Azərbaycanda işsizliyə görə mərcə girənlər...

işsizlik Fotonun müəllifi Esmira Cavadova

Hər gün eyni şey təkrarlanır. Bazar ertəsindən cümə gününə kimi 25 yaşlı Elxan Məmmədov yuxudan oyanır, səhər yeməyindən sonra iş sorağı ilə Astara Məşğulluq Mərkəzinə üz tutur.

"Gördüz?.. Eşitdiz?.. Bunların təklif etdiyi iş süpürgəçilikdən o yana keçmir.. Kim gəlir, deyirlər, JEK-də süpürgəçi işi var..."

Və bazar ertəsindən cümə gününə qədər eyni cavabı alır - ona uyğun iş yeri hələ açılmayıb. Elxan bu cavabı 5 il əvvəl, hərbi xidmətdən qayıdandan bəri alır.

Hər dəfə yox cavabı aldıqca Elxan daha da ümidsizliyə qapılır. İxtisasca çilingər olan gənc ölkəni tərk edib xaricdə iş axtarışına çıxmaq barədə də düşünə bilmir, çünki günəmuzd tapdığı işlər və simvolik gəliriylə xəstə anasına baxmalıdır.

"Gündə 8 saat küçə süpürməyə ayda 150 manat verirlər, bu, heç dərman xərcinin cüzi hissəsini də ödəmir. Hələ başqa qayğıları demirəm. Hər dəfə əliboş qayıtdıqca ümidim ölür".

Elxan gərgin halda çayxanaya üz tutur; burada o, özü kimi işsiz gənclərlə söhbət eləyib başını qatır.

Fotonun müəllifi Esmira Cavadova

"Ən çox da rayonlarda vəziyyət ağırdır"

Azərbaycanda yaşı 30-dan aşağı olan gənclər 9,8 milyonluq əhalinin 31 faizini təşkil edir. Ölkə gənclərinin demək olar ki, yarısı regionlarda yaşayır.

Rəsmi statistikaya görə, işsizlik 9,2 faizdir, iqtisadçılar isə hesab edirlər ki, reallıqda işsizlik göstəriciləri rəsmi rəqəmlərdən xeyli fərqlidir.

"İşsizlikdən əziyyət çəkən, əsasən gənc nəsildir. İşsizlik, məşğuliyyətsizlik gənc nəslin həyatına ciddi şəkildə pis təsir edir. Bu səbəbdən də bölgələrdəki gənclər iş üçün ölkə xaricinə baş vurmalı olur", iqtisadçı Azər Mehdiyev bildirir.

"Son 1 ildə icrasına başlanan özünəməşğulluq proqramları özünü doğrultmur və əhali üçün yetərli deyil. Hökumət başqa çıxış yolları axtarmalıdır".

Rusiya və Türkiyə azərbaycanlı iş miqrantlarının ən çox müraciət etdiyi yerlərdir, lakin son illərdə bu siyahıda Polşanın adı da gözə dəyir.

Mütəxəssislər deyirlər ki, Avropa İttifaqının bir hissəsi olduğu üçün Polşa bir qədər yaxşı iş şərtlərinə malikdir, eyni zamanda viza prosesi də başağrıdıcı deyil. Həm Polşa, həm də Azərbaycanda müxtəlif iş agentlikləri fəaliyyət göstərir.

Polşada işədüzəltmə şirkətinin Azərbaycandakı subagenti olan Avanti Group" MMC-nin rəhbəri Rüfət Əhmədzadə deyir ki, xaricə, xüsusilə də, Polşaya getmək istəyənlərin sayı durmadan artır.

Fotonun müəllifi Esmira Cavadova

İş ümidləri

İşsizlik məsələsi hökumətin də gündəmindədir; 2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyasına görə, Azərbaycanda işsizlik səviyyəsini 2030-cu ilədək 4 faizə, o cümlədən, qadınlar və gənclər arasında işsizliyi minimum səviyyəyə endirmək nəzərdə tutulur.

