bağlıdır.

"Heç olmasa bu ilin sentyabr-oktyabr ayından bizə bildirə bilərdilər ki, bu il şifahi imtahan olacaq. Bunu deməyiblər bizə".

Təhsil Nazirliyinin sözçüsü Cəsarət Valehov saytda heç bir problemin olmadığını deyib. O, bəzi məktəblərə onlayn seçimin aparıla bilməməsini "tələbin çox olması" ilə əlaqələndirib.

"Bir məktəbi seçmək mümkün deyilsə, deməli yerlər dolub", nazirlik sözçüsü bildirib.

Azərbaycanda 1-ci siniflərə qəbul prosesi çərşənbə günündən başlayıb, sentyabrın 15-nə kimi davam edəcək.

Bakı şəhəri üzrə Təhsil İdarəsinin sözçüsü Bəşarət Məmmədov BBC News Azərbaycancaya bildirib ki, bu il paytaxtdakı orta məktəblərin 1-ci sinifinə 50 min civarında şagird qəbul olunacağı proqnozlaşdırılır.

Bu barədə daha geniş