İlham Əliyev və Nikol Paşinyan Dağlıq Qarabağı müzakirə ediblər

Əliyev və Paşinyan Fotonun müəllifi MSC

Münhen Təhlükəsizlik Konfransında Azərbaycan prezidenti və Ermənistanın baş naziri Dağlıq Qarabağ məsələsini müzakirə ediblər.

İlham Əliyev və Nikol Paşinyanın müzakirəsi konfransın rəsmi saytında canlı yayımlanıb.

ABŞ-Rusiya Fondunun prezidenti Celeste Wallanderin moderator olduğu görüş vaxtı tərəflər münaqişənin tarixi köklərinə nəzər salıb. Fərqli mövqeləri ifadə edən liderlər münaqişənin nizamlanması məsələsinə gəlincə ATƏT Minsk Qrupu formatına sadiq olduqlarını təsdiqləyiblər.

Hərçənd ki, zaldan daxil olan suala cavabında prezident İlham Əliyev mübahisənin beynəlxalq məhkəməyə çıxarılmasını istisna etməyib.

"Azərbaycan danışıqlar prosesinə sadiqdir, buna görə də danışıqlar yolu ilə ərazi bütövlüyümüzü bərpa edə biləcəyimizə ümidləri itirməmişik", - prezident İlham Əliyev deyib.

Onun sözlərinə görə, "belə bir ümidlər hələ mövcud olduğu üçün" məhkəməyə müraciət "yəqin ki, ən yaxşı seçim" deyil.

"Ancaq Ermənistan tərəfinin yeni yanaşması nəticəsində danışıqlar tamamilə pozulacaqsa, əlbəttə ki, bu fürsət nəzərdən keçirilə bilər".

Ermənistanın Baş naziri Nikol Paşinyan da, Minsk qrupu həmsədrlik formatına dəstəyini bildirib.

"Dediyim kimi, danışıqlar prosesinə biz də sadiq qalırıq. Düşünürəm ki, danışıqlar ATƏT-in Minsk qrupu həmsədrliyi formatında keçirilməlidir. Biz çox intensiv işləyirik və dediyim kimi, real dəyişiklik etmək və münaqişənin həllinə nail olmaq üçün real səy göstərməyə hazırıq."

Görüşdə qeyri ənənəvi təmas formatlarına da toxunulub. Bu səpkidə ötən il jurnalistlərin qarşılıqlı səfərləri qeyd olunub.

Sonuncu dəfə İlham Əliyev və Nikol Paşinyan 2019-cu ildə Vyanada ikitərəfli görüş keçiriblər.

Ermənistan və Azərbaycan Dağlıq Qarabağ uğrunda silahlı münaqişədədir. 1994-cü ildə atəşkəs bağlansa da, tərəflər tez-tez onun pozulmasını bildirirlər. Münaqişənin tənzimlənməsinə dair danışıqlar 1992-ci ildən bəri ATƏT-in Minsk Qrupu çərçivəsində aparılır.

Münhen Təhlükəsizlik Konfransı beynəlxalq təhlükəsizlik məsələlərinin müzakirəsi üçün aparıcı qlobal forumlarından biridir.

Sayca 56-cı konfrans öz işinə 14 fevralda başlayıb. Konfransa 500-dən çox siyasət, biznes, elm və vətəndaş cəmiyyətinin liderləri qatılıb.

Həmçinin oxuyun:

Bu barədə daha geniş