İslam Kərimovun vəfatı və Mərkəzi Asiyada mümkün xaos

Prezident İslam Kərimov Fotonun müəllifi AFP

Prezident İslam Kərimovun dünyasını dəyişməsi barədə xəbəri Özbəkistan hökuməti təsdiqləyib. Bir neçə gün idi ki, onun ölməsi barədə spekulyasiyalar yayılsa da, Özbəkistan hökuməti onun vəziyyətinin kritik olması barədə məlumat verirdi.

Hətta yerli camaatın dediyinə görə, cümə günü Kərimovun doğma şəhəri olan Səmərqənddə küçələr xüsusi olaraq təmizlənirdi.

Ehtimal edilir ki, 79 yaşlı lider Səmərqənddə təntənəli şəkildə dəfn ediləcək.

Elitada çaxnaşma

Daşkənddən gələn qeyri-rəsmi xəbərlərə görə, yaşlı liderin yoxluğunda artıq hökumət daxilində ciddi çaxnaşmalar başlayıb.

Uzun illər Kərimovun "varislərindən" biri hesab edilən maaliyyə naziri Rüstəm Əzimovun həbs edildiyi bildirilir.

Əzimov uzun zamandır ki, hökumət kabinetində maaliyyə naziri vəzifəsini icra edir və Qərb ölkələri ilə çox sıx münasibətdə olan bir siyasi fiqur kimi tanınır.

O, ölkənin ən müasir naziri kimi tanınsa da, beynəlxalq insan haqları təşkilatları onu ən "korrupsiyalaşmış" nazirlər siyahısına daxil edib.

Əgər gələn xəbərlər doğrudursa bu artıq de-fakto hakimiyyətin baş nazir Şövkət Mirzoyev və onun yaxın tərəfdaşı - Milli Təhlükəsizlik Xidmətinin rəisi Rustom İnoyatov tərəfindən ələ keçirildiyi mənasına gəlir.

Mirzoyev və İnoyatov Özbəkistanın mühafizəkarlar təbəqəsinə məxsus fiqurlar hesab edilir.

Buna görə də Kərimovun vəfatından sonra Özbəkistanda mümkün liberallaşmaya ümid etmək yersizdir. Əksinə siyasi rejimin daha da sərtləşəcəyini demək düzgün olardı.

Lakin ölkənin yeni təyin olunacaq başçısı prezident İslam Kərimovun siyasi xarizmasına və təcrübəsinə malik olmayacağı üçün hakimiyyəti öz əllərində konsolidasiya etməsi olduqca mürəkkəb bir proses olacaq.

Rusiya ilə münasibət

Yeni dövlət başçısı Özbəkistan siyasi elitasından olan müxtəlif klanlar və onların biznes maraqlarına xidmət edən daxili siyasi kurs yeritməlidir.

Bunun üçün də ona çox güclü xarici dəstək lazım olacaq. Böyük ehtimal bu cür dəstək rəsmi Moskvadan gələcək.

Rusiya təbii olaraq Mərkəzi Asiya regionunu öz geosiyasi maraqlarının cəmləşdiyi bir bölgə olaraq görür.

Lakin İslam Kərimov öz hakimiyyəti dövründə Rusiya, ABŞ və Çin arasında manevrlər edərək kifayət qədər müstəqil xairici siyasət kursu yeridirdi.

Bundan əvvəl Özbəkistan Kollektiv Təhlükəsizlik Müqaviləsini tərk etmiş və Moskvanın yaratdığı Avrasiya İttifaqına üzv olmaqdan imtina etmişdi.

Həmçinin rəsmi Kremlin etirazlarına və təzyiqlərinə baxmayaraq, Kərimov Özbəkistan ərazisində Amerika hərbi bazasının yaradılması haqda göstəriş vermişdi.

Hərbi baza 2005-ci ildə bağlansa da, bu məsələ Moskva - Daşkənd münasibətlərində gərginlik yaratmışdı.

Daşkənddə yaranan siyasi vakum Rusiyaya bu bölgədə öz dayaqlarını daha da möhkəmləndirmək üçün əlverişli şərait yaradır.

Yeni ölkə başçısının da ölkə daxilində öz hakimiyyətini gücləndirmk istəməsi, Özbəkistanın yenidən Kremlin orbitinə düşmə ehtimalını da artırır.

Lakin bu, Özbəkistanın yenidən Kollektiv Təhlükəsizlik təşkilatına və ya Avrasiya İttifaqına üzv olacağı demək deyil.

Nə olsa da, Özbəkistan müstəqil xarici siyasət kursunu qurban verməyə hazır deyil. Moskva da öz növbəsində bu məsələdə daha da həssas davranaraq xüsusi təzyiq göstərməyəcək.

İslam faktoru

Bu mövzuda əsas strateji sual isə İslam Kərimovun vəfatının Mərkəzi Asiya regionuna necə təsir edəcəyidir.

Özbəkistanın coğrafi cəhətdən çox həssas bölgədə və problemli qonşularla həmsərhəd olması onun daxili stabiliyinə birbaşa təhlükə yaradır. Tacikistan, Əfqanıstan kimi təhlükəli qonşular buna misaldir.

Özbəkistanın özünün daxilində islamçı qruplaşmaların gizli də olsa fəaliyyətləri riski artıran əsas amildir.

Fərqanə bölgəsi bir qayda olaraq Özbəkistanın ən kasıb və eyni zamanda radikal islamçı ideologiyaların çox güclü olduğu bölgələrdən biri hesab edilir.

Hələ 1990-cı illərin əvvəllərində bu bölgədə baş verən dinc nümayişlərin ordu tərəfindən çox qəddarcasına yatırılması və eyni hadisənin 2005-ci ildə Əndicanda yenidən təkrarlanması yerli camaatın yaddaşlarından silinməyib.

Gözlənidiyi kimi, bu cür sərt tədbirlər Kərimov rejiminə qarşı fəaliyyət göstərən islamçıların daha da güclənməsinə səbəb oldu.

2016-cı ildə aparılan hesablamalara görə isə İŞİD sıralarında vuruşan özbəklərin sayı yüzlərlədir.

Özbəkistanın daxili təhlükəsizliyinə ən böyük başqa bir təhdid Əfqanıstan ərazisində məskunlaşan və özünü Özbəkistan İslam Ordusu adlandıran radikal islamçı dəstədir.

Bu təşkilat bir neçə il öncə Taliban hərəkatı ilə ittifaqda olmuş, 2014-cü ildə isə İŞİD-lə eyni ttifaqa daxil olmuşdu.

ÖİO və onun tərəfdarları hələ ki, Özbəkistanla birbaşa müharibə aparmaq iqtidarında olmasalar belə ölkədəki korrupsiya və özbaşınalıq onların tərəfdarlarının sayının get-gedə artmasına səbəb olur.

İslam faktoru Özbəkistanın əsas problemlərindən sadəcə biridir. Bundan başqa, etnik taciklərin rejim tərəfindən zorla assimilyasiya edilməsinə dair iddialar var.

Müxtəlif məlumatlara görə etnik taciklər ölkə əhalisinin 40-45% təşkil edirlər və onların daim təzyiq altında yaşamaları Özbəkistanı yaxın gələcəkdə daha böyük problemlə üz-üzə qoya bilər.

Ən pis halda isə Özbəkistanda baş verə biləcək siyasi destabilizasiya zəncirvari olaraq Qırğızıstan, Tacikistan və Qazaxıstana da mənfi təsirlərini göstərəcək.

Əlaqəli mövzular

Bu barədə daha geniş