Şimon Peres: İsrail siyasətinin sülhpərvəri

Şimon Peres Fotonun müəllifi AP
Image caption Şimon Peres Fələstin Muxtariyyətını tanıyan İsrail lideridir.

Şimon Peres İsrailin siyasət səhnəsində o qədər uzun müddətdə gözəçarpan fiqur olub ki, onsuz müasir İsrail dövlətinin tarixini təsəvvür etmək çətindir.

O İsrail dövlətində rəhbər vəzifələr tutub, dəfələlərlə İsrail parlamenti, Knessetin üzvü seçilib, nazir postlarında olub, iki dəfə baş nazirliyə yetişib və partiyasının ümumi seçkilərdə bir dəfə də qalib gələ bilməməsinə baxmayaraq 2007-ci ildə ölkənin prezidenti seçilib.

Şimon Peres 1923-cü ilin 2 avqustunda indiki Belarusun ərazisində olan Polşa kəndi Vişnevoda doğulub.

Syoma Permskinin (o vaxtlar Şimon Peresin adı belə idi) atası taxta-şalban satmaqla məşğul idi.

Peresin anası isə kitabxsanaçı və rus dili müəllimi kimi çalışırdı.

Şimon Peresin ABŞ-da dünyaya gəlmiş əmisi qızı Betty Joan Perske sonradan Hollivudun ən gözəl və parlaq ulduzlarından birinə çevrilmiş və özünə Lauren Bacall təxəllüsünü götürmüşdü.

Şimonun valideynləri dindar yəhudi olmasalar da, onun rahib olan ana babası gələcək İsrail siyasətçisini Tövrat, Təlmud və İsrail xalqının tarixi ilə tanış etmişdi. Tarixçilər Peresin dərindən dindar bir insan olmasını bununla əlaqələndirirlər.

1934-cü ildə ailə Britaniyanın mandatında olan Fələstinə səfər edib və orada məskunlaşıb.

Şimon Peresin özü danışırdı ki, rahib babası da daxil Vişnevodakı qalmış bütün qohumları Holokostda həlak olublar.

Sionizm hərəkatı

Fotonun müəllifi AP
Image caption Şimon Peres Osloda imzalanmış süıh sazişinə böyük töhfə vermişdi

Orta məktəbi qurtardıqdan sonra Şimon Ben-Şimendəki əmək məktəbində oxuyurdu və orada gələcək həyat yoldaşı, Ukraynadan mühacirət etmiş Sonya Gelmanla tanış olmuşdu. Əmək məktəbini bitirdikdən sonra Şimon bir neçə il fermer kimi fəaliyyət göstərmişdi.

Şimon Peres siyasətlə çox erkən yaşlarından məşğul olmuş və artıq 18 yaşında solçu sionist gənclərin "Xa-noar xa oved vex a lomed" (əməkçi və tələbə gənclər) təşkilatının lideri seçilmişdi. O sionist hərəkatının fəal üzvü idi.

1947-ci ildə İsrail dövlətinin banisi David Ben Qurion Şimon Peresi silah və avadanlığın alınması işlərinə məsul etmişdi.

Bu postda olarkən Şimon Peres Fransa ilə o vaxtların ən müasir təyyarəsi olan Miraj qırıcılarından iki ədədinin alınması barədə razılaşma əldə edə bilmişdi. O həmçinin Negev səhrasının dərinliklərində nüvə reaktorunun tikintisində aparıcı rol oynamışdı.

1959-cu ildə Peres sonralar Əmək partiyasına çevriləcək Mapay təşkilatından Knessetə üzv seçilmiş, müdafiə nazirinin müavini təyin olunmuşdu.

1965-ci ildə Peres təhqiqatına yenidən başlanmış "Süzanna əməliyyatına" görə istefa verməyə məcbur olmuşdu. Bu plana əsasən 1954-cü ildə təxribat məqsədilə Misirdəki Britaniya və Amerika müəssisələrində partlayışlar törətmək nəzərdə tutulmuşdu. Bu təxribatla günah misirlilərin üzərinə yıxılmalı və beləliklə də britaniyalıların öz qoşunlarını Sinay yarımadasından çıxarmasına imkan verilməməliydi.

İlkin təhqiqat zamanı şahidlərin ifadələrində çox sayda uyğunsuzluq vardı və Peres Ben Qurionla birlikdə Mapay partiyasından çıxaraq özlərinin yeni təşkilatını qurmaq qərarına gəlmişdilər.

