Azərbaycanda 26 sentyabrda keçiriləcək referendum barədə sual-cavab

İlham Əliyev

Şəklin mənbəyi, PIERRE VERDY / GETTY

Şəklin alt yazısı,

Konstitusiyaya dəyişiklərdə prezidentin səlahiyyət müddətinin uzadılması da nəzərdə tutulur

Sentyabrın 26-da Azərbaycanda referendum keçiriləcək. BBC Azərbaycanca bu səsvermə barədə əsas suallarınızı cavablandırmağa çalışır.

Referendum nəticəsində nə dəyişə bilər?

Dəyişiklər prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə qədər uzadılması, həmçinin prezidentə növbədənkənar dövlət başçısı seçkisini elan etmək səlahiyyətinin verilməsini və prezident vəzifəsinə namizədin hazırda 35 yaş olan minimal yaş həddinin aradan qaldırılmasını nəzərdə tutur.

Təklif olunan dəyişiklər arasında Azərbaycanda vitse-prezidentlik postunun yaradılması da var.

Referendumda hansı sual veriləcək?

Şəklin mənbəyi, MSK

Şəklin alt yazısı,

Referendum üçün səsvermə bülleteni belə görünəcək

Şəklin mənbəyi, MSK

Şəklin alt yazısı,

Referendum üçün səsvermə bülletenində təlimat

Seçicilər bir yox, 29 dəyişikliyin hərəsinə "hə" və ya "yox" deməlidir.

Seçicilər nəzərdə tutulan dəyişikliyə münasibət bildirməsə (heç bir qutuya X içarəsi qoymasa, və ya hər ikisinə işarə qoysa) həmin hissə üzrə səs etibarsız sayılır.

Seçici referendum aktının layihəsini səsvermə gününə azı 30 gün qalmış məntəqə seçki komissiyasından almaq hüququna malikdir.

Referendum aktının layihəsini MSK çap edib yaymalıdır. Onunla Prezident Əliyevin saytında da tanış ola bilərsiniz.

Şəklin mənbəyi, AzerTag

Şəklin alt yazısı,

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov və Komissiyanın üzvləri səsvermə bülletenlərinin çap olunması prosesi ilə tanış olublar

Səsvermə nə vaxt keçiriləcək?

Səsvermə sentyabrın 26-da keçiriləcək. Seçki məntəqələri 08:00-da açıq elan ediləcək. 19:00-da səs vermək üçün seçicilərin seçki məntəqəsinə daxil olmasının başa çatması elan ediləcək.

Referendum günü iş günüdürmü?

Seçki məcəlləsinə əsasən səsvermə günü iş günü hesab olunmur.

Səsvermədə kim iştirak edə bilər?

Azərbaycanda yaşamayan və ya uzunmüddətli xarici ezamiyyədə olan Azərbaycan vətəndaşlarının seçici siyahılarına daxil edilməsi üçün onların Azərbaycan Respublikasının hüdudlarından kənarda daimi və daha çox yaşaması, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsul idarələrinin müəyyənləşdirdiyi uzunmüddətli xarici ezamiyyələrdə olması faktı əsas götürülür.

Səsvermə günü xarici dövlətlərdə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya konsul idarəsi mövcud deyilsə və ya Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsul idarəsində seçki referendum məntəqəsi yaradılmayıbsa, həmin xarici dövlətdə olan Azərbaycan vətəndaşları səsvermədə iştirak etmirlər.

Bu il sentyabrın 26-da keçiriləcək referendumla əlaqədar Azərbaycanın diplomatik nümayəndəliklərinin yerləşdiyi 40-a yaxın ölkədə seçki məntəqələrinin təşkil olunması nəzərdə tutulur, Xarici İşlər Nazirliyi məlumat verir.

Bəs vətəndaşlığı olmayanlar?

Dövlət Miqrasiya Xidmətinə əsasən Azərbaycanda 5 ildən az olmayaraq daimi yaşayan vətəndaşlığı olmayan şəxslər referendum zamanı səsvermədə iştirak edə bilərlər.

Lakin qeyd olunur ki, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin, onların filial və nümayəndəliklərinin referendum zamanı referenduma çıxarılan məsələlərin lehinə və ya əleyhinə təşviqat aparmaq, referendum üzrə təşviqat qruplarına üzv olmaq, o cümlədən onların yaradılmasının təşəbbüsçüsü olmaq və ya onların fəaliyyətində bu və ya digər formada iştirak etmək hüququ yoxdur.

Xaricdə yaşayan Azərbaycan vətəndaşları referendumda səs verə bilərmi?

Azərbaycandan kənarda yaşayan və ya uzunmüddətli ezamiyyətdə olan vətəndaşların referendumda iştirakının və seçki hüququnun ifadə edilməsinin təmin olunması üçün "müvafiq diplomatik nümayəndəliklərimizdə seçki məntəqələri təşkil ediləcək".

XİN sözçüsü Hikmət Hacıyev AzərTac agentliyinə bildirib ki, 40-a yaxın ölkədə seçki məntəqələrinin təşkil olunması nəzərdə tutulur.

