Gənclər Bakının musiqi səhnəsini necə dəyişir?

İşsizlik Fotonun müəllifi Sultana Əhmədbəyli
Image caption Rep musiqiçi öz dinləyicisi ilə görüşür. Dinləyicilərin böyük əksəriyyəti 15-25 yaş aralığındakı gənclərdir.

Altun Zeynalovun ifaçı kimi istedadını 9 yaşında ilk dəfə dostları sezmişdi. Zorro və Titanik filmlərinin musiqilərini zümzümə etməyini eşidib, ona yaxşı səsi olduğunu demişdilər.

Uşaq ikən özünü büruzə verən ifaçılıq qabiliyyətinə baxmayaraq, Zeynalovun 20 yaşlarına çatanda professional musiqiçiyə çevrilməsi ailəsinin təəccübünə səbəb olub.

1990-cı ildə Bakıda doğulmuş Altun Zeynalov ölkənin yeni nəsil musiqiçilərini təmsil edir.

Fotonun müəllifi Sultana Əhmədbəyli
Image caption Rok musiqiçi, gitarist, vokalist Altun Zeynalov

Onun və digər onlarla gənc musiqçinin səhnə uğuru Bakının musiqi səhnəsində baş verən dəyişikləri əks etdirir.

Bu nəsil musiqiçilər özlərini underground - yeraltı hesab edir, ona görə yox ki, çıxdıqları səhnə və ya musiqi janrı qanunsuzdur, ona görə ki, onların ifaları ölkənin oturuşmuş, əsas cərəyan musiqi sənayesindəki nümunələrdən ciddi şəkildə fərqlidir.

Fotonun müəllifi Sultana Əhmədbəyli
Image caption "Hip-Hop Dance" şüarı ilə kluba gələn və barda öz içki sırasını gözləyən gənc

2014-cü ilin ortalarından Bakının əyləncə həyatında yavaş-yavaş başlayan dəyişiklər musiqiçilər üçün də yeni cığır açdı. Həmin ərəfədə şəhər gənclərinin bir yerə toplaşmaq, birlikdə vaxt keçirmək üçün müxtəlif məkanlar açmaq təşəbbüsü ilə gənc musiqiçilərin səhnə axtarışları üst-üstə düşdü.

Fotonun müəllifi Sultana Əhmədbəyli
Image caption Rep konserti uzaqdan seyr edən gənclər

Musiqiçi gənclər barlar, pablar və kiçik gecə klubları kimi yerlərdə səhnə tapıb auditoriya ilə görüşməyə başladılar. Səhnəyə çıxdıqca dinləyicilərinin sayı artdı. Bu proses isə öz növbəsində Bakıda gecə həyatına yanaşmada dəyişiklərə səbəb olub.

Əsasən kişilər və eskortlara xitab edən azsaylı bahalı gecə klubları yerinə, indi gənclərin, xüsusilə qadınların istirahət və sosiallaşması üçün alternativ məkanların artan sayı gözə dəyməkdədir.

Fotonun müəllifi Sultana Əhmədbəyli
Image caption Bakının mərkəzinin arxa küçələri alternativ kafe və pablar ilə doludur. Həftə sonları bu küçələr musiqi programlarının təşkilinə yığılan gənclərin çoxluğu ilə fərqlənir.

"Söhbət aztəminatlı insanlardan gedirsə, son illər, xüsusən də 2015-ci ildən bu günə qədər şəhərin mərkəzindəki pab tipli məkanların sayı artıb. Bu yerlərə gedən gənc qadınların sayı da çoxdur. Xüsusən də siqaret çəkən və bunu ictimai şəkildə etməyə çəkinən qadınlar üçün bu məkanlar xeyli əlverişlidir", gender fəalı Gülnarə Mehdiyeva bildirir.

O qeyd edir ki, bu tendensiya şəhərin qəhvəxanalarında piano, gitara ifa edən və ya sadəcə vokal performans göstərən musiqiçi qadınların da sayına müsbət təsir edib.

Fotonun müəllifi Sultana Əhmədbəyli
Image caption Etud Barda gənclərdən ibarət Free From Four qrupunun konserti
Fotonun müəllifi Sultana Əhmədbəyli
Image caption Gənc musiqiçi Albina

Məsələn, Albina Pyakşeva Bakının yeraltı məkanlarında vaxtaşırı səhnəyə çıxır. Pyakşeva 1992-ci ildə Çeçenistanda doğulub, uşaq olarkən ailəsilə birlikdə Azərbaycana köçüb.

"Uşaqlıqda bütün ev mənim üçün səhnə idi, vanna otağından saç darağı ilə oxuya-oxuya evi konsert zalı kimi gəzər, otağa girib mikrofonumu başqa mikrofona - televizorun pultuna dəyişərdim. Mən uşaqlıqda belə oynayırdım", Albina xatırlayır.

Lakin o, evdə özünə dəstək görməyib. "Dayəm mənə deyirdi ki, məndən oxuyan olmaz, səsim başına düşürdü. Mən də "olmaz" və "mümkün deyil" ifadələrini sevmirəm. Mənim ilk dinləyici kütləm mənim oyuncaqlarım, mikrofonum isə darağım olub", o deyir.

Fotonun müəllifi Sultana Əhmədbəyli
Image caption Gənclər Bakı rok səhnəsinin "dördüncü dalğa" musiqiçilərindən ibarət "Free From Four" qrupunu dinləyirlər. Qrup eksperimental proqressiv "fyujn" janrında ifa edir.

Pyakşeva üçün Bakının yeraltı musiqi səhnəsi professional müvəffəqiyyət üçün də bir addım olub. O, "Səs Azərbaycan" musiqi müsabiqəsinin iştirakçısı olub, keçən il Bakı Caz Festivalında üçüncü yeri qazanıb.

