Seçki qutusunun üzərində oturmuş deputatlığa namizəd: "Seçkinin mənası yoxdur"

Farhad Mehdiyev

Şəklin mənbəyi, Facebook

21 saylı Nəsimi Birinci Seçki Dairəsindən deputatlığa namizəd Fərhad Mehdiyev bəzi qanuni prosedurlar yerinə yetirilməsə seçki qutusunun açılmasına imkan verməyəcəyini bildirsə də, daha sonra qutunun açılmasına imkan yaradıb.

O özünün Facebook səhifəsində canlı yayıma çıxaraq seçicilərinə müraciət edərək onların səslərini qorumağa çalışdığını bildirib.

"Səs sayımında iştirak etməyəcəyəm, bunun mənası yoxdur. Seçkinin mənası yoxdur, açığını sizə deyim", o canlı yayımda deyib.

Deputatlığa namizədin sözlərinə görə, Seçkilər Məcəlləsinə uyğun olaraq əvvəlcə korlanmış və istifadə edilməmiş bülletenlər barədə məlumatlar protokola yazılmalıdır və bundan sonra seçki qutusu açılmalıdır.

Lakin onun sözlərinə görə, 25 saylı məntəqə seçki komissiyasının rəhbərliyi bu proseduru yerinə yetirmək istəmir.

Fərhad Mehdiyev BBC News Azərbaycancaya bildirib ki, o, bu prosedur yerinə yetirilməyənədək öz hüquqlarının müdafiəsinə davam edəcək. O əlavə edib ki, bəzi məntəqlərdə səslər sayılıb, lakin protokollar müşahidəçilərə verilməyib.

25 saylı seçki məntəqəsinin sədri Lüdmila Sultanova hadisə ilə bağlı BBC News Azərbaycancaya "elə şey yoxdur" deyərək, dəstəyi asıb. Təkrar zəngə isə cavab verilməyib.

21 saylı Nəsimi Birinci Seçki Dairəsinin sədri Çingiz Dadaşov isə sualı eşidəndən sonra "vaxtım yoxdur, sonra danışarıq" deyib və dəstəyi asıb.