Səsvermə günü xarici ölkələrdə olan vətəndaşların səs verməsi və səslərinin hesablanması üçün seçki məntəqələri "müvafiq ərazilərdə konsul qeydiyyatına düşmüş seçicilərin sayı 50-dən çox olduqda Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinin və ya konsulluqlarının rəhbərləri tərəfindən səsvermə gününə azı 30 gün qalmış yaradılır".

Səs vermək üçün hansı sənədlər gərəkdir?

Şəklin alt yazısı,

Azərbaycan vətəndaşlarında səsvermədə iştirak etmək üçün müxtəlif sənədlər lazım ola bilər

Azərbaycan Respublikasının vətəndaşları üçün:

  • Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi;
  • Azərbaycan Respublikası vətəndaşının müvəqqəti şəxsiyyət vəsiqəsi.

Qaçqın və məcburi köçkün vətəndaşları üçün:

  • yuxarıda qeyd olunan sənəd yoxdursa, Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən müəyyənləşdirilmiş formalı vəsiqə.

Həqiqi və ya müddətli hərbi xidmətdə olan hərbi qulluqçular üçün:

  • zabitin şəxsi vəsiqəsi;
  • hərbi bilet.

Barələrində həbs növündə qətimkan tədbiri seçilərək istintaq təcridxanalarında saxlanılan təqsirləndirilən şəxslər üçün:

  • Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən verilmiş təqsirləndirilən şəxsin şəxsiyyətini təsdiq edən sənəd.

Azadlıqdan məhrumetmə yerlərində və xüsusi müəssisələrdə cəza çəkən məhkumlar üçün:

  • Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən verilmiş məhkumun şəxsiyyətini təsdiq edən sənəd.

Azərbaycan Respublikasının ərazisində azı 5 il daimi yaşayan vətəndaşlığı olmayan şəxslər üçün:

  • vətəndaşlığı olmayan şəxsin şəxsiyyət vəsiqəsi.

Azərbaycan Respublikasının hüdudlarından kənarda səsvermə günü istifadə edilən sənədlər:

Azərbaycan Respublikasının vətəndaşları üçün:

  • ümumvətəndaş pasportu;
  • xidməti pasport;
  • diplomatik pasport.

Xarici təşkilatlar və qurumlar nə deyir?

Xarici təşkilatlar referendumun keçirilməsindən çox, bu ərəfədə həbs olunan siyasi və ictimai fəalların həbsi barədə şərh veriblər.

İnsan Haqları Evi Fondu

İnsan Haqları Evi Fondunun (Human Rights House Foundation - HRHF) hüquq müdafiəsi məsələləri üzrə direktoru Florian İrminger AzadlıqRadiosuna deyib ki, referendum ərəfəsində Natiq Cəfərli, Elşən Qasımov, Toğrul İsmayılov, Bəxtiyar Hacıyev və Elgiz Qəhrəman da daxil fəalların və jurnalistlərin tutulub saxlanması, "vətəndaş cəmiyyəti və müxalifət üzərinə məhz referendumla bağlı yeni hücum dalğasının başlanmasından xəbər verir".

HRHF Şərqi Avropa və Qafqaz üzrə regional meneceri Ane Tusvik Bonde: "Referendum kampaniyası zamanı hər bir şəxsə öz fikrini sərbəst və təhlükəsiz şəkildə ifadə etmək azadlığı verilməlidir. Əvəzində biz vətəndaş cəmiyyəti və müxalifət üzərinə birbaşa referendumla bağlı yeni hücum dalğasının şahidi oluruq".

Sport for Rights koalisiyası

Sərhədsiz Reportyorlar (Reporters sans Frontieres, RSF), Article 19, PEN International Index on Censorship kimi təşkilatlardan ibarət "Sport for Rights" koalisiyası yazır ki, referenduma cəmi bir neçə həftə qalmış "Azərbaycan hakimiyyəti tənqidçi səsləri susdurmaq üçün yeni repressiya dalğasına əl atıb".

RSF-in fikrincə 26 sentyabrda keçiriləcək səsvermədə, "Azərbaycanın artıq dominant prezidentliyini daha da bərkitməyə çalışan problematik dəyişiklər" təklif olunur. "Azərbaycan hökuməti bu düzəlişləri, Türkiyədə baş verən çevriliş cəhdindən dərhal sonra təklif edib".

Nəticələr nə vaxt bəlli olacaq?

MSK-nın təqviminə əsasən səsvermənin nəticələri haqqında məntəqə və dairə seçki komissiyalarının yekun protokollarında olan məlumatlar sentyabrın 26-da Komissiyanın internet saytında ilkin məlumat kimi yerləşdirilməlidir.

Seçki dairəsi üzrə referendumun nəticələrinin müəyyən olunması sentyabrın 28-dək MSK-ya təqdim olunmalıdır.

Referenduma yekun vurulması və referendumun nəticələrinin rəsmi bildiriş kimi elan edilməsi 2016-cı ilin oktyabrın 21-dək baş tutmalıdır.