1974-cü ildə Qolda Meir baş nazir vəzifəsindən gedəndə Peres onun postunu tutmağa cəhd göstərmiş, lakin İshaq Rabinə uduzmuşdu.

Gizli danışıqlar

Fotonun müəllifi AP
Image caption Peres Qərb sahilində ərazi güzəştlərinə tərəfdar idi

1977-ci ildə Haaretz qəzeti yazmışdı ki, Amerika banklarından birində baş nazir İshaq Rabinin arvadı Leyanın adına hesab açılıb. O vaxtlar İsraildə xarici banklarda hesabı olmaq yasaq idi. İshaq Rabin məsuliyyəti öz üzərinə götürmüş və Əmək partiyasının liderliyindən istefa etmişdi.

Lakin Konstitusiyaya görə o baş nazir postundan gedə bilməzdi. Beləliklə Rabinin rəqibi Peres Əmək partiyasının yeni lideri olmuşdu. O hakim koalisiyaya başçılıq etsə də, seçkidə Menahem Beginin başçılıq etdiyi Likud partiyasına məğlub olmuşdu.

Peres məğlubiyyət acısını daha beş dəfə çəkməli olmuşdu və beləliklə o hər dəfə baş nazir olmaqdansa, nazir postuna təyin edilirdi.

1992-ci il parlament seçkisinin ərəfəsindəndə Peres partiyadaxili səsvermədə özünün köhnə rəqibi İshaq Rabinə uduzmuşdu.

Rabinin kabinetində xarici işlər naziri olan Peres Yasir Ərəfat və onun Fələstinin Azadlığı Təşkilatı ilə gizli danışıqları aparırdı.

Bu danışıqlar 1993-cü ildə Osloda tarixi sülh sazişinin imzalanması ilə başa çatmışdı.

Bu sazişlə fələstinlilər ilk dəfə olaraq İsrail dövlətinin dinc və təhlükəsiz mövcudiyyətini qəbul etmişdilər.

Bundan bir il sonra Şimon Peres və Yasir Ərəfat Nobel mükafatına layiq görülmüşdülər.

1995-ci ildə İshaq Rabinin sui-qəsd nəticəsində öldürülməsindən sonra Peres qısa müddətdə baş nazir postunu tutmuşdu. Lakin 1996-cı ildə o Benyamin Netanyahunun rəhbərlik etdiyi Likud partiyasına bir daha məğlub olmuşdu.

Barışıq

2000-ci ildə Şimon Peresə mərasim postu olan president kürsüsünü tutmaq müyəssər olmamışdı. Bu posta Knessetdə keçirilmiş səsvermə ilə az tanınmış siyasətçi, Likud partiyasından Moşe Katsav seçilmişdi. Ona 63, Persə isə 57 səs verilmişdi.

Lakin Əmək Partiyasında Peresin xələfi Ehud Barak 2002-ci il seçkisində Şarona uduzduqdan sonra Peres partiyası ilə Likud arasında koalisiya quraraq xarici işlər naziri olmuşdu.

Fotonun müəllifi Reuters
Image caption Şimon Peres Benyamin Netanyahunun ideya opponenti idi

Peres bununla da Şarona Qəzza zolağındakı yəhudi məskənlərinin çıxarılmasına kömək etmişdi. Halbuki bu məskənlərin boşaldılmasına onun öz Likud partiyasının üzvləri etiraz edirdilər.

2005-ci ildə Peres Əmək Partiyasından çıxdığını elan etmiş və Şaronla birlikdə Kadima partiyasını qurmuşdu.

Şaron beyin qansızması keçirəndə hamı elə bilirdi ki, Kadimanın lideri Peres olacaq. Lakin buna partiyada çoxluq təşkil edən keçmiş likhudçular mane olmuşdular.

2007-ci ilin iyununda Peres prezident seçilsə də, dərhal Knessetdən istefa etdiyini bildirmişdi. Peres İsrail tarixində parlamentin ən uzun müddətdə üzvü olmuş siyasətçi idi.

Əvvəllər Qərb sahilində yəhudi məskənləri salınmasının qızğın tərəfdarı olan Peres sonralar İsrailin siyasi səhnəsində ən əsas sülhpərvərlərdən birinə çevrilmişdi.

O hesab edirdi ki, ərazilərə nəzarət məsələsində kompromisə ehtiyac var.

"Fələstinlilər bizim ən yaxın qonşularımızdır, - demişdi bir dəfə Peres, - Mən hesab edirəm ki, ki, onlar bizim ən yaxın dostlarımız ola bilərlər".

Bu barədə daha geniş