Azərbaycandan ОPEC+ qərarına dəstək: Neft qiymətləri bahalaşır

Neft qurğusu

Şəklin mənbəyi, Yegor Aleyev/TASS

Azərbaycan OPEC+ ölkələri nazirlərinin iclasında xam neftin hasilatına dair mövcud kvotaların aprel ayında da əsasən qüvvədə qalması barədə razılaşmanı dəstəkləyib.

Neft istehsalçılarını birləşdirən təşkilatın qərarına əsasən, istisna yalnız Rusiya və Qazaxıstan üçün edilib. Onlar apreldə istehsalı müvafiq olaraq, 130 min və 20 min barel həcmində artıra biləcəklər.

Azərbaycanın apreldə öhdəliyi bu ilin birinci rübündə olduğu kimi 123 min barel həcmində qalacaq.

Neft istehsalçılarını birləşdirən təşkilatın qərarının ardınca neftin qiymətində artım müşahidə olunur. Brent markalı neftin bir barelinin qiyməti 68,25 dollara, WTI markalı neftin bir barelinin qiyməti isə 65,13 dollara çatıb.

Azərbaycanın Energetika naziri əvvəlki dövrlərlə müqayisədə hazırda neft bazarının nisbətən balanslaşdığını, lakin hələ "də risklərin aradan qalxmadığını" bildirir.

"Hazırkı qiymət artımını neftə təlabat göstəricilərindən çox movcud qlobal konyuktura şərtləndirir. Neftin bahalaşması tələbatla əlaqəli olduqda, fundamental faktorlara əsaslandıqda dayanıqlı olur. Bu aspektdə bazardakı real vəziyyətə uyğun optimal addım hasilata korreksiyaları bir qədər təxirə salmaqdır, " - Pərviz Şahbazov deyib.

Şəklin mənbəyi, minenergy.gov.az

Şəklin alt yazısı,

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov əvvəlki dövrlərlə müqayisədə hazırda neft bazarının nisbətən balanslaşdığını, lakin hələ də "risklərin aradan qalxmadığını" bildirir.

OPEC+ toplantısından əvvəl əsas oyunçuların mövqelərində fərqlər nəzərə çarpırdı. Səudiyyə Ərəbistanı tələsməməyə və təklifi qorumağa, Rusiya isə quyuları yenidən açıb istehsalı artırmağa meyl göstərib.

Görüş ərəfəsində neftin bir barelinin qiyməti təxminən 63-64 dollara yaxın olub. Əsas bahalaşma ötən ay baş verib. Fevralda həm Brent, həm də WTI markalı neftin qiyməti təxminən 18 faiz artıb.

Noyabr-dekabr aylarında qiymətlərin bu həddə yalnız ilin sonunda çatacağı güman olunurdu, indi isə qiymətin psixoloji cəhətdən həlledici 70 dollara daha da yaxınlaşacağı istisna olunmur.

Koronavirusla bağlı vaksinasiya kampaniyası barədə ümidverici yeniliklər, kənd təsərrüfatı, turizm, hava nəqliyyatının hərəkətə gəlməsi barədə xəbərlər neftə tələbatı daha da artıra bilər, təhlillərdə göstərilir.

Qiymətin bundan sonra necə inkişaf edəcəyini izləyən təhlilçilərin diqqət mərkəzində qalan amillərdən biri də "qara qızılın" əsas idxalçılarından olan Çindəki tələbatla bağlıdır. Ötən həftə yayılan xəbərə görə, bu ölkənin həm dövlət, həm də özəl anbarları neftlə doludur və o, əlavə həcmlər saxlamaq iqtidarında deyil. Bu barədə Bloomberg agentliyinə qapalı Çin statistikası ilə tanış olan iki mənbə bildirib.

Bununla yanaşı, ABŞ-da iqtisadi stimul paketinin mümkün təsdiqi neftin bahalaşması ilə bağlı gözləntilərə zəmin yaradır. Keçən həftə sonu, ABŞ Nümayəndələr Palatası, Prezident Joe Biden tərəfindən təklif edilən 1,9 trilyon dollarlıq maliyyə paketini təsdiqləyib. İndi qanun layihəsini Senat nəzərdən keçirməlidir.

OPEC+ 2016-cı ilin sonunda yaranıb. O ərəfədə neft istehsal edən ölkələrin alyansı qiymətlərə təsir göstərmək üçün hasilatı azaltmaq barədə razılığa gəldiyini elan edib.