Strategiyaya əsasən, planlaşdırılır ki, əmək bazarında və ya təhsildə olmayan gənclərin (15-24 yaş) xüsusi çəkisi 2030-cu ilədək 15 faizə endirilsin.

Elxan Məmmədov isə bu qədər optimist deyil. Onunla birlikdə sinif yoldaşı Əsgərin "Moskviç"inə əyləşir, hansısa kəndə yola düşürük. Əsgər Elxanı inandırmağa çalışır ki, gedəcəkləri kənddəki bir quşçuluq fermasında ona mütləq iş tapılacaq. Yolboyu Elxan rayondakı işsizlik problemindən danışır.

"Əvvəllər kiminsə fərdi təsərrüfatında çalışmağa günəmuzd işlər olurdu. Düzdü, çox işlədib, az pul verirdilər. Ancaq ən azı bilirdin ki, axşam evə çörəklə gedəcəksən, hansısa aptekin borcunun heç olmasa bir hissəsini ödəyəcəksən... Devalvasiyadan sonra sahibkarlar müflisləşdi, işlər azaldı. İndi hansısa sahibkar öz təsərrüfarında elə öz yaxın qohumunu işlədir, çörəyi də ona verir", Elxan deyir.

İyirmi dəqiqədən sonra palçıqlı yolları şütüyüb Pensər kəndinə çatırıq. Əsgər yaxın qohumu olan quşçuluq təsərrüfatının sahibini soraqlayıb tapır, Elxanı təqdim edir, ona iş axtardığını bildirir.

Təsərrüfat sahibi isə deyir ki, fermasında çalışanların məvaciblərini üçüncü aydır ki, zorla ödəyir.

Bu rayonda quşçuluq təsərrüfarı inhisara alındığından, müştərilər yalnız bir-iki iri təsərrüfatla işləyir, həmin təsərrüfatların quş əti və yumurtasını alıb aparır. O da öz təsərrüfatını yaxın vaxtlarda bağlamaq qərarındadır.

"Sənin özünə bundan sonra iş axtarmaq lazımdı", Elxan Məmmədov kinayəli gülür.

Fotonun müəllifi Esmira Cavadova

Astaranın iqtisadiyyatını əsasən sitrusçuluq, çayçılıq, tərəvəzçilik və çəltikçilik təşkil edir. Ayrı-ayrı təsərüfatlarda heyvandarlıq, balıqçılıq və arıçılıq da mövcuddur.

2019-cu ilin dövlət büdcəsi layihəsinə görə, Astara da büdcədən dotasiya almayacaq şəhər və rayonların sırasına qoşulub, yəni artıq rayonun öz gəlirləri xərclərini qarşılamağa yetir.

Lakin kiçik təsərrüfat sahibləri bu iddia edilən sərvəti ortaya çıxarmaqda çətinliklə üzləşirlər. Sovet hökumətinin dağılmasından sonra rayonda torpaq islahatı aparılsa da, əksər kəndlərdə əhalinin çox hissəsi pay torpaqlarında istədikləri kimi əkib, məhsul toplaya, sata bilmirlər.

Səbəb əkin və məhsul yığımı mövsümlərində texniki problemləri - əsasən, susuzluq, məhsulu yığmaq üçün texnika, gübrənin bahalığı kimi məsələləri həll etmək imkanlarının yoxluğudur.

İş tapmaq çətinləşdikcə insanlar arasında bəxtlərini sınamağa meyl artıb. Azərbaycanda mərc oyun məntəqələri 2011-ci ildən etibarən yağışdan çıxan göbələklər kimi çoxalıb.

Bütün ölkədə olduğu kimi Astarada da mərc oyunları bazarının fəal müştəriləri 20-35 yaş arası gənclərdir.

Elxan Məmmədovun arzusu budur ki, iş yerləri çox olsun, gənclərin başı işə qarışsın və mərc oyunlarına vaxtı qalmasın.

Chai-khana layihəsinin BBC News Azərbaycanca ilə paylaşdığı reportajı jurnalist Esmira Cavadova hazırlayıb.

Bu barədə daha geniş