Faktları yoxlayırıq: Məhşur azərbaycanlı opera müğənnisi erməni həmkarıyla birgə çıxışdan imtina edibmi?

Azərbaycanlı tenor erməniylə birgə səhnə almaq istəməyib. Fotonun müəllifi Getty Images
Image caption Azərbaycanlı tenor Eyvazovun adı qalmaqalda hallanır - öz iradəsi xaricində

Fevralın 7-də keçiriləcək məşhur Drezden opera balında tenor Yusif Eyvazovun erməni müğənni Ruzan Mantaşyanla birgə oxumaqdan guya imtina etməsi xəbəri bazar ertəsi Ermənistanda və Azərbaycanda qızğın ictimai diskusiyalara səbəb olub.

Amma yerli Kütləvi İnformasiya Vasitələrinin və sosial şəbəkə istifadəçilərinin qəzəblə - və ya razılıqla - müzakirə etdiyi bu xəbərin yeganə mənbəyi Mantaşyanı təmsil edən agentliyin bəyanatıdır.

Yusif Eyvazov özü xəbəri qətiyyətlə təkzib edir.

Versiyalar o qədər ziddiyyətlidir ki, tərəflər sübut təqdim etməyənə qədər həqiqəti aşkar etmək mümkün deyil.

Kimin haqlı çıxacağından asılı olmayaraq qalmaqal Azərbaycan və Ermənistan arasındakı çoxillik münaqişənin yaratdığı reallığı əks etdirir - bəzən dezinformasiyaların faktlardan daha çox olduğu, qarşılıqlı antipatiyanın idman, mədəniyyət və şou-biznes kimi qeyri-siyasi sferalarda da üzə çıxdığı reallığı.

Nə baş verib?

Fotonun müəllifi ARTYOM GEODAKYAN\TASS
Image caption Yusif Eyvazov və Anna Netrebko

Bazar ertəsi Ermənistanın opera müğənnisi Ruzan Mantaşyanı təmsil edən "Agence Massis Opera" agentliyi (Fransa) bəyan edib ki, "Semper Opernball" (Drezdenin dövlət operası) festivalının təşkilatçıları erməni müğənniylə eyni səhnədə çıxış etmək istəməyən Eyvazovun tələbinə əsasən Mantaşyanın çıxışını proqramdan çıxarıb.

Eyvazov və təşkilatçılar bu versiyanı elə həmin gün təkzib ediblər.

Eyvazovun təmsilçisi BBC-yə bildirib ki, onun iştirak etdiyi səhnə əvvəldən planlaşdırılıb, Mantaşyanın çıxışı isə nəzərdə tutulmayıb.

O qeyd edib ki, azərbaycanlı müğənni nə bu xanıma, nə də ümumiyyətlə hər hansı erməni müğənniyə mənfi münasibət bəsləyir.

Eyvazov özü siyasətlə sənəti qarışdırmadığını deyir.

"Mən azərbaycanlıyam və Azərbaycanla Ermənistan arasında yaranmış vəziyyətlə bağlı son dərəcə aydın mövqeyim var. Ancaq siyasi baxışlarımı heç vaxt sənətimə və həmkarlarıma şamil etmirəm", - o özünün "İnstaqram" profilində belə yazıb.

Eyvazov erməni müğənninin ünvanına gülüş işarəli ironik şərh yazmaqdan da özünü saxlaya bilməyib:

"Barı, bundan sonra onu kimsə tanıyar" (Bir müddət sonra şərh silinib).

Yusif Eyvazov qeyd edib ki, mütəmadi olaraq ermənilərlə eyni səhnədə çıxış edir. Həqiqətən də, o, erməni kökləri olan Mariya Quleginayla bir neçə dəfə duet oxuyub.

Azərbaycanlı müğənni 2018-ci ildə Böyük Teatrın əsas premyeralarından olan, rejissor Rimas Tuminasın hazırladığı "Qaratoxmaq qadın" operasında German rolunu ifa edib, Tomski obrazını isə Gevorq Akopyan canlandırıb (Bəzən onun soyadını Akobyan yazırlar).

2019-cu ilin oktyabr ayında isə Eyvazov həyat yoldaşı Anna Netrebkoyla birlikdə Dmitri Xvorostovskinin xatirəsinə həsr olunmuş konsertdə çıxış edib. Orkestrə Spendiarov adına Ermənistan Opera və Balet Teatrının bədii rəhbəri Konstantin Orbelyan rəhbərlik edib.

Mantaşyanla müqavilə olubmu?

"Semper Opernball"-ın təşkilatçıları erməni müğənniylə müqavilə bağlamadıqlarını bildirirlər.

Ancaq hələ dekabr ayında yayılmış press-relizdə Mantaşyanla Eyvazovun çıxışı qeyd edilib.

"Agence Massis Opera" agentliyi çərşənbə günü açıqladığı bəyanatda əvvəlki versiyasını təkrarlayıb: guya yanvarın 10-da "Semper Opernball"-ın nümayəndələri Eyvazovun tələbinə görə Mantaşyanla razılaşmanı pozublar.

Festivalın nümayəndəsi BBC-yə açıqlamasında deyib ki, ksenofobiya versiyası qətiyyən mümkün deyil və təşkilatın heç bür üzvü agentliyə belə bir məktub göndərə bilməzdi.

"Düzünə qalsa, biz Almaniyada Azərbaycan və Ermənistan arasındakı konflikt barədə düşünmürük",- adının anonim qalmasını istəyən təşkilat nümayəndəsi belə deyib.

Şərhsiz

Konfliktin tərəfləri - festivalın təşkilatları və Eyvazov bir tərəfdən, Mantaşyanın Fransadakı təmsilçiləri digər tərəfdən hadisəylə bağlı öz versiyalarının doğruluğunda israr edirlər.

Erməni müğənnini təmsil edən "Agence Massis Opera" agentliyi təşkilatçıların və Eyvazovun ünvanına səsləndirdikləri ittihamların sübutunu təqdim etmək barədə BBC-nin xahişinə cavab verməyib.

BBC-nin müsahibə müraciətinə həm Eyvazov, həm də Mantaşyan təmsilçiləri vasitəsilə rədd cavabı veriblər.

"Semper Opernball" Mantaşyanla müqavilə bağlamadığını deməkdə israr edir.

Bu barədə daha geniş