Robert Köçəryan: Azərbaycana ''göstərdik ki, dişimiz yoxdur...Bu, Qarabağın sonu olacaq''

Koçaryan

Şəklin mənbəyi, TASS/Getty Images

Ermənistanın ikinci Prezidenti, "Hayastan" blokunun lideri Azərbaycan-Ermənistan sərhədində vəziyyətin kəskinləşməsinin mümkün nəticələrini şərh edib.

Yerli KİV-lərə müsahibəsində Robert Koçaryan sərhədin Sədərək-Erasx istiqamətində baş verən son atışmaları Azərbaycanla sülh müqaviləsinin imzalanmasının "mümkün müqəddiməsi" adlandırıb.

"Bəli, bəlkə də Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyü tanınmadan bağlana bilməyəcək bir razılaşma növü hazırlanır. Bu isə Qarabağın sonu olacaq", Robert Koçaryan deyib.

Onun sözlərinə görə, "bu cür təxribatlardan sonra" yeni bir müharibə təhlükəsinə görə, Ermənistana güzəştləri təklif edən yeni sənədin imzalanması xalq tərəfindən artıq "xəyanət kimi yox, qurtuluş kimi" qəbul ediləcək.

"Biz sanki Qaragöldə çox sayda Azərbaycan əsgərlərinin olduğunu unutmuşuq... Bu, müharibə vaxtı və ondan sonra Ermənistanın başına gələnlərin məntiqi davamıdır. Göstərdik ki, artıq dişimiz yoxdur, adekvat cavab vermək imkanı və istəyimiz yoxdur", - Robert Koçaryan deyib.

Cümə axşamı günü Azərbaycan Prezidenti İlham Əliyev "Dağlıq Qarabağın statusu" ilə bağlı mövqeyinin dəyişmədiyini bəyan edib.

Azərbaycan Dövlət Televiziyasına verdiyi müsahibəsində o deyib ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı inzibati ərazi yoxdur: "Status məsələsi də, həmçinin. Mən müharibə başa çatandan sonra noyabrın 10-da statusun yerini göstərmişdim. O, hələ oradadır və orada qalacaq yana-yana, əbədi. Ona görə bu məsələ ilə də bağlı başqa fikir ola bilməz".

Bazar ertəsi Azərbaycanın Ermənistanla sərhədinin Naxçıvan istiqamətində baş vermiş atışma zamanı bir azərbaycanlı hərbçi yaralanıb, iyulun 19 Azərbaycanın Müdafiə Nazirliyi bildirib.

Qurumun çərşənbə axşamı yaydığı məlumata görə, Azərbaycan ordusunun hərbi qulluqçusu, baş leytenant Ramal Bədəlli ayağından yaralanıb: "Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub".

Ermənistanın "Armenpress" saytının məlumatına görə, atışma zamanı Yerasx icmasının rəhbəri Radik Oqikyan yaralanıb və həkimlər onun həyatına təhlükə olmadığını bildiriblər.

Azərbaycan və Ermənistan sərhədin Sədərək-Yerasx istiqamətində atışma olmasına görə bir-birini ittiham ediblər.

Şəklin mənbəyi, Azertag

Bazar ertəsi Azərbaycanın Ermənistanla sərhədinin Naxçıvan istiqamətində baş vermiş atışma zamanı bir azərbaycanlı hərbçi yaralanıb, Azərbaycan Müdafiə Nazirliyi bildirib.

Qurumun çərşənbə axşamı yaydığı məlumata görə, Azərbaycan ordusunun hərbi qulluqçusu, baş leytenant Ramal Bədəlli ayağından yaralanıb: "Yaralıya ilkin tibbi yardım göstərilib və o, tibb müəssisəsinə təxliyə olunub".

Ermənistanın "Armenpress" saytının məlumatına görə, atışma zamanı Yerasx icmasının rəhbəri Radik Oqikyan yaralanıb və həkimlər onun həyatına təhlükə olmadığını bildiriblər.

Hadisə ilə əlaqədar Avropa İttifaqının Cənubi Qafqaz və Gürcüstanda böhran üzrə Xüsusi Nümayəndəsi Toivo Klaar təmsil etdiyi qurumun tərəflərə köməyə hazır doluğunu bildirib.

"Azərbaycan-Ermənistan dövlət sərhədində dərin narahatlıq yaradan hadisələr davam edir. Yeni itkilər olmadan biz təmkinə, qüvvələrin ayrılmasına və sərhəd məsələləri ilə bağlı konstruktiv dialoqa çağırışımızı təkrarlayırıq", - o, Twitter mikrobloqunda yazıb.

İyulun 19-da nə baş verib?

Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri saat 20:50-də Ermənistan ərazisindən müxtəlif çaplı silahlardan yenidən atəşə tutulub, Azərbaycan Müdafiə Nazirliyi xəbər yayıb.

Ermənistan 19 iyul saat 18:40-dan başlayaraq Azərbaycan hərbi qüvvələrinin Azərbaycan-Ermənistan sərhədinin Yerasx hissəsindəki erməni hərbi mövqelərinə müxtəlif çaplı odlu silahlardan "atəş açdığını" açıqlayıb və Azərbaycanı "təxribatda" və "vəziyyətin gərginləşməsinə görə" ittiham edib.

Azərbaycan Müdafiə Nazirliyi yaydığı məlumatında deyir ki, qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Bundan əvvəl, qurum Azərbaycan mövqelərinin saat 17:00-dan başlayaraq müxtəlif çaplı silahlardan "intensiv atəşə tutulduğunu" açıqlayıb.

Həmin vaxt cavab atəşi açıldığı və vəziyyətin stabil olduğu qeyd edilib.

Şəklin mənbəyi, Google

Bundan daha əvvəl isə Ermənistan Silahlı Qüvvələrin sözçüsü, polkovnik Samvel Asatryan bildirib ki, bəzi media qurumları Ermənistan-Azərbaycan sərhədinin Naxçıvan istiqamətində insidentlər barədə çaxnaşma yaradacaq xəbərlər yayır.

Onun sözlərinə görə, bu, "nəinki əhaliyə mənfi təsir göstərə bilər, həm də Ermənistan Silahlı Qüvvələrinin fəaliyyəti üçün müəyyən əngəllər yarada bilər".

O, Ermənistan ordusunun "hər ssenariyə hazır olduğunu" bildirib. Ermənistan MN erməni tərəfində itkilərin olmadığını qeyd edib.

Bir neçə gündür ki, Azərbaycanla-Ermənistan sərhədinin müxtəlif istiqamətlərində vəziyyət gərginləşib, İkinci Qarabağ müharibəsindən aylar sonra ilk dəfədir ki, iki ölkə arasında atəşkəsin intensiv pozulduğu müşahidə olunur.