Məzahir Pənahov: "Bu seçkidə analoqu olmayan fəaliyyət göstərdik"

MSK

Azərbaycanda fevralın 9-da keçirilmiş parlament seçkisinin nəticələrinə dair mətbuat konfransı keçirilib.

Mətbuat konfransında çıxış edən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov seçkinin "uğurlu" keçdiyini bildirib və ölkə üzrə ümumi seçki fəallığının 47,81 faiz olduğunu deyib.

"MSK bütün gərəkli addımları atdı ki, seçkidə iştirak etmək istəyən Azərbaycan vətəndaşları iştirak edə bilsinlər. Bu seçkidə biz analoqu olmayan fəaliyyət göstərdik. Geniş ictimaiyyət də seçkini yüksək qiymətləndirdi", cənab Pənahov deyib.

O həmçinin bu il keçirilmiş parlament seçkisində deputatlığa 276 qadın namizədin iştirak etdiyini deyib.

Qurum rəhbəri ölkədə fəaliyyət göstərən 21 Qeyri Hökumət Təşkilatından 2737 nəfər şəxsin seçkidə müşahidəçi kimi iştirak etdiyini bildirib.

Qaynar xətlərə gələn zənglərə gəldikdə isə, Məzahir Pənahov deyib ki, daxil olmuş 261 müraciətin hamısının probleminin həlli üçün operativ cavab verilib.

Gün boyu baş vermiş pozuntu halları ilə bağlı BBC Mews Azərbaycancanın suallarını cavablandıran qurum rəhbəri "siz bu suallarla önə çıxmağa çalışmayın, gözləyin, görün biz pozuntuları qeydə aldıqdan sonra onlara yol vermiş şəxsləri qanun tələb etdiyi ən ağır formada cəzalandıracağıq", - deyib.

O bildirib ki, sosial şəbəkələrdə yayılan görüntülər "şişirdilir, əslində isə onlar çox az dairə və məntəqələrə aid olur".

MSK sədri məntəqələrdə baş vermiş hadisələrlə bağlı sosial mediada yayılmış bütün görüntülərin araşdırılacağını bildirib.

"Heç kimdə o səlahiyyət yoxdur ki, Azərbaycan ictimaiyyətinin gözləntilərinin üzərinə kölgə salsın", o qeyd edib.

Məzahir Pənahov həmçinin pozuntulara yol verən bütün aşağı seçki komissiyalarının cəzalandırılacağını da deyib.

Cənab Pənahov deyib ki, builki parlament seçkilərində 19 ölkənin seçki komissiyası geniş heyətlə təmsil olunub və seçkidə ümumilikdə 89,676 nəfər müşahidəçi iştirak edib.

Müşahidəçi məntəqə üzvü arasında baş vermiş "xoşagəlməz hallara" münasibət bildirən cənab Pənahov deyib ki, kimin günahkar olduğunu tapmaq üçün "bütün belə hallar araşdırılmalıdır".

9 fevralda Azərbaycanda növbədənkənar parlament seçkisi keçirilib.

Bu seçkilərdə 125 nəfərlik deputat yeri uğrunda 1300-dən çox namizəd mübarizə aparırb.

Bu barədə daha geniş