Bəstəkar Firudin Allahverdi hesab edir ki, alternativ məkanların yaranması ən böyük töhfəni bu gənc musiqiçilərə verib.

Fotonun müəllifi Sultana Əhmədbəyli
Image caption Universitetdəki dərsdən sonra barda içki satan gənc qız işə fasilə verib siqaret çəkir.

"Onlar auditoriya ilə ünsiyyətdə olmaq üçün məkan tapdılar. Auditoriya ilə kontakt yarada-yarada onlar daha da professionallaşacaqlar", o bildirir.

"Yeni nəsil musiqiçilərin Azərbaycan cəmiyyətinə geniş mənada təsiri nədir" sualına cavabında isə Firudin Allahverdi bir qədər ehtiyatlıdır.

"Mən inanmıram ki, bu məkanlar və konsertlər cəmiyyətə böyük töhfələr vermiş olsun, çünki söhbət ancaq Bakının bir məhəlləsindən gedir. Alternativ musiqinin səsləndiyi məkanlar aşağı-yuxarı şəhərin bir məhəlləsində yerləşir. Əgər bu fəaliyyət bütün ölkəyə yayılsaydı, onda deyə bilərdik cəmiyyətə hansı təsir göstərə bilər", bəstəkar vurğulayır.

Fotonun müəllifi Sultana Əhmədbəyli
Image caption Konsertdə istirahət fasiləsi

Lakin bu gün paytaxtın musiqi səhnəsi digər şəhərlərdən olan musiqiçiləri də özünə çəkir.

Le Château Music Bar, Kotti Bar, Old Room, Etud café-bar, Old school cafe, Zion Rooftop və digər yerlər musiqiçilərə çıxış etmək və öz qruplarını formalaşdırmaq üçün meydan verir.

Fotonun müəllifi Sultana Əhmədbəyli
Image caption Aydan Mirzəyeva gənc rəssamdır və müasir incəsənətlə məşğuldur. O da asudə vaxtını Le Chateau Music Barda öz dostlarının musiqi programlarını dinləməklə keçirir.

Ramil Bəyov deyir ki, Le Château Music Bar səhnəsində canlı musiqi performansları özünü inkişaf etdirmək üçün bir vasitə olub.

"Mən məhz baraban ifa etməyi Le Chateau Music Barda öyrənmişəm. Burada yaxşı zərb alətləri ustaları çıxış edirdi, mən onları seyr və analiz edərək dramda ifa etməyi öyrəndim", deyə 23 yaşlı Ramil Bəyov bildirir.

Bas-gitarist və barabançı Ramil Sumqayıt şəhərindəndir. O, 2013-cü ildə Mozalan adlı ilk qrupunu yaradıb. Lakin qrupun sonradan dağılmağına baxmayaraq, musiqiyə olan sevgisi onu dayanmağa qoymayıb və yeni bir qrup - Snails I qrupunu ərsəyə gətirib.

Fotonun müəllifi Sultana Əhmədbəyli
Image caption Bas-gitarist və barabançı Ramil Bəyov

Şəhərin yeni musiqi səhnəsi öz əhatə dairəsini texno musiqiyə qədər genişləndirməkdədir. Bakıda ənənəvi populyar musiqi növlərindən sayılmasa da, texno və reyv musiqisi dəbə çevrilir. 2012-ci ildə açılmış İN Club yerli texno hərəkatının döyünən ürəyi hesab edilir.

İN Club istifadəsiz, köhnə bir zavodun ərazisində yerləşir və içəridə bir sənayə atmosferi hökm sürür. Klubun geniş bir rəqs salonu var; gənclər tuneli qət edərək klubun içinə daxil olurlar. Rəqs salonuna gedən yolda bar və siqaret çəkmək üçün ayrılmış otaq mövcuddur - zavodu kluba çevirərkən bu hissələri metal tullantılardan hazırlayıblar.

Fotonun müəllifi Sultana Əhmədbəyli
Image caption Fotoqraf Aysel Saria və videoqraf Azad Ali işdən sonra gənclərin toplandıgı canlı musiqi məkanlarında dostları ilə görüşürlər

Klubun həyətindəki vaqon isə yemək guşəsidir və vegetarian yeməklər də təklif edirlər. İN Klub gecə saat 12 ilə səhər saat 10 arasında fəaliyyət göstərir; bu yer Bakıya gələn və texno musiqi sevən avropalıların da sevimli məkanına çevrilib.

Klubun ciddi qaydaları da var: burada diskriminasiya yolverilməzdir. Klub rəhbərliyi həmçinin qadın müştərilərin nalayiq münasibət görməməsi üçün diqqətli davranmağa çalışır.

Fotonun müəllifi Sultana Əhmədbəyli
Image caption DJ Ooma kimi tanınan texno musiqiçi İslam Abbasov

DJ Ooma kimi tanınan İslam Abbasov ixtisasca inşaat mühəndisidir, lakin o, həyatını buna deyil, öz musiqisini inşa etməyə həsr edib. 1992-ci ildə Bakıda doğulmuş texno musiqiçi üçün musiqidə janr sərhədi yoxdur.

"Enerjimi insanlarla bölüşməyi sevirəm; hesab edirəm ki, musiqi ifa edən zaman bütün daxili hisslər, emosiyalar ortaya çıxır və mən bunu sevirəm", DJ Ooma deyir.

Fotonun müəllifi Sultana Əhmədbəyli
Image caption Araz Qasımov Bossa nova ifa edir

Chai-khana layihəsininBBC News Azərbaycanca ilə paylaşdığı reportajı jurnalist Sultana Əhmədbəyli hazırlayıb.

Bu barədə daha geniş