Azərbaycanı nə gözləyir: burulğan, yoxsa dəyişiklik?

Tom De Waal
Image caption "Azərbaycan cəmiyyəti hakimiyyətin hiss etdiyindən daha sürətli dəyişir..." Tom De Waal təhlilində deyilir.

Nüfuzlu politoloq, Carnegie İnstitutunun araşdırmaçı-təhlilçisi Thomas de Waal Azərbaycan haqqında çoxsaylı məqalələrin və məşhur "Qara Bağ" kitabının müəllifidir.

Lakin bu dəfə o Azərbaycanın 25 illik müstəqilliyi dövründə keçdiyi yoldan və onu gözləyən gələcəkdən yazıb.

Carnegie Avropa İnstitutunun portalında dərc olunmuş məqalədə politoloq yazır:

"Azərbaycan cəmiyyəti hakimiyyətin hiss etdiyindən daha sürətli dəyişir..."

"Azərbaycan yeni tarixi fazaya daxil olub. Ölkə iqtisadiyyatını inkişaf etdirən, ölkənin dövlətçiliyini möhkəmləndirən, ona yeni beynəlxalq tanınma verən neft gəlhagəli başa çatıb. Ölkə liderləri indi bir onillik əvvəl olduğu qədər siyasi susqun olmayan cəmiyyətə nə isə təklif etmək üçün məhdud maliyyə resurslarına malikdir…Ölkə liderlərinin qarşısında duran baş dilemma iqtisadi liberallaşdırmanı siyasi liberallaşdırmaya getmədən canlandırmağı bacarıb-bacarmayacağıdır…" -yazır politoloq.

O bu qənaətdədir ki, hakimiyyət siyasi liberallaşdırmanın onun siyasi hakimiyyətinə ziyan vuracağından qorxur.

"Amma Azərbaycanın bütün elitası özündə hakimiyyət və idarə olunanlar arasındakı böyük uçurumun üstündən körpü salmaq üçün yumşaqlıq hissi tapa bilməsə, ölkənin siyasi burulğanlarla üzləşəcəyi az qala mütləqdir" - yazır Thomas de Waal.

Atasından daha sərt…

Politoloq qeyd edir ki, indi Azərbaycan 1991-ci ildə müstəqillik qazanandan bəri ən avtoritar durumundadır.

Azərbaycanın SSRİ-nin sonundan bəri tarixini dörd hissəyə ayıran təhlilçi yazır ki, dördüncü hissə təxminən İlham Əliyevin üçüncü prezidentlik müddəti ilə başlanıb.

Məqalədə deyilir ki, Ukraynadakı Maydan hadisələrindən və Yaxın Şərq inqilablarından xofa düşən gənc Əliyev fərqli düşüncə üzərinə DTK məktəbi keçmiş atasından daha sərt hücuma keçib.

Təhlilçi yazır ki, bu hücumlar REAL hərəkatının lideri İlqar Məmmədovun həbsxanaya salınması ilə başlanıb. Avropa Məhkəməsinin qərarına baxmayaraq qərbyönlü müxalifət lideri hələ də həbsxanadadır.

De Waal yazır ki, bununla paralel olaraq Azərbaycanın Qərbdən uzaqlaşması, Rusiyaya yaxınlaşması prosesi gedib, Azərbaycan Mərkəzi Asiya modelinə keçib.

Həmçinin oxu: Tom de Waal: "Azərbaycan Qərbli olmaq istəmir"

Məqalədə deyilir ki, Azərbaycan BTC neft kəməri istismara veriləndən, 2005-ci ildən bu yana nəhəng neft gəlirləri əldə edib, dünyada ən sürətli artıma malik iqtisadiyyata çevrilib. Bu müddətdə ölkənin beynəlxalq tanınması da baş verib. Azərbaycan 2011-ci ildə BMT Təhlükəsizlik Şurasının müddətli üzvü seçilib. SOCAR Türkiyədə ən böyük sərmayəçi olub.

Lakin siyasi sistemə "iynə ilə vurulan pulların" hesabatsızlığı korrupsiyanı artırıb, hökuməti ölkəni modernləşdirmək həvəsindən salıb.

Eurovision Mahnı Yarışı, Avropa Oyunları kimi əhəmiyyəti mübahisəli layihələrə nəhəng pullar xərclənib, amma sosial rifahı təmin edən sahələrə investisiya yatırılmayıb. 2013-cü ildə təhsil büdcənin yalnız 2, 7 faizini təşkil edib.

48 faizin ərzaq üçün pulu yoxdur

De de Waal yazır ki, neft gəlhagəli bum şəhəri Bakı ilə ölkənin qalan hissəsi arasında fərqi daha da böyüdüb.

Fotonun müəllifi Getty Images
Image caption De de Waal yazır ki, neft gəlhagəli bum şəhəri Bakı ilə ölkənin qalan hissəsi arasında fərqi daha da böyüdüb.

