Bakıda "8 MARŞ - Bizimdir Hürr Küçələr" şüarı altında yürüş keçirilib

Video açılmırsa, burada izləyin.

Azərbaycan feminist hərəkatı 8 Mart gününü qeyd etmək məqsədilə "8 MARŞ - Bizimdir Hürr Küçələr" şüarı altında yürüş keçirib.

Təşkilatçıların sosial mediada yaydığı bəyanata əsasən, yürüşün məqsədi "çoxsaylı qadın qətllərinə, erkən nikahlara, uşaq istismarına, gender əsaslı zorakılığa etiraz etmək, insanları kişi hakimiyyətinə qarşı səfərbər etməkdir".

Yürüşü keçirənlər bugünkü aksiyanın əsas şüarları kimi aşağıdakılar bildirilib:

Birləşsinlər qadınlar,

Susmaq yoxdur, üsyan var!

Küçələrdən qorxma!

Azadlığını boğma!

Aksiya iştirakçıları Bakıda, Nizami küçəsinin bir hissəsi boyunca yürüş etmək niyyətində olduqlarını bildirmişdilər.

Lakin aksiya zamanı yürüşçüləri müşayiət edən polis qüvvələrinin çəpər yaratdıqlarına görə yürüşçülər hərəkət marşrutuna bir qədər dəyişiklik ediblər, BBC News Azərbaycancanın müxbiri hadisə yerindən xəbər verib.

Müxbirimizin məlumatına görə, aksiya artıq başa çatıb, təşkilatçılar yürüş iştirakçılarının bəyanatını oxuyublar.

Təşkilatçılardan biri BBC News Azərbaycancaya "aksiyanın baş tutmuş sayıldığını" bildirib.

Şəklin alt yazısı,

Yürüş başlayanda Nizami küçəsində bir binanın üzərindən 8 marş yürüşünün əsas şüarı asılıb

Aksiyanın gedişini izləmiş BBC News Azərbaycanca müxbirinin sözlərinə görə, yürüşdə iştirak edən oğlanlardan bəziləri polis tərəfindən saxlanılıb, bir müddətdən sonra onlardan bəziləri sərbəst buraxılıb.

Müxbirimizin sözlərinə görə, mülkigeyimlilər yürüş iştirakçılarını və jurnalistlərı hadisə yerindən uzaqlaşdırmağa çalışıb.

"Jurnalistlərə işləməyə imkan vermirdilər, vurudular, itələyirdilər, bir qızın yaxasından tutdular", - müxbirimiz qeyd edib.

DİN mətbuat xidmətinin rəisi Ehsan Zahidov bu günkü aksiya ilə bağlı BBC News Azərbaycancanın suallarına cavab verərkən aksiya iştirakçılarına qarşı heç bir təzyiq və ya zorun işlədilmədiyini bildirib.

"Bu gün özünü feminist adlandıran bir qrup qadın Bakı şəhərində onların aksiyası üçün müvafiq yer ayrıldığına baxmayaraq şəhərin mərkəzində, insanların sıx olduğu və istirahət etdiyi yerdə aksiya keçirməyə cəhd göstərmişdilər. Polis əməkdaşları həmin qrup tərəfindən vətəndaşların istirahətini pozmağa imkan verməyir. Polis əməkdaşları asayişi qorumaq borclarını yerinə yetirərkən nəzakətli davranıblar, heç kimə nə təzyiq edilib, nə də ki, zor tətbiq olunub", - Ehsan Zahidov deyib.

Ehsan Zahidov hadisə yerində olan qadınlarla polisin nəzakətli davrandığını və heç kəsin saxlanmadığını vurğulayıb.

Onun sözlərinə görə, toplaşanlardan "təxminən 6-7 nəfər kişi cinsli hadisə iştirakçısı ilə qısa müddət ərzində izahat xarakterli söhbət aparıldıqdan sonra onlar sərbəst buraxılıblar".

Bir neçə aksiya iştirakçısının yaralandığının iddia edildiyi barədə video görüntülərin olduğu xəbərini isə DİN mətbuat xidmətinin rəisi təkzib edib.

"Bu, yanlış iddiadır, yalandır. Heç kəs xəsarət almayıb", - Ehsan Zahidov deyib.