Milli Şuranın Novxanı səfəri zamanı saxlananlar olub

Məhəmməd Əmin Rəsulzadə Fotonun müəllifi Resul Rehimov/Anadolu Agency/Getty Images

Milli Şuranın Novxanı səfəri zamanı polis qarşıdurması baş verib, bir neçə nəfər polisə aparılıb.

Çərşənbə axşamı günü Milli Şura Respublika günü münasibətilə Məmməd Əmin Rəsulzadənin Novxanıdakı heykəlini ziyarət edib.

Tədbirdə iştirak edən Nigar Həzi BBC News Azərbaycancaya deyib: "tədbirin başlanmasına 10 dəqiqə qalmış polis hamını uzaqlaşdırmağa başlayıb".

"Polislər gəlib dedilər ki, burada gözləməyin. Biz tədbirin başlanmasını gözlədiyimizi izah etsək də, qulaq asan olmadı. İnsanlar etiraz etdi ki, bayram qeyd etmək üçün toplaşmışıq. Bundan sonra atam Tofiq Yaqublu da daxil olmaqla on nəfərə yaxın adamı polis maşınına basıb apardılar".

Nigar Həzi deyir ki, Tofiq Yaqublu və digər şəxslərin hara aparılması haqda məlumat verilməyib.

Fotonun müəllifi Nigar Həzi

O əlavə edib ki, polis tədbir iştirakçılarına qarşı "qeyri-insani və kobud şəkildə davranıb".

"İştirakçılara qarşı çox pis davranırdılar. Əlavə qurğularla mikrofonun işləməsinə mane olurdular".

Onun sözlərinə görə, polisin bəzi iştirakçıları aparmasından sonra tədbir davam edib.

Abşeron rayon Polis İdarəsindən BBC News Azərbaycancaya bildirilib ki, onlara dörd nəfər gətirilib və 40 dəqiqə sonra buraxılıb.

Onların kimliyi və saxlanma səbəbi haqda məlumat verilməyib.

Əlaqəli mövzular

Bu barədə daha geniş