2000-ci illərdə mövcud olan yoxsulluq 50 faizdən 2013-cü ildə 5 faizə düşmüşdü, lakin işsizlik, xüsusilə də kənd yerlərində ictimai-iqtisadi problem olaraq qalır.

Caucasus Barometer adlı analitik mərkəzin hesablamasına görə əhalinin yalnız 12 faizinin maaşları 400 dollardan artıq olub.

Bu mərkəzin apardığı rəy sorğusundan bu da məlum olmuşdu ki, əhalinin 48 faizinin yemək və pal-paltar almağa pulu çatmır.

"Azərbaycanın göstəriciləri Ermənistan və Gürcüstanınkından azacıq yaxşı idi, halbuki bunların heç biri neft pullarının axınını yaşamamışdılar" - yazır politoloq.

Neft də, pul da tükənir

Məqalədə deyilir ki, indi isə neft qiymətlərinin kəskin düşdüyü şəraitdə hakimiyyət milli valyutanın dəyərini saxlamaq üçün milyonlarla dollar xərcləməli olur.

"2016-cı ilin sentyabrında Azərbaycanın ehtiyat fondlarında cəmi 4, 19 milyard dollar qalmışdı, halbuki 2014-cü ilin iyulunda bu rəqəm 15, 19 milyard dollar idi" - yazır təhlilçi.

De Waal bunu da vurğulayır ki, bütün bunlar ölkənin neft ehtiyatlarının azalmaqda olduğu bir vaxtda baş verir.

Məqalədə deyilir ki, bu müddətdə, əsasən Rusiyada olan azərbaycanlı miqrantların ailələrinə göndərdiyi pul baratlarının ümumi həcmi də on dəfə azalıb.

"Hazırkı meyllər davam edərsə, Azərbaycanın neft ehtiyatları iki onillik ərzində tükənəcək. 1994-cü ildən bəri ölkədə heç bir yeni yataq tapılmayıb" - yazır de Waal.

Politoloq yazır ki, hökumətin qaza olan ümidləri də doğrulmaya bilər, çünki gözləntilər həddən artıq şişirdilib.

Onun fikrincə, Azərbaycandan Avropaya nəql olunacaq qazın həcmi əhəmiyyətli səviyəyə 2030-cu ildən tez çatmayacaq. Üstəlik Azərbaycanın qaz ehtiyatının həcmi faydalı olsa da, İran, Rusiya və ya Türkmənistanın ehtiyatları ilə müqayisəyə gəlməyəcək dərəcədə azdır.

Məqalədə deyilir ki, ötən illərdə Türkmənistan qazını Azərbaycana gətirməli olan Transxəzər layihəsi gerçəkləşməyib və Aşqabad artıq qazın əsas hissəsini Çinə satır.

De Waal bu qənaətdədir ki, Azərbaycanı Cənub Dəhlizinin əsas komponenti edəcək qaz kəmərləri BTC qədər əhəmiyyətli olmayacaq, çünki qaz bazarındakı sıxlıq neft bazarında olduğundan qat-qat çoxdur.

Ya indi, ya heç vaxt

Politoloq yazır ki, siyasi sistem İlham Əliyevə atasından miras qalsa da, prezident üçün onu idarə etmək qat-qat çətindir.

Image caption Neft qiymətlərinin kəskin düşdüyü şəraitdə hakimiyyət milli valyutanın dəyərini saxlamaq üçün milyonlarla dollar xərcləməli olur.

Müəllif azərbaycanşünas Audrey Altstadtdan iqtibas gətirərək yazır ki, oğul Əliyev ali liderdən daha çox siyasi elita üçün birləşdirici qüvvə rolunu oynayır.

De Waal-ın qənaətinə görə, İlham Əliyev hakimiyyətdə özünü atasından daha zəif hiss etdiyindəndir ki, tənqidi səslərə qarşı Heydər Əliyevdən daha böyük sərtliklə hücumlar edir.

Məqalədə bu da qeyd olunur ki, ölkənin siyasi elitası - nazirlər və başqa fiqurlar illərdən bəridir dəyişmir. Politoloq güman edir ki, İlham Əliyev hətta ölkə daxilində qərarların qəbul edilməsində də daha az rola və məlumata malikdir.

Politoloq yazır ki, ölkəyə neft pullarının sürətli axını 2004-cü ildən bəri elitanın başqa üzvlərini də dövlətləndirməklə sistemin balansını dəyişib. Beləki indi yerliçilik əlaqələri biznes əlaqələri qədər həlledici rol oynamır.

De Waal qeyd edir ki, bütün bunlara baxmayaraq iqtisadi tənəzzül oliqarxları da zəif salıb və innən belə heç kəs toxunulmaz sayılmır.

"İtqisadi tənəzzül və enerji sektoru üçün çətin proqnozlar belə bir nəticəyə gətirib çıxarır ki, 2016-cı il elitanın "dərin iqtisadi islahatlara" başlaması üçün ya indi, ya da heç vaxt zamanıdır" - yazır politoloq.

Əlaqəli mövzular

Bu barədə daha geniş