İlham Əliyev koronavirusla mübarizəyə 10 milyon manat ayrılmasına göstəriş verib

Ilham @liyev Prezident az

Şəklin mənbəyi, Prezident.az

Azərbaycanda koronavirusla mübarizədə "lazımi tədbirlərin daha sürətli görülməsi üçün" 10 milyon manat vəsait ayrılıb.

Bu barədə çərşənbə axşamı günü Goranboy Rayon Mərkəzi Xəstəxanasının açılışında məlumat verən Azərbaycan Prezidenti İlham Əliyev həmçinin "İranda qalan Azərbaycan vətəndaşlarının təxliyə edilməsi üçün xüsusi tədbirlərin həyata keçirildiyini" bildirib, Prezident.az saytı yazır.

"Hazırda dünya gündəliyini zəbt edən koronavirus məsələsidir və demək olar ki, bütün ölkələrdə bu məsələ müzakirə olunur. Azərbaycana gəldikdə, deyə bilərəm ki, vəziyyət nəzarət altındadır və mənim göstərişimlə Nazirlər Kabinetinin yanında xüsusi operativ qərargah yaradılıb. ... Onların (iranda qalmış azərbaycan vətəndaşılarının) həm quru sərhəddən, həm də hava nəqliyyatı vasitəsilə Azərbaycana gətirilməsi təmin ediləcək. Ancaq hər kəs anlamalıdır, onlar lazım olan müddət ərzində karantində qalmalıdırlar ki, Azərbaycanda xəstəlik yayılmasın", cənab Əliyev deyib.

Azərbaycanda indiyədək 3 nəfərdə koronavirusun aşkarlandığı, 224 nəfərin isə koronavirus şübhəsi ilə həkim nəzarətində olduğu bildirilir.

Ölkənin bütün təhsil müəssisələrində təlim-tədris prosesi martın 3-dən 9-dək dayandırılıb.

Azərbaycan koronavirusla mübarizə tədbirləri çərçivəsində son iki həftədə 77 nəfərin koronavirusdan öldüyü İranla sərhədi müvəqqəti bağlayıb.

"Bütün lazımi tədbirlər görülür"

Prezident İlham Əliyev Goranboy səfəri çərçivəsində koronavirusun yayılmasının qarşısının alınması çərçivəsində "bütün lazımi tədbirlərin görülməsindən" danışıb.

"Azərbaycanda bu xəstəliyin bu günə olan məlumata görə, yayılması ehtimalı o qədər də yüksək deyil. Ancaq deyə bilərəm ki, gündə bir neçə dəfə bu məsələ ilə bağlı ölkə ərazisində monitorinqlər aparılır, bütün sərhəd-keçid məntəqələrində xüsusi cihazlar quraşdırılıbdır.

İlham Əliyev çıxışında həmçinin sərhədlərin bağlanmasına toxunub, o bildirib ki, sərhədlər bağlansa da yükdaşınmalarının həyata keçirilməsinə məhduduyyət yoxdur:

"Onu da deyim ki, heç bir ölkə bu günə qədər yükdaşımalarının həyata keçirilməsinə məhdudiyyət qoymayıbdır, o cümlədən Azərbaycan da. Bildiyiniz kimi, Azərbaycan tranzit ölkədir və biz uzun illər çalışırdıq ki, öz tranzit potensialımızı genişləndirək, buna nail ola bilmişik. Heç bir tranzit yüklər üçün məhdudiyyət qoyulmur.

Ancaq bu sahəyə də xüsusi diqqət göstərərək tranzit yüklərin, xüsusilə Cənub istiqamətindən ölkəmizə daxil olan, həm Azərbaycan istehlakçıları, həm də qonşu ölkələrin istehlakçıları üçün lazımi yüklərin çatdırılması ilə bağlı mütəşəkkil qaydada işlər aparılır, müvafiq yük maşınlarından ibarət xüsusi kolonlar formalaşdırılır, polis müşayiəti təmin edilib.

Eyni zamanda, göstəriş vermişəm, xarici sürücülərə yemək təqdim edilsin ki, onlar idarə etdikləri maşınlardan tez-tez çıxıb ictimai yerlərə getməsinlər. Yəni, hər bir xırdalığa qədər düşünülmüş addımlar atılır, bunun da məqsədi Azərbaycan vətəndaşlarını bu xəstəlikdən qorumaqdır. Bu günə qədər bizim bütün addımlarımız uğurla nəticələnib. Biz daim Ümumdünya Səhiyyə Təşkilatı ilə təmasdayıq və xəstəliyi aşkar etmək üçün testlərin ölkəmizə gətirilməsi ilə bağlı işlər aparılır, bu məsələ öz həllini tapır".

"Möhtəkirlər ... gəlirlərini artırmaq istəyirlər"

Ölkədə tibbi maska çatışmazlığı məsələsinə toxunan Prezident "buna heç cür izahat tapmağın mümkün olmadığını" deyib.

"Bizim kifayət qədər maska ehtiyatlarımız var. Görünür ki, hansısa möhtəkirlər bu vəziyyətdən istifadə edərək öz qanunsuz gəlirlərini artırmaq istəyirlər. Bütün hüquq mühafizə orqanlarına tapşırıq verilib ki, əgər belə hallar aşkar olunarsa, bu hallara yol verən vətəndaşlara qarşı ən ciddi cəza tədbirləri tətbiq ediləcəkdir. Çünki indiki şəraitdən istifadə edərək, öz tamahını təmin etmək üçün bəd əməllərə üz tutan ünsürlərə qarşı ancaq çox ciddi cəza tədbirləri tətbiq edilməlidir", - cənab Əliyev deyib.

Prezident koronavirusla bağlı ölkədə ciddi narahatlığın olmamasını vurğulayıb, həmçinin "Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta Agentliyinin müntəzəm olaraq vətəndaşları məlumatlandırmalı olduqlarını" deyib.

Azərbaycanda koronavirusla vəziyyət necədir?

Azərbaycanda indiyədək 3 koronavirusa yoluxma halı qeydə alınıb, eləcə də İrandan gəlib Azərbaycandan keçməklə Gürcüstana və Belarusa gedən şəxslərdə virusa yoluxma halı aşkarlanıb.

Bundan başqa ölkədə 224 nəfərin hazırda koronavirus şübhəsi ilə həkim nəzarətində olduğu bildirilir.

Ölkədə valideynlər və müəllimlərin koronavirus təhlükəsinə görə təhsil müəssisələrinin bağlanması tələblərinin ardınca bütün təhsil müəssisələrində təlim-tədris prosesi martın 3-dən 9-dək dayandırılıb.

Azərbaycanda bəzi qurumlar və tanınmış insanlar nəzərdə tutulan tədbirləri təxirə salsa da, hələlik bir çox şadlıq evləri və əyləncə mərkəzlərindən BBC News Azərbaycancaya "fəaliyyət planlarında dəyişikliyin olmadığını" bildiriblər.

Dünya Bankı 12 milyard dollar ayırıb

Rəsmilər bütün dünyada indiyədək koronavirusa yoluxanların 80 mini Çində olmaqla ümumi sayının 92 mindən çox olduğunu, dünya üzrə ölü sayının isə əksəriyyətini Çindən olmaqla 3 mindən artıq olduğunu bildirir.

Dünya Bankı çərşənbə axşamı günü inkişaf etməkdə olan ölkələrdə koronavirusla mübarizə tədbirləri üçün 12 milyard dollar ayırıb.

Ümümdünya Səhiyyə Təşkilatı vəziyyəti pandemiya kimi qiymətləndirməsə də, dünya ölkələrini buna hazır olmağa çağırıb.