Əli İnsanov, Gözəl Bayramlı, İlkin Rüstəmzadə və "siyasi məhbus" kimi tanınan bəzi şəxslər əfv edilib

Azərbaycanda "siyasi məhbuslar" Fotonun müəllifi TOFIK BABAYEV/AFP/Getty Images

Prezident İlham Əliyevin şənbə günü imzaladığı əfv sərəncamında keçmiş səhiyyə naziri Əli İnsanov, AXCP sədrinin müavinləri Gözəl Bayramlı və Fuad Qəhrəmanlı, "heykəl məhbusları" kimi tanınan Qiyas İbrahimov və Bayram Məmmədov, 2013-cü ildə keçirilmiş "Əsgər ölümlərinə son" aksiyasının təşkilatçılarından biri olmuş İlkin Rüstəmzadənin adı var.

Bəzi yerli və beynəlxalq hüquq müdafiəçilərinin "siyasi və vicdan məhbus" kimi tanıdığı şəxslər də əfv olunub. Keçmiş prokurorluq işçisi Rüfət Səfərov, AXCP üzvü Murad Ədilov, ictimai fəal Elgiz Qəhrəman da əfv siyahısına düşüb.

Ömürlük həbs cəzası almış 3 məhbusun cəzası dəyişdirilərək onların həbs müddəti 20-25 ilə kimi endirilib.

Əfv sərəncamı 400-dən çox məhbusa şamil edilib.

Sonunc əfv sərəncamı ötən il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə bağlı verilmişdi. O zaman 634 məhbus əfv edilmişdi. Bəzi yerli hüquq müdafiəçiləri onlardan yalnız 12-sinin "siyasi məhbus" olduğunu bildirmişdi.

Azərbaycan hökuməti "siyasi məhbus" məsələsinə görə, həm yerli, həm də beynəlxalq təşkilatların tənqidləri ilə üzləşib. Ölkə rəsmiləri bu ittihamları qəbul etmir və Azərbaycanda heç bir vətəndaşın siyasi fəaliyyətinə görə təqib olunmadığını bildirir.

Əlaqəli mövzular

Bu barədə